Qarşıdan 20 Sentyabr – Dövlət Suverenliyi Günü gəlir.


Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, 3 il bundan öncə suverenliyimizin tam şəkildə bərpasını dövlətimizin tarixi uğurlarından biri kimi dəyərləndirib, mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:






“2023-cü il 19-20 sentyabr tarixlərində lokal anti-terror əməliyyatı nəticəsində suverenliyimizin tam şəkildə bərpa edilməsi, separatizmin son qalıqlarının da ləğvi Azərbayan dövlətinin tarixi uğurlarından biridir. 2020-ci ilin 8 Noyabr zəfərindən sonra bu, ikinci böyuk nailiyyətimiz oldu.


Dövlət suverenliyimizin tam şəkildə bərpası Azərbaycanın müstəqil bir dövlət kimi gücünü göstərdi. Bu fakt sübut etdi ki, Azərbaycan həqiqətən də öz müstəqilliyi və ərazi bütövlüyü ilə yanaşı, həm də suverenliyini qorumağa qadirdir.


2023-cü ilin 20 sentyabr əməliyyatı Azərbaycanın gələcək inkişafı baxımından da olduqca önəmli rola malikdir. Suverenliyimizin bərpası Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar  açdı. Bu yenilik dövlətimizə imkan verdi ki, respublikanın hər yerində olduğu kimi, separatizmin, qanunsuz silahlı birləşmələrin ləğv edildiyi ərazilərdə də böyük iqtisadi layihələr həyata keçirsin, xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması üçün bütün mümkün imkanlardan istifadə etsin.


Mən hər bir azərbaycanlını qarşıdan gələn Dövlət Suverenliyi Günü münasibətilə təbrik edir, dövlətimizə və xalqımıza uğurlar arzulayıram”.


Seymur ƏLİYEV