Məlum olduğu kimi, Şuşaya səfər edən yerli turistlər Cıdır düzündəki qayalara müxtəlif adlar yazıb, rəngli boyalarla bu qayların təbii görünüşünə xələl gətiriblər. Hansı ki, onların bu addımı ölkə ictimaiyyətinin haqlı qınağına səbəb olub, ciddi narazılıq və narahatlıq yaradıb. Baş verənlərə münasibət bildirən Şuşa Şəhəri Dövlət Qoruğu da vətəndaşları bir daha bu cür əməllərdən əl çəkməyə, tarixi abidələrə ziyan vurmaqdan çəkinməyə çağırıb.


Şübhəsiz, yerli turistlərin Şuşadakı qayalara özlərinin və ya doğmalarının adlarını həkk etməsi vandalizm aktıdır və məlum akt buna yol verən şəxslərin cəzalandırılmasını zəruri edir. Çünki bu, adi, sıradan bir vandalizm deyil. Bu, tarixə və təbiətə xəyanətdir. Bu, tarixin axarını və əzəmətini, təbiətin ahəngdarlığını və paklığını pozmaq cəhdidir. Şuşada baş verən vandalizm aktını qorxunc, təhlükəli edən ən mühüm amil də məhz budur.






Unutmamalıyıq ki, Şuşanı, onun tarix və təbiətini bənzərsiz edən ən mühüm amillərdən biri onun ilkinliyi, saflığı, əzəli toxunulmazlığıdır. Şuşa özü-özlüyündə Allahın Azərbaycana, dövlətimizin timsalında bütün dünyaya bəxş etdiyi ən böyük möcüzədir. Bu ilahi möcüzəyə müdaxilə etmək, onun saflığına, füsunkarlığına xələl gətirmək, onu saxtalaşırmaq, adiləşdirmək deməkdir. Bu, insanlıqla yanaşı, həm də Allaha qarşı üsyan, təbiətə qarşı qiyamdır.


Ümid edirik ki, bundan sonra hər bir Azərbaycan vətəndaşı tarixə və təbəiətə münasibətdə daha duyarlı və həssas davranacaq, Allahın bizə əmanət etdiyi möcüzəyə qəsd etməyəcək. Gün gələcək, Şuşa qayalarına adını yazanlar da anlayacaq ki, Şuşa qayalarını boyamağa, ona “rəng verməyə”, bu qayalarda “iz qoymağa” ehtiyac yoxdur. Bu qayalara lazımı rəngi Tanrı  verib və bu rəng əsrlər boyu təbiət tərəfindən müəmməl şəkildə cilalanıb. Odur ki, hansısa  qayanı boyamağa, hansısa ağaca nələrsə həkk etməyə ehtiyac yoxdur. Bizim tarix və təbiətə edə biləcəyimiz ən böyük “yaxşılıq” onu olduğu kimi qoruyub saxlamaq, dəyişdirməyə cəhd etməməkdir. Heç deyilsə, bundan sonra elə davranmalıyıq ki, özümüzü və özgələri bu “yaxşılığa” qadir olduğumuza inandıra bilək.


Seymur ƏLİYEV