I HİSSƏ:
 




İslamofobiyanın kökləri: din, siyasət, cəhalət və ikili standartlar...
 
“Harda müsəlman görürəm — qorxuram!” Bu məşhur misraları yazan Mirzə Ələkbər Sabir nəyi nəzərdə tuturdu? İslamdan qorxunu doğuran səbəblər hansılardır? Bu qorxu nə zaman əsassız düşmənçiliyə çevrilir və onun qarşısını necə almaq olar?.."
 
“İslamofobiyaya qarşı mübarizə də, antisemitizmə qarşı mübarizə də eyni prinsipə söykənməlidir: heç kim dini və ya etnik mənsubiyyətinə görə kollektiv şəkildə günahlandırılmamalıdır...”
 
-FİKİR SAVAŞI...-
 
...İslamofobiya! Son illər beynəlxalq siyasətdə, mətbuatda, sosial şəbəkələrdə, elmi və ictimai müzakirələrdə tez-tez rastlaşdığımız bu termin İslam dininə və müsəlmanlara qarşı qorxu, qərəz, düşmənçilik və ayrı-seçkilik hallarını ifadə etmək üçün işlədilir.
 
Termin XX əsrin sonlarında, xüsusilə 1997-ci ildə Britaniyanın “Runnymede Trust” təşkilatının “Islamophobia: A Challenge for Us All” adlı hesabatından sonra ictimai müzakirələrdə geniş yayılıb. 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilmiş terror hücumlarından sonra isə mövzu beynəlxalq gündəmdə xüsusi yer tutmağa başlayıb.
 
Bəs İslamdan qorxmaq nə deməkdir? Bu qorxu hansı şəraitdə yaranır, kimlərdə formalaşır və hansı ölkələrdə özünü daha qabarıq göstərir? Məsələnin səbəblərini yalnız Qərbdə, xristian cəmiyyətlərindəmi axtarmalıyıq? Yoxsa İslam dünyasından kənarda baş verən siyasi, sosial və mədəni proseslər də nəzərə alınmalıdır?..
 
Gəlin, məsələyə bir qədər dərindən nəzər salaq.
 
İslamofobiyanın səbəbi İslamın özüdürmü?..
 
Əvvəlcə bir prinsipial məqamı qeyd edək: İslamı Allah tərəfindən nazil edilmiş haqq din hesab edən dini dünyagörüşünə əsasən, islamofobiyanın səbəbi İslamın həqiqi mahiyyətində deyil, onun necə başa düşülməsində, necə təqdim edilməsində və hansı məqsədlərlə istifadə olunmasındadır. İslamın özünü, bütün müsəlmanları və İslam adı ilə törədilən ayrı-ayrı əməlləri eyniləşdirmək nə elmi, nə də məntiqi baxımdan doğrudur. Xristianlıq tarixində törədilmiş cinayətlərə görə bütün xristianları, yaxud yəhudilik adı ilə həyata keçirilmiş siyasi əməllərə görə bütün yəhudiləri ittiham etmək nə qədər yanlış olardısa, eyni yanaşma müsəlmanlara münasibətdə də yanlışdır...
 
Fəqət İslam dünyasında və müsəlman icmalarında mövcud olan problemləri görməzdən gəlