Milli Teatrımızda ilk əvvəllər qadının səhnəyə çıxması, onun filmlərdə çəkilməsi müşkül məsələyə çevrilmişdi. Məhz bu səbəbə görə də teatrımızda və kinoda qadın obrazlarını kişilər ifa edirdi. “Leyli və Məcnun” tamaşasında Leyli obrazını aktyor Əhməd Ağdamksi ifa edib. Amma teatrlarımızda kişi obrazlarını qadınların ifa etməsi faktına da rast gəlirik. Bəs görəsən bu hansı zərurətdən yaranıb?
Tanınmış aktrisa Məsumə Babayeva Moderator.az-a açıqlamasında teatr səhnəsinə məhz travesti obrazlarla gəldiyini deyir.
“Mən 40-45 yaşıma qədər travesti rollarında çıxış etmişəm. Almaz Mustafayeva ilə mən “Nəsrəddin” tamaşasında Əliş və Vəliş oğlan rollarını oynamışıq. Onunla çox tərəf müqabili olmuşuq. Almazla mən uzun müddət travesti, uşaq rollarında oynadıq, sonra qız, daha sonra isə qadın rollarına keçdik. Təsəvvür edin ki, Gənc Tamaşaçılar teatrında repertuar travestilərin çiynində idi. İncəsənət həqiqətən də qurban tələb edirdi. Bir qadın kimi bu tamaşalarda manikür edib, gözəl görünə bilməzdik. Hər şeydən məhrum idik. Teatrda bizdən başqa qadın rollarını xalq artistləri Əminə Yusifqızı və Solmaz Qurbanova da oynayıb” deyə o bildirib.