UEFA-nın Nizam-İntizam, Etika və Nəzarət Komitəsi Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" ilə Fransanın "Lion" komandaları arasında keçirilən oyundan sonra baş verən insidentlə bağlı qərar qəbul edib.


Moderator.az xəbər verir ki, İstanbul kollektivinin yarımmüdafiəçisi Matteo Genduzi 4, Liqa 1 təmsilçisinin qapıçılar üzrə məşqçisi Antonio Ferreyra isə 5 oyunluq diskvalifikasiya edilib.






Ferreyranın cəzasının 2 oyunu şərti xarakter daşıyır və onun üçün 1 illik sınaq müddəti müəyyənləşdirilib. "Fənərbağça"nın ingiltərəli vingeri Meyson Qrinvud isə 1 oyunluq şərti diskvalifikasiya olunub.


UEFA klublara və futbolçulara maliyyə cərimələri də tətbiq edib. "Lion" 108,5 min, "Fənərbağça" 95 min, Genduzi isə 30 min avro məbləğində cərimələnib.


Qeyd edək ki, insident avqustun 26-da keçirilən qarşılaşmadan sonra baş verib. 2:1 hesabı ilə qalib gələn "Fənərbağça" iki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.


Matçdan sonra Genduzi komandasının turnirin əsas mərhələsinə yüksəlməsini nümayişkaranə şəkildə qeyd edib və tribunadakı azarkeşləri təxribata çəkməyə çalışıb. Tamaşaçılardan biri meydana daxil olmağa cəhd göstərsə də, təhlükəsizlik əməkdaşları buna imkan verməyib.


Genduzi tunelə doğru gedərkən "Lion"un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra ona hücum edib. Bundan sonra komandaların üzvləri arasında kütləvi dava düşüb.