ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətlə tanış olan mənbələr bildiriblər.
Müstəntiqlər Birləşmiş Qərargah Rəisləri Komitəsinin hərbi qulluqçularından və mülki əməkdaşlarından jurnalistlərə məxfi məlumat ötürüb-ötürmədiklərini, eləcə də ABŞ-nin sursat ehtiyatlarının azalması barədə məlumat bildirib-bildirmədiklərini soruşublar.
Poliqraf yoxlamaları avqust ayında, uzaqmənzilli raketlər daxil olmaqla, ən mühüm sursat ehtiyatlarının azalması barədə silsilə yazıların dərcindən sonra aparılıb.
Mənbələrin sözlərinə görə, genişmiqyaslı yoxlama təkcə mümkün sızıntı mənbələrini aşkara çıxarmağa deyil, həm də gələcəkdə bu cür məlumatları ötürə biləcək digər əməkdaşları qorxutmağa yönəlib.
Yoxlamanın nəticələri barədə məlumat verilməyib.