“Azərbaycan rəhbərliyi layihəni qanuni beynəlxalq tranzit marşrutu kimi inkişaf etdirə bilər, lakin onun ABŞ və Avropa sanksiyalarından yayınmaq və ya hərbi təyinatlı yüklərin daşınması üçün istifadə edilməməsinə xüsusi diqqət yetirməli olacaq…”
Son illər Azərbaycanın adı Avrasiyanın əsas nəqliyyat layihələrindən biri olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə getdikcə daha çox hallanır. Rusiya üçün Ukrayna müharibəsi və Qərb sanksiyalarından sonra bu marşrutun əhəmiyyəti kəskin artıb. İran üçün layihə ölkənin Rusiya, Hindistan və digər Asiya bazarlarına çıxış imkanlarını genişləndirir. Azərbaycan isə bu dəhlizin öz ərazisindən keçən qərb qolunun əsas tranzit həlqəsinə çevrilir. ABŞ və Avropada isə layihəyə daha çox sanksiyalardan yan keçmə və Rusiyanın yeni logistika şəbəkəsi yaratması prizmasından yanaşan təhlillər var.
Bəs bütün bunların fonunda “Şimal-Cənub” dəhlizi, bəzi siyasi şərhçilərin dediyi kimi, həqiqətən Azərbaycanı iqtisadi baxımdan “çiçəkləndirə” bilərmi?..
(I hissə burada: )
İran, Rusiya, Türkiyə və Çin layihədən fərqli gözləntilərlə çıxış edir. ABŞ və Avropa isə Azərbaycanı həm mühüm tranzit tərəfdaş, həm də Rusiya-İran sanksiyalarının mümkün kəsişmə nöqtəsi kimi görür.
İran bu layihəyə niyə bu qədər maraq göstərir?..
İran üçün “Şimal-Cənub” sadəcə tranzit layihəsi deyil. Tehran bu marşrut vasitəsilə Rusiya və Şimali Avropa ilə daha sürətli quru bağlantısı əldə etmək, Hindistan və digər Asiya bazarlarına çıxışı genişləndirmək və ölkəni Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevirmək istəyir.
Rusiya ilə İran arasında 2023-cü ildə Rəşt–Astara xətti barədə imzalanan razılaşma da məhz bu məqsədə xidmət edir. 162 kilometrlik xətt İran ərazisində yerləşir və qərb qolunun ən mühüm çatışmayan hissəsidir.
2026-cı il iyulun 17-də Sergey Lavrov açıqlayıb ki, İran Rusiya tərəfinə Rəşt–Astara layihəsi üçün torpaqların ayrılması prosesinin başa çatdığını bildirib. Rusiya, Azərbaycan və İran dəmir yolu qurumlarının rəhbərləri də praktiki işlərin başlanması məsələsini müzakirə ediblər. Bu, layihənin uzun illər davam edən “kağız üzərindəki” mərhələdən real tikinti mərhələsinə keçməsi baxımından mühüm addım sayıla bilər.
Lakin bir məqam dəyişmir: Rusiya maliyyə ayırmağa hazır olsa da, xəttin tikintisi İran ərazisində həyata keçirilməlidir.
Şahin Mustafayevin İran səfərləri nə göstərir?..
Azərbaycan da İranla bu məsələdə birbaşa işləyir. Baş nazirin müavini Şahin Mustafayevin İranla təmaslarında nəqliyyat və tranzit məsələləri mühüm yer tutur. Azərbaycan tərəfi İran ərazisindəki marşrutların, o cümlədən “Şimal-Cənub”un inkişafında maraqlıdır.
Bu siyasət təsadüfi deyil. Azərbaycan üçün Rəşt–Astara xəttinin tamamlanması öz ərazisində artıq qurulmuş infrastrukturun tam gücü ilə işləməsi deməkdir. Yəni Bakı üçün əsas məsələ Rusiya ilə İranın hansı siyasi ittifaq qurması deyil; əsas məsələ onların arasında yük axınının Azərbaycan üzərindən sabit və qanuni şəkildə keçməsidir.
Hindistanın təşəbbüskarlarından biri olduğu bu dəhlizlər bağlı real mövqeyi nədir?..
