Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər müəyyən hallarda qan damarlarına əlavə yük yaradaraq ciddi fəsadlara səbəb ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə “Mirror” nəşri nevroloq Baibing Çenin açıqlamalarına istinadən məlumat yayıb.
Boyun hərəkətlərində ehtiyatlı olun
Nevroloqun sözlərinə görə, yoqa sağlamlıq üçün faydalı olsa da, boynun kəskin şəkildə bükülməsi, dartılması və qəfil hərəkət etdirilməsi nadir hallarda boyun arteriyalarının zədələnməsinə – arterial disseksiyaya səbəb ola bilər. Bu isə qan laxtasının yaranması və beyinə qan axınının pozulması riskini artıra bilər.
Ağırlıq qaldırarkən nəfəsi tutmayın
Digər risk ağır çəkilərlə məşq zamanı nəfəsin tutulmasıdır. Valsalva manevri adlanan bu vəziyyətdə qan təzyiqi kəskin yüksələ və beyin damarlarına əlavə yük düşə bilər.
Çen bildirib ki, praktikasında ağır fiziki gərginlikdən sonra beyin qanaması keçirən xəstələrlə qarşılaşıb. O, uyğun çəki seçməyi və məşq zamanı normal nəfəs almağı tövsiyə edir.
Enerji içkilərinə diqqət
Nevroloq enerji içkilərinin müntəzəm istifadəsinə də ehtiyatla yanaşmağı məsləhət görür. Yüksək miqdarda kofein və digər stimullaşdırıcı maddələr bəzi insanlarda ürək döyüntüsünə, qan təzyiqinə və damar tonusuna təsir göstərə bilər.
Mütəxəssis enerji içkilərindəki yüksək miqdarda bəzi B vitaminlərinin də həddindən artıq qəbulunun zərərli ola biləcəyini vurğulayıb.
Çen qeyd edib ki, bunlar yoqa, ağırlıq qaldırma və ya enerji içkisinin birbaşa insult yaratdığı anlamına gəlmir. Söhbət müəyyən şəraitdə riski artıra biləcək amillərdən gedir.
Bədənin bir tərəfində qəfil zəiflik və ya keyimə, nitq və görmə pozğunluğu, güclü başgicəllənmə və ya qəfil şiddətli baş ağrısı yaranarsa, təcili tibbi yardım çağırmaq lazımdır.