Moderator.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı  “Addım-addım Vətəndə” layihəsi çərçivəsində  Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə  tamaşa və tədbirlər keçirir. Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin dördüncü səfəri dekabrın 16-da Ağdam Dövlət Dram Teatrı  ilə birgə Quzanlı qəsəbəsində həyata keçirilib. Öncə Azərbaycan Respublikasịnın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra   aparıcılar Ağdam Dövlət Dram Teatrının aktyoru Anar Əhməd və  Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev cıxış edərək,  hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat veriblər.