ABŞ Prezidenti Donald Tramp Rusiyanın İrkutsk vilayətində 28 yaşlı laboratoriya əməkdaşının ölümündən sonra yaranan vəba şübhəsi ilə bağlı açıqlama verib və Vaşinqtonun Rusiyaya yardım göstərməyə hazır olduğunu bildirib.
Moderator.az xəbər verir ki, bu barədə “MAGNO NEWS” nəşri məlumat yayıb.
Tramp jurnalistlərin suallarını cavablandırarkən Rusiyadakı vəziyyəti diqqətlə izlədiklərini deyib. O, xəstəlik törədən mikrobların və bakteriyaların zamanla daha davamlı hala gəldiyini bildirib.
“Biz bu vəziyyətə ciddi şəkildə baxırıq. Bu cür problemlə üzləşən hər kəsə kömək etməyə hazırıq. Rusiyaya kömək edəcəyik”, - deyə Tramp bildirib.
İrkutskda nə baş verib?
İrkutsk vilayətinin Şelexov şəhərindəki xəstəxanada 28 yaşlı laboratoriya əməkdaşı vəfat edib. O, İrkutsk Taunla Mübarizə Elmi-Tədqiqat İnstitutunda çalışıb.
Rusiya səhiyyə qurumları ölüm səbəbini “naməlum mənşəli pnevmoniya” kimi açıqlayıb və vəba diaqnozunu təsdiqləməyib. Bununla belə, yerli məlumatlarda onun pnevmonik vəbaya yoluxmuş ola biləcəyi barədə iddialar yayılıb.
Hadisədən sonra xəstəxanada karantin tədbirləri görülüb, mərhumla təmasda olan təxminən 200 nəfər tibbi müşahidəyə götürülüb. Hazırda yeni vəba yoluxması təsdiqlənməyib.
Pnevmonik vəba nə qədər təhlükəlidir?
Pnevmonik vəba vəbanın ən ağır formalarından biridir. Xəstəlik ağciyərləri zədələyir və yoluxmuş şəxsin tənəffüs damcıları vasitəsilə insandan insana keçə bilər.
Lakin xəstəlik erkən aşkarlanarsa, antibiotiklərlə müalicə edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının ilkin qiymətləndirməsinə görə, hazırkı vəziyyət fonunda ümumi əhali üçün ictimai sağlamlıq riski aşağı görünür.