“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
06 Sep 2026, 09:37 2 baxış 2 dəq oxuma
“Əgər müəllimlərin vahid forma geyinməsinə nail ola bilsək çox yaxşı olar. Qərar vermək asandır, onu həyata keçirmək çətindir. Əgər buna nail ola bilsək hərhalda təhsil sistemində nizam-intizamın, adət ən-ənənin bərpası istiqamətində müsbət irəliləyişlər ola bilər. Yaxşı haldır ki, belə qərar qəbul olunub. Mən əminəm ki, bu bizim təhsil sisteminə müsbət əhval-ruhiyyə gətirə bilər”.
Bunu Moderator.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinin kafedra müdiri, eks Təhsil Naziri Misir Mərdanov deyib.
O daha sonra təhsilin keyfiyyətinə mane olan nüansları açıqlayıb:
“Nizam-intizam möhkəm olarsa bu təhsilin keyfiyyətinə də təsir edə bilər. Ancaq kefiyyət bir az başqa məsələdir. Keyfiyyətin artması üçün ilk növbədə sayı artırmaq yox, keyfiyyəti düşünmək lazımdır. Bilmək lazımdır ki, artırdığın say harada oxuyacaq, keyfiyyətli təhsil almaq üçün həmin ali məktəbin imkanı varmı?! Bizim indi bəyənmədiyimiz Sovet ölkəsində belə bir qayda var idi ki, bir ali məktəbə yeni ixtisas vermək üçün Moskvadan komissiya gəlib yoxlayırdı ki, görək bu ali məktəbdə bu uşaqlara dərs deyəcək müəllim varmı?! Sinif otağı, labaratoriyanı yoxlayandan sonra həmin ali məktəbə o ixtisası verirdilər. Təəssüf ki, mən işləyən dövrdə də, ondan sonra da bu məsələlərə lazım olan ciddiyətlə əməl olunmadı. İndi də həmin qayda davam edir. Bir ali məktəbə 50 nəfər tələbə artırmaq üçün o ali məktəbin imkanı olmalıdır. Yoxsa ki, mən istədim, sən də verdin olmaz ki. Bu keyfiyyətə mənfi təsir göstərər”, - deyə Misir Mərdanov bildirib.