“Murad Adıgözəlzadənin xəstəliyini bilirdim, amma nə xəstəsi olduğunu bilmirdim. Özüm də görürdüm ki, çox arıqlayıb, “sınıxıb”. Allah kömək olsun, tezliklə ayağa qalxsın. Dövlətimiz sənətə, sənətkara böyük diqqət və qayğı göstərir. Sənətkarı yaşadan bu diqqətdir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ağaverdi Paşayev deyib.
O daha sonra əlavə edib:
“Mən dünən özüm də filarmoniyada olmuşam. Günün birinci yarısından orada idim. Uşaqlarla məşqimiz var idi. Bilirəm ki, 2 aya yaxındır ki, Murad Adıgözəlzadə işə gəlmir. Bütün işlərini hazırda direktor müavini görür. Amma filarmoniyada iş dayanmayıb və qaldığı yerdən davam edir. Onsuz da hələ ki, bir o qədər də böyük işlər yoxdur. Mövsüm bir az sonra başlayacaq” deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. Bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib.
“Əziz Murad!
Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.
Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.
Allah sənə güc, möhkəm cansağlığı və şəfa versin. Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik” deyə, paylaşımda qeyd edib.