“Bakı Metropoliteni”​ QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılacaq. Bununla bağlı Nazirlər Kabineti yeni qərar qərbul edib. Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərarın əsasən 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən qəbul olunub.


Şübhəsiz, “Bakı Metropoliteni”​ QSC-nin yeni stansiyasına “20 Sentyabr” adının verilməsi olduqca əlamətdardır. Bu, dövlətimizin, onun Prezidentinin hərb tariximizə, Silahlı Qüvvələrimizin 2023-cü ildə əldə etdiyi şanlı zəfərə və dövlət suverenliyimizin bərpasına olan ehtiramından xəbər verir. Bu fakt sübut edir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı və onun Prezidenti və Müzəffər Ali Baş Komandanı yaxın keçmişimizin böyük hərbi uğurlarını əbədiləşdirmək istiqamətində silsilə addımlar atmaqda, gənc nəslin, eləcə də gələcək nəsillərin qalib xalqın təmsilçiləri ruhunda tərbiyəsinə xüsusi diqqət yetirir.







2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal anti-terror əməliyyatı zamanı əldə edilən tarixi uğurların əbədiləşdrilməsi istiqamətində atılan addımlar, həm də bizə bu zəfəri bəxş edən şəhidlərimizə, veteranlarımıza olan əbədi sevgi və məhəbbətin təzahürüdür. Çünki hər bir hərbi zəfərin arxasında özünü bu qalibiyyətə fəda edən qəhrəmanlar, yarıda kəsilən ömürlər, əbədi ayrılıqlar, fiziki və psixoloji travmalar dayanır. Əslində həmin zəfərləri müqəddəs edən də məhz budur.


 “20 Sentyabr” metro stansiyası hər zaman xalqımızın və dövlətimizin  suverenliyimizə, eləcə də qəhrəmanlarımıza əbədi sevgi nümunəsi olaraq qalacaq, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi və zəfər tariximizin təbliği baxımından da mühüm rol oynayacaq.


Seymur ƏLİYEV