Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Azərbaycan-Ermənistan sərhədində yenidən fəallaşıb. Erməni mediasının yazdığına görə, Aİ-nin Monitorinq Missiyası regionda patrul xidməti davam edir. Guya bununla da sülh və sabitlik qorunur.



“Çətin hava şəraitinə baxmayaraq, Ermənistandakı Aİ Missiyasının müşahidəçiləri 24/7 patrul xidmətini davam etdirərək bölgədə sülh və sabitliyə töhfə verirlər”. Bu barədə Aİ-nin Ermənistandakı missiyasının X-in mikrobloqundakı paylaşımda qeyd edilib.







Prezident İlham Əliyev də bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında Azərbaycanla Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Məlumdur ki, həmin “missiya” sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir və təxribatlar törədir. Azərbaycanı haqlı olaraq narazı salan hal ondan ibarətdir ki, Aİ missiyası Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir, tərkibi genişlənir. Ermənistan isə hələ də anlamır ki, bu missiyanın fəaliyyəti sülh prosesinə zərər verir. Üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir. Missiyanın 2027-ci il fevralın 19-dək regionda qalması Ermənistana heç nə qazandırmayacaq.