Vaşinqton rəhbərliyi xarici dövlət qulluqçularının övladlarına doğum faktına əsasən ABŞ vətəndaşlığının verilməsi prosesinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilmiş ABŞ Milli Təhlükəsizlik Xidmətinin xüsusi bildirişində qeyd olunub. Sənəddə vurğulanır ki, mövcud ölkə qanunvericiliyinə əsasən, Birləşmiş Ştatlarda xarici diplomatların övladları doğum hüququ ilə vətəndaşlıq əldə etmirlər, lakin onların ölkənin qanuni daimi sakini kimi qeydiyyata alınmaq hüququ var. Bildirişdə aydınlaşdırılır ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən avqustun 6-da imzalanmış icra fərmanına uyğun olaraq, təhlükəsizlik xidmətinin mövqeyinə görə, analoji qaydalar valideynlərindən ən azı biri "xarici dövlət qulluqçusu olan bütün uşaqlara da şamil edilməlidir. Burada söhbət doğulduğu zaman valideynlərindən heç biri ABŞ vətəndaşı olmayan uşaqlardan gedir.
Qurum dəqiqləşdirir ki, sözügedən fərmana əsasən, "xarici dövlət qulluqçuları" kateqoriyasına diplomatlarla yanaşı, xarici səfirlik və konsulluqların müxtəlif əməkdaşları, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri daxildir. Qeyd olunduğu kimi, xidmətin bu bildirişi sentyabrın 9-da rəsmi şəkildə dərc ediləcək.
Təhlükəsizlik xidməti hesab edir ki, bu cür normalar sentyabrın 4-dən etibarən qüvvəyə minməli idi. Bununla belə, idarə bildirir ki, hazırkı mərhələdə ABŞ vətəndaşlığının verilməsi prosedurunun dəyişdirilməsi istiqamətində heç bir addım atılmayacaq. Buna səbəb ABŞ-nin Merilend ştatının federal dairə məhkəməsinin sentyabrın 2-də Trampın adıçəkilən fərmanının icrasını müvəqqəti dayandırmaq barədə qərar qəbul etməsidir. Məhkəmə fərmanın ABŞ Ali Məhkəməsinin qərarına zidd olduğu qənaətinə gəlib. Ölkənin ali məhkəmə instansiyası iyun ayında Trampın doğum hüququna görə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdırmağa yönəlmiş digər bir fərmanını da Konstitusiyaya zidd hesab etmişdi.