Hindistan “Şimal-Cənub”un əsas təşəbbüskar və potensial benefisiarlarından biridir və İranın Çabahar limanı vasitəsilə Rusiyaya və Avropaya çıxış imkanını strateji baxımdan vacib hesab edir. Lakin Dehli ABŞ sanksiyalarını da nəzərə alır və buna görə layihədə iştirakını İranla bağlı sanksiya risklərini minimuma endirəcək mexanizmlərlə qurmağa çalışır. Hindistan üçün “Şimal-Cənub” vacib alternativ marşrutdur, lakin hazırkı mərhələdə onu ABŞ-la strateji münasibətlərindən üstün tutmaq niyyətində olduğuna dair əsas yoxdur. Bu səbəbdən Hindistanın layihəyə marağı yüksək, lakin iştirakı ehtiyatlı və praqmatikdir. :::
Türkiyənin mövqeyi: rəqib, yoxsa əlavə imkan?..
Türkiyə “Şimal-Cənub” layihəsinin əsas iştirakçılarından biridir və layihəyə prinsip etibarilə müsbət yanaşır. Türkiyə Xarici İşlər Nazirliyi “Şimal-Cənub”u regional nəqliyyat bağlantılarından biri kimi təqdim edir və dəhlizin üç əsas istiqamətindən qərb qolunun Azərbaycan üzərindən keçdiyini qeyd edir. Türkiyə üçün bu marşrutun əhəmiyyətli üstünlüyü hazır infrastruktura malik olmasıdır.
Ankaranın əsas strateji marağı isə Şərq-Qərb – yəni Orta Dəhliz istiqamətindədir. Bu, “Şimal-Cənub”la rəqabət demək deyil. Əksinə, Azərbaycan hər iki istiqamətin kəsişdiyi əsas ölkələrdən biridir. İlham Əliyev də son çıxışlarında Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin mərkəzində yerləşdiyini vurğulayır. Prezident 2025-ci ildə Azərbaycanın bu iki istiqamətdə “körpü” rolunu xüsusi qeyd edib.
Daha maraqlı məqam isə Zəngəzur bağlantısının gələcəkdə “Şimal-Cənub” üçün əlavə qol yarada bilməsidir.
Əliyev “Əl- Ərıbiyə” kanalına müsahibəsində bildirib ki, Zəngəzur istiqaməti açıldıqdan sonra Rusiya–Azərbaycan–Ermənistan–Naxçıvan–İran marşrutu “Şimal-Cənub” üçün ikinci istiqamətə çevrilə bilər. Onun fikrincə, bu, əsas marşrutun rəqibi deyil, əlavə imkan olacaq. Bu, Azərbaycan üçün çox mühüm strateji üstünlükdür: gələcəkdə ölkə tək bir tranzit xəttindən asılı qalmaya bilər...
Çin layihəyə necə baxır?..
Çinin “Şimal-Cənub”a marağı əsasən daha geniş Avrasiya bağlantısı siyasəti ilə bağlıdır. Pekin üçün Azərbaycanın əhəmiyyəti xüsusilə “Orta Dəhliz”də böyükdür. Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə–Avropa xətti son illərdə sürətlə inkişaf edir.
Avropa Komissiyasının məlumatına görə, 2022-ci ildən “Transxəzər” marşrutu üzrə ticarət dörd dəfəyə qədər artıb və düzgün investisiyalarla 2030-cu ilədək daha da genişlənə bilər. Bu baxımdan Pekin üçün “Şimal-Cənub” və “Orta Dəhliz” bir-birini mütləq şəkildə istisna etmir. Əksinə, Azərbaycanın bir neçə istiqaməti birləşdirən logistika qovşağına çevrilməsi Çin üçün də əlverişlidir.
Azərbaycanın 2025-ci ilin oktyabrında Çinlə “Orta Dəhliz” üzrə əməkdaşlığı genişləndirməsi və Pekinlə nəqliyyat-logistika sahəsində strateji tərəfdaşlığı dərinləşdirməsi də bunu göstərir.
Deməli, Bakı üçün ən düzgün strategiya “Şimal-Cənub, yoxsa Orta Dəhliz?” seçimi deyil…
ABŞ və Avropanın “Şimal-Cənub”la bağlı əsas narahatlığı nədəndir?..
Məsələnin ən həssas hissəsi budur. ABŞ və Avropa Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edir. İran da uzun illərdir ABŞ sanksiyalarının hədəfindədir. “Şimal-Cənub” isə məhz Rusiya və İranı Hindistan və Fars körfəzi ilə birləşdirir. ABŞ-dakı “CSIS” (“Center for Strategic and International Studies (“Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi”) nüfuzlu qeyri-kommersiya beyin mərkəzi analitiklərinin 2026-cı il araşdırmasında açıq şəkildə qeyd olunur ki, Moskvanın layihəyə marağı 2022-ci ildən – Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanması və Qərb sanksiyalarının Rusiyanın təchizat zəncirlərinə təsirindən sonra – ciddi şəkildə artıb. Tədqiqatçılar layihəni Rusiyanın Qərbdən asılı olmayan ticarət və logistika əlaqələri yaratmaq səylərinin bir hissəsi kimi qiymətləndirirlər. Bu o demək deyil ki, “Şimal-Cənub” bütövlükdə sanksiyalardan yayınma layihəsidir. Lakin onun Rusiyaya Qərb marşrutlarından kənarda yeni ticarət imkanları yaratması danılmazdır. Məhz buna görə Azərbaycan üçün məsələ həssasdır...
Bakı layihəni qanuni beynəlxalq tranzit marşrutu kimi inkişaf etdirə bilər, lakin onun ABŞ və Avropa sanksiyalarından yayınmaq və ya hərbi təyinatlı yüklərin daşınması üçün istifadə edilməməsinə xüsusi diqqət yetirməli olacaq…
ABŞ-ın 2026-cı ildə İrana qarşı dəmir yolu və logistika sektorlarını da əhatə edən yeni sanksiyalar tətbiq etməsi bu riskin nəzəri olmadığını göstərir...
Rusiya ilə bağlı maliyyə mexanizmlərinə qarşı ABŞ tədbirləri də davam edir. Oktyabrın 1-də Vaşinqton Rusiyanın “A7” maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edərək onun İranın sanksiyalardan yayınmasına kömək etdiyini iddia edib.
Azərbaycan üçün dərs aydındır: tranzit qazancını artırmaq olar, amma sanksiyalı maliyyə və yük zəncirlərinin bir hissəsinə çevrilmək olmaz…
Avropa Azərbaycanı necə görür?..
Avropa İttifaqının yanaşması maraqlıdır. Brüssel 2026-cı ildə Azərbaycanla “Global Gateway” çərçivəsində nəqliyyat və bağlantı əməkdaşlığını genişləndirib. Aİ Azərbaycanı Avropa ilə Mərkəzi Asiya arasında alternativ, dayanıqlı və şaxələndirilmiş marşrutların mühüm tərəfdaşı kimi qiymətləndirir. Bu, dolayısı ilə Azərbaycanın tranzit əhəmiyyətinin Rusiyadan asılı olmadığını da göstərir. Əksinə, Bakı üçün ən böyük üstünlük eyni coğrafi mövqedən müxtəlif istiqamətlərdə istifadə edə bilməsidir.
Rusiya üçün “Şimal-Cənub”, Avropa üçün “Orta Dəhliz”, Türkiyə üçün hər iki istiqamət, Çin üçün Avrasiya bağlantıları – bunların hamısının Azərbaycan ərazisində kəsişməsi Bakının geo-iqtisadi əhəmiyyətini artırır…
Ukrayna müharibəsi “Şimal-Cənub”u niyə sürətləndirdi?..
Əsl dönüş nöqtəsi 2022-ci il oldu. Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonra Avropa-Rusiya ticarət əlaqələrinin böyük hissəsi sanksiyalar və siyasi məhdudiyyətlərlə üzləşdi. Moskva bunun fonunda Asiya istiqamətində yeni yollar axtarmağa başladı. Hindistan və İranla ticarətin genişləndirilməsi, Xəzər üzərindən bağlantıların artırılması və “Şimal-Cənub”un inkişafı bu siyasətin bir hissəsinə çevrildi. “CSIS” bunu Rusiyanın Qərbdən kənar logistika sistemləri qurmaq cəhdi kimi qiymətləndirir.
Rusiya üçün bu marşrutun strateji əhəmiyyəti burada başlayır. Moskva yalnız Azərbaycandan keçən tranzit xətti yaratmır. O, Şimal-Qərbi Avropadan asılı olmayan yeni ticarət coğrafiyası qurmağa çalışır.
İran müharibəsi marşrutu daha da aktuallaşdırdı...
2026-cı ildə İran və Hörmüz ətrafında yaranmış hərbi böhran “Şimal-Cənub”un başqa bir üstünlüyünü gündəmə gətirib: alternativ quru marşrut...
“Əl-Cəzirə”-nin təhlilində “Şimal-Cənub” Rusiya-İran ticarəti üçün Hörmüz boğazındakı böhranın yaratdığı problemlər fonunda qismən alternativ “həyat xətti” kimi qiymətləndirilir. Lakin həmin təhlildə də vurğulanır ki, Azərbaycanın qərb qolundakı marşrut üçün Rəşt–Astara dəmir yolunun tamamlanması vacibdir.
Yəni İran müharibəsi layihəni həm aktuallaşdırır, həm də onun risklərini göstərir...
Əgər İran ərazisində təhlükəsizlik problemi yaranırsa, Azərbaycanın sərhədindəki tranzit marşrutun da təsirlənməsi mümkündür.
Putin–Tramp xətti: “Şimal-Cənub” və Zəngəzur dəhlizi bir-birinə rəqibdir?..
Putinin “Şimal-Cənub”a münasibəti ilə Tramp administrasiyasının Zəngəzurdan keçəcək TRIPP layihəsinə yanaşması arasında həm rəqabət, həm də müəyyən tamamlayıcılıq ehtimalı var. Rusiya üçün Zəngəzur marşrutunun əsas üstünlüyü onun Türkiyə və Azərbaycan vasitəsilə Cənubi Qafqazda yeni bağlantı yaratmasıdır, lakin Moskva bu xəttin öz regional təsirindən kənarda formalaşmasını istəmir. ABŞ-ın TRIPP təşəbbüsü isə əksinə, Zəngəzur istiqamətini Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlantısını gücləndirən marşrut kimi görür. Bu səbəbdən Moskva ilə Vaşinqtonun layihəyə geo-siyasi baxışları arasında ziddiyyət yaranır...
Lakin logistika baxımından bu iki dəhliz bir-birini tamamilə istisna etmir. Əksinə, Zəngəzur xətti Azərbaycanın İran və Naxçıvan istiqamətində əlavə bağlantılar yaratmasına, “Şimal-Cənub”un isə Hindistan–İran–Azərbaycan–Rusiya xəttinin genişlənməsinə imkan verə bilər. Əgər gələcəkdə Zəngəzur üzərindən Azərbaycan–Naxçıvan–İran bağlantısı qurularsa, “Şimal-Cənub”un alternativ marşrutu da yarana bilər. Deməli, siyasi səviyyədə rəqabət olsa da, Azərbaycan baxımından hər iki layihənin paralel inkişafı ölkənin tranzit əhəmiyyətini artıra bilər. Əsas şərt Bakının bu marşrutlardan hər hansı birinin digərinə qarşı siyasi blokun alətinə çevrilməsinə imkan verməməsidir…
Bəs Azərbaycan nə qədər qazanacaq?..
İndi əsas suala gələk: “Şimal-Cənub” Azərbaycana real iqtisadi gəlir gətirə bilərmi?
Bəli, gətirə bilər... Amma “Azərbaycanı çiçəkləndirəcək” demək üçün hələ əsas yoxdur.
Birincisi, tranzit gəlirləri artacaq.
İkincisi, dəmir yolu, avtomobil yolları, terminallar, anbarlar və logistika xidmətləri inkişaf edəcək.
Üçüncüsü, Azərbaycan ərazisində gömrük, sığorta, ekspeditor, texniki xidmət və digər əlavə xidmətlərə tələbat yüksələcək.
Dördüncüsü, Bakı və Ələt kimi logistika mərkəzlərinin əhəmiyyəti arta bilər.
Beşincisi, Azərbaycan Rusiya, İran, Hindistan və digər bazarlarla ticarət əlaqələrini genişləndirə bilər.
Azərbaycanın rəsmi rəqəmləri artıq müəyyən dinamikanı göstərir.
2025-ci ildə “Şimal-Cənub” dəhlizi ilə Azərbaycan ərazisindən 9,289 milyon ton yük daşınıb. 2026-cı ilin ilk altı ayında bu göstərici 4,5593 milyon ton olub. 2026-cı ilin ilk yeddi ayında isə Azərbaycan ərazisindən ümumi tranzit yükdaşımaların həcmi 9,1 milyon tonu keçib. “Şimal-Cənub” istiqamətində artım 14,3 faiz təşkil edib.
Bunlar müsbət göstəricilərdir. Lakin tranzit yükün özü hələ iqtisadi inkişaf demək deyil.
Azərbaycanın əsas qazancı nədən olmalıdır?..
Əsl qazanc vaqonun və ya yük maşınının Azərbaycandan keçməsindən yox, yükün Azərbaycanda yaratdığı əlavə dəyərdən gəlməlidir. Məsələn, yük Azərbaycanda:
saxlanılırsa;
çeşidlənirsə;
qablaşdırılırsa;
sığortalanırsa;
maliyyələşdirilirsə;
emal olunursa;
yenidən ixrac edilirsə;
onda tranzit sadəcə yol haqqından daha böyük iqtisadi nəticə yaradır...
Əks halda Azərbaycan yalnız “keçid ərazisi” funksiyasını yerinə yetirəcək.
Bu isə “çiçəklənmə” deyil, tranzit xidmətidir...
Azərbaycanın hazırkı strategiyasının müsbət tərəfi də məhz logistika infrastrukturunu genişləndirməsidir. Aİ də Bakı ilə əməkdaşlıqda rəqəmsallaşma, nəqliyyat, logistika və regional bağlantını iqtisadi diversifikasiya ilə əlaqələndirir.
Ən böyük təhlükə: Azərbaycan ABŞ və Avropanın Rusiya-İran sanksiyalarının arasında qala bilərmi?..
Bəli, bu risk mövcuddur. Amma riskin adı “Şimal-Cənub” deyil. Risk konkret şirkətlərin, bankların, yüklərin və maliyyə əməliyyatlarının sanksiya rejiminə düşməsidir. ABŞ-ın 2026-cı ilin oktyabrında İranın dəmir yolu sektoruna qarşı yeni sanksiyalar tətbiq etməsi bunu daha da aktuallaşdırıb. Bu baxımdan Azərbaycan üçün ən doğru siyasət layihədən imtina etmək deyil. Əksinə, şəffaf tranzit mexanizmləri yaratmaq, yüklərin mənşəyini və təyinatını yoxlamaq, bank əməliyyatlarında beynəlxalq uyğunluq qaydalarını qorumaq və sanksiyaya məruz qalan subyektlərlə bağlı riskləri ayrıca idarə etməkdir. Belə olduqda Bakı həm Moskva və Tehranla iqtisadi əməkdaşlığı davam etdirə, həm də Qərblə maliyyə və ticarət əlaqələrini riskə atmamaq üçün daha çox imkan əldə edə bilər…
Rusiyanın qazancı daha böyükdür…
Burada məsələni açıq qoymaq lazımdır. “Şimal-Cənub” Azərbaycan üçün iqtisadi layihədirsə, Rusiya üçün həm iqtisadi, həm də geo-siyasi layihədir.
Moskva:
Hindistan bazarına çıxışı genişləndirir;
İranla ticarət bağlantısını gücləndirir;
Avropa marşrutlarından asılılığını azaldır;
Qərb sanksiyalarından sonra alternativ logistika yaradır;
Xəzərin strateji əhəmiyyətini artırır;
Asiya və “Qlobal Cənub” bazarlarına çıxışını genişləndirir.
“CSIS”-in 2026-cı il araşdırması da layihəyə Rusiyanın marağının 2022-ci ildən sonra kəskin artmasını məhz bu səbəblərlə əlaqələndirir.
Bu, Azərbaycanın maraqlarına zidd deyil. Əksinə, müəyyən mənada Azərbaycanın mövqeyini gücləndirir. Çünki Rusiya marşruta ehtiyac duyduqca Azərbaycanın tranzit imkanlarına da ehtiyac duyur.
Azərbaycan bundan necə istifadə edə bilər?..
Bakı üçün ən ağıllı model bir ölkənin layihəsinə bağlanmaq deyil, öz coğrafiyasını müxtəlif güclərin ehtiyaclarının kəsişmə nöqtəsinə çevirməkdir.
Rusiya üçün – Şimal-Cənub, İran üçün – Rusiya və Avrasiya bazarlarına çıxış, Hindistan üçün – Rusiya və Avropaya alternativ marşrut, Çin üçün – Mərkəzi Dəhliz və Avrasiya logistikasının şaxələndirilməsi,
Türkiyə üçün – Şərq-Qərb və Şimal-Cənub bağlantılarının kəsişməsi, Avropa üçün – Rusiyadan yan keçən Mərkəzi Dəhliz…
Bu mənada Azərbaycanın ən böyük üstünlüyü bir dəhlizin iştirakçısı olması deyil, bir neçə dəhlizin qovşağında yerləşməsidir.
Prezident İlham Əliyevin 2026-cı ildə İslam İnkişaf Bankının Bakıdakı toplantısında çıxışında da məhz bu yanaşma görünür: o, Azərbaycanı coğrafiyasını infrastrukturla birləşdirərək beynəlxalq nəqliyyat qovşağına çevirməyə çalışdıqlarını və Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin ölkə ərazisindən keçdiyini vurğulayıb.
Ukrayna məsələsində siyasi paradoks…
Bununla belə, layihənin siyasi tərəfi də unudulmamalıdır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Rusiya ilə isə “müttəfiqlik qarşılıqlı fəaliyyəti” haqqında sənəd imzalayıb və iqtisadi əlaqələrini davam etdirir. Bu, Azərbaycan xarici siyasətinin mürəkkəb balansını göstərir.
2022-ci il sənədində Bakı və Moskva münasibətlərinin müstəqillik, suverenlik, ərazi bütövlüyü, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslandığı, tərəflərin “Şimal-Cənub”un tammiqyaslı fəaliyyətinə şərait yaratmaq niyyətində olduğu qeyd edilir. Bu baxımdan Azərbaycan üçün əsas məsələ layihənin siyasi bloklaşmanın alətinə çevrilməsinə imkan verməməkdir.
Bakı üçün ən təhlükəsiz formula belə görünür:
“Şimal-Cənub” – bəli; Rusiyanın və ya İranın sanksiyalardan yayınma mexanizmi – xeyr.
Rusiya “Şimal- Cənub” layihəsindən sözdə “müttəfiq” dediyi, lakin gerçəklikdə heç vaxt müstəqil görmək istədiyi Azərbaycana yüksək divident qazandırarmı?..
…Burada Azərbaycanın Rusiya ilə tarixi münasibətlərindən irəli gələn fundamental sual ortaya çıxır: Moskva özünün nəzarət və təsir imkanlarını artırdığı bir layihənin Azərbaycana müstəqil iqtisadi və siyasi divident gətirməsinə nə dərəcədə imkan verəcək? XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Rusiya imperiyasının, daha sonra isə SSRİ-nin tərkibində olduğu dövrün siyasi və iqtisadi təcrübəsi göstərir ki, Moskvanın bölgədə qurduğu sistemlər ilk növbədə imperiyanın və ittifaq mərkəzinin maraqlarına xidmət edib. Bununla belə, “Rusiyanın son 200 ildə Azərbaycanda həyata keçirdiyi heç bir layihə ölkəyə fayda verməyib” demək də tarixi baxımdan həddən artıq ümumiləşdirmə olardı. Bakı neft sənayesinin inkişafı, dəmir yolları və sonrakı sovet sənayeləşməsi Azərbaycanda infrastruktur və sənaye potensialı yaradıb, lakin bu inkişafın əsas siyasi-iqtisadi qərarları Moskvanın nəzarətində olub. Bu gün əsas məsələ layihənin Rusiyanın nəzarətində olub-olmaması deyil, Azərbaycanın tranzit infrastrukturunun mülkiyyətini, gömrük və logistika mexanizmlərini, maliyyə axınlarını və alternativ marşrutlarını nə dərəcədə öz əlində saxlamasıdır. Bakı üçün ən böyük risk “Şimal-Cənub”un Azərbaycanın iqtisadi inkişaf layihəsindən Rusiyanın geo-siyasi təsir alətinə çevrilməsidir...
Nəhayət, araşdırmanın əvvəlindəki suala qayıdaq:
“Şimal-Cənub” Azərbaycanı çiçəkləndirəcəkmi?.
Təkbaşına – xeyr.
“Şimal-Cənub” Azərbaycan iqtisadiyyatını kökündən dəyişdirəcək nəhəng gəlir mənbəyi deyil. Lakin o, Azərbaycanın qeyri-neft iqtisadiyyatının diversifikasiyası, tranzit-logistika sektorunun böyüməsi, regiondakı geoiqtisadi əhəmiyyətinin artması və yeni investisiyaların cəlb edilməsi üçün ciddi imkan yaradır. Əgər Bakı sadəcə Rusiya və İran yüklərinin keçdiyi magistrala çevrilərsə, qazanc məhdud olacaq.
Əgər Azərbaycan bu yüklərin ətrafında logistika, emal, maliyyə, sığorta, anbar, rəqəmsal gömrük və istehsal ekosistemi yarada bilsə, layihənin iqtisadi əhəmiyyəti xeyli artacaq.
Digər tərəfdən, Moskvanın layihəyə artan marağı Azərbaycanın əlində əlavə geo-iqtisadi rıçaq yaradır. Rusiya Azərbaycan üzərindən İrana çıxışa, İran isə Rusiya və şimal bazarlarına çıxışa ehtiyac duyur. Bakı bu vəziyyəti öz milli maraqlarına uyğun idarə edə bilər. Amma bunun üçün bir şərt var:
Azərbaycan heç bir böyük gücün “logistika əlavəsi”nə çevrilməməlidir. Ölkənin əsas üstünlüyü onun bir layihədən asılı olmamasıdır. “Şimal-Cənub”la yanaşı “Orta Dəhliz”, Zəngəzur istiqaməti, Türkiyə bağlantıları, Çinlə əməkdaşlıq və Avropa ilə nəqliyyat əlaqələri də inkişaf etdirilməlidir…
Beləliklə, “Şimal-Cənub” Azərbaycan üçün nə möcüzədir, nə də qaçılmaz təhlükə. Sadəcə düzgün idarə olunacağı təqdirdə Azərbaycanın coğrafiyasını iqtisadi üstünlüyə çevirmək üçün ciddi alətdir.
Fəqət öncə dediyimiz kimi, layihənin uğurunun əsas göstəricisi dəhlizdən neçə milyon ton yükün keçməsi yox, Azərbaycanın həmin yükdən nə qədər əlavə dəyər yaratması və bunun müqabilində nə qədər geosiyasi risk götürməsidir.
Hazırkı rəqəmlər göstərir ki, yük axını artır. Rəsmi Bakı layihəni dəstəkləyir. Moskva maliyyə ayırmağa hazır olduğunu bildirir. İran Rəşt–Astara xəttinin qarşısındakı əsas torpaq problemini həll etdiyini açıqlayıb. ABŞ və Avropanın isə Rusiyanın və İranın alternativ logistika şəbəkələrinə çevrilə biləcək layihələri diqqətlə izlədiyi görünür.
Deməli, məsələ “Azərbaycan Şimal-Cənubdan qazanacaqmı?” sualından daha mürəkkəbdir. Əsas sual budur:
Bakı bu layihədən Rusiya və İranın ehtiyac duyduğu tranzit marşrut kimi istifadə edib öz iqtisadi və geosiyasi çəkisini artıra biləcəkmi?..
Hazırkı məlumatlar göstərir ki, imkan var.
Amma “çiçəklənmə”ni təmin edən dəhlizin özü deyil – Azərbaycanın həmin dəhlizi necə idarə edəcəyi olacaq...
Hazırladı:
Sultan Laçın