Kölndə yerləşən Alman Aerokosmik Mərkəzi (DLR) Avropa Kosmik Agentliyi (ESA) ilə birlikdə iki fərqli elmi araşdırma üçün iştirakçı axtarır.
Ölkə.az xəbər verir ki, birinci tədqiqat 2026-cı ilin yazında başlayacaq 100 günlük təcrid (izolyasiya) eksperimenti olacaq. Altı nəfər süni şəkildə yaradılmış kosmik stansiyanı xatırladan məkanda tamamilə xarici dünyadan təcrid olunmuş şəkildə yaşayacaq. Məqsəd uzunmüddətli kosmik missiyalarda astronavtların fiziki və psixoloji dözümlülüyünü ölçməkdir. Bu proqramda iştirak edən könüllülərə 23 min avro ödənəcək.
İkinci layihə isə 60 gün davam edəcək “yataq istirahəti” təcrübəsidir. Könüllülər günlərini baş tərəfi bir qədər aşağı maili xüsusi çarpayılarda keçirəcək və bununla ağırlıqsızlığın insan bədəni üzərindəki təsiri simulyasiya olunacaq. Ümumilikdə 88 gün davam edən bu araşdırmada iştirakçılara 18 min avro ödəniş nəzərdə tutulur. Alimlər bununla kosmosda çəkisizlik şəraitinin orqanizmə mənfi təsirlərini daha yaxşı anlamağı hədəfləyir.
Hər iki təcrübə üçün namizədlərin sağlam, yaxşı fiziki durumda və yaxşı səviyyədə ingilis dili bilən şəxslər olması tələb olunur. Müraciətlər 12 dekabr tarixinədək qəbul edilir.
Həmidə İbrahimova
Etiketlər:
alman aerokosmik mərkəzi
Bizim Instagram səhifəmizə abunə olun