Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafı ilə yanaşı, Xəzər regionunda siyasi və iqtisadi əməkdaşlığın perspektivləri baxımından da diqqət çəkir.
Azərbaycan və Türkmənistan arasında son illərdə siyasi dialoqla yanaşı, nəqliyyat, enerji və digər strateji istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar formalaşıb.
Bu baxımdan dövlət başçısının Türkmənbaşı şəhərinə səfəri ikitərəfli münasibətlərin gündəliyi və regional əməkdaşlığın gələcək istiqamətləri baxımından xüsusi əhəmiyyət daşıyır.
Maraqlıdır, səfərin iki ölkə arasında münasibətlərin gələcək inkişafına hansı töhfələri verəcəyi və qarşıdakı mərhələdə yeni əməkdaşlıq istiqamətlərinin nədən ibarət olacağı gözlənilir?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Sahib Alıyev açıqlama verib.
Deputat qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü bir növ Azərbaycan mərkəzli sammit oldu:
"Orada imzalanan "Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün Birgə Bəyanatı" ilə “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tənzimləyici sənədləri haqqında Qərar”, məncə, bunu deməyə əsas verir.
Sözügedən Bəyanatda ən çox diqqət çəkən məsələlərdən biri məhz gələn il Məşvərət Görüşünə Azərbaycanın sədrliyinin dəstəklənməsidir. Üzvlükdən heç bir il keçməmiş bu birliyə sədrliyimizin dəstəklənməsi, fikrimcə, ölkəmizə olan rəğbətin və onun Mərkəzi Asiya regionu üçün oynadığı rolun daha aydın hiss edilməsinin nəticəsidir.
Məşvərət Görüşündə 2026-cı il oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Sammitinə hazırlıq işləri də yüksək qiymətləndirilib və bu da təsadüfi deyil. Asiyanın ATƏT-i sayılan, hazırda özündə 28 dövləti birləşdirən AQEM-ə sədrlik dövründə Azərbaycan Mərkəzi Asiya ölkələrinin maraqlarına tam cavab verən addımlar atıb.
Rəsmi Bakı "Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizi sistemləri" üzrə koordinator ölkə olaraq Orta Dəhliz və regionlararası logistik zəncirlərin gücləndirilməsinə, rəqəmsallaşmaya böyük diqqət ayırıb, eyni zamanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin təşkilata çevrilməsi üçün də gərəkənləri edib.
Yəni ATƏM necə ATƏT-ə çevrilmişdisə, AQEM də o cür AQET-ə çevrilmək üzrədir və burada Azərbaycan sədrliyi altında yeni Nizamnamənin hazırlanması, Qadın Şurası, Maliyyə Sammiti, Aparıcı Universitetlər Şəbəkəsinin yaradılması, Katibliyin gücləndirilməsi kimi məsələlər az rol oynamayacaq".
Sahib Alıyev vurğulayıb ki, digər beynəlxalq təşkilatlara da sədrlik təcrübəsinə dayanaraq böyük ehtimalla demək olar ki, gələn il Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünə sədrliyi də bir çox yeniliklərlə yadda qalacaq:
"Mərkəzi Asiyada artıq aydın görürlər ki, bir vaxtlar bəzilərinin təqdim etməyə çalışdığı kimi Azərbaycan həm C6, həm də TDT məsələsində vasitəçi yox, məhz təşəbbüsçü kimi çıxış edir. Yanaşması isə belədir ki, üzv dövlətlərin hər biri nə qədər suveren və müstəqil olarlarsa, bu birliyin güclənməsinə bir o qədər töhfə verəsidir.
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündəki çıxışında cənab İlham Əliyevin də vurğuladığı kimi, bu birlik çərçivəsində “əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır”, digər müstəvilərdə də önəmli işlər görülür.
Bu ayın sonuna qədər Xəzərin altından keçərək Sumqayıtı Aktau ilə birləşdirən, 400 Terabitdən çox ötürmə gücü olan Azərbaycan-Qazaxıstan zirehli fiber-optik kabel xətti istifadəyə veriləcək. Qardaş Türkmənistanla da ötürücülük qabiliyyəti 2–4 Terabit olan belə bir xəttin çəkilişinə artıq hazırlıq başlayıb.
Bu isə ölkələrimizi daha da bir-birinə bağlayacaq və qarşılıqlı güvəni artıracaq, çünki burada söhbət təkcə internet tranzitindən yox, həm də kibertəhlükəsizlikdən gedir. Bir sözlə, C6-nın böyük gələcəyi var və burada Azərbaycan logistik mərkəz, rəqəmsal qovşaq, ortaq dəyər zənciri formalaşdıran yer olaraq çox mühüm rol oynayacaq".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor