ABŞ-də dizel yanacağının orta satış qiyməti rekord göstəriciyə çataraq bir qallon (təqribən 3.8 litr) üçün 5.85 dollar təşkil edib.


Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.






Bildirilir ki, İranla yaşanan münaqişənin başlanğıcından etibarən dizel yanacağının dəyəri 55 faizdən çox bahalaşıb. "Goldman Sachs" təhlilçilərinin fikrincə, son altı ayda qlobal bazarda bütün əsas neft məhsullarının qiyməti xam neftlə müqayisədə daha kəskin artım nümayiş etdirib.


Qəzetin məlumatına əsasən, sentyabrın 4-də benzinin dəyəri bir qallon üçün orta hesabla 4.15 dollar olub ki, bu da Yaxın Şərq münaqişəsi başlayandan bəri təqribən 40 faizlik artım deməkdir. Bununla yanaşı, "Brent" markalı xam neftin qiyməti 30 faiz bahalaşaraq bir barel üçün 96 dollar səviyyəsinə yaxınlaşıb.


Materialda vurğulanır ki, yanacaq qiymətlərindəki bu sıçrayış ABŞ və İsrailin İrana endirdiyi zərbələr və Tehranın buna cavab olaraq dünya neft təchizatının təqribən 20 faizinin keçdiyi Hörmüz boğazını bloklamaq qərarından sonra müşahidə edilməyə başlanıb.


Qəzet bildirir ki, xam neft təchizatında yaranan fasilələr neft emalı zavodlarından da yan keçməyib: raket hücumları Yaxın Şərqdəki zavodlara zərər yetirib, Ukraynanın isə Rusiyadakı bəzi neft emalı komplekslərinə zərbələr endirməsi rəsmi Moskvanın sentyabrın sonunadək neft məhsullarının ixracını dayandırması ilə nəticələnib.


ING korporasiyasının xammal strategiyası üzrə rəhbəri Uorren Patterson hesab edir ki, mövcud məhdud emal gücləri şəraitində yalnız kəsilmiş təchizat zəncirinin bərpası bazarda ciddi rahatlama yarada bilər.


Həmçinin qeyd edilir ki, Yaxın Şərq münaqişəsi səngisə və xam neft ucuzlaşsa belə, yanacağın bahalı qiymətləri hələ də qorunub saxlanılacaq. Buna səbəb kimi neft bazarındakı vəziyyətin çətin, neft məhsulları bazarındakı vəziyyətin isə daha da böhranlı olması göstərilir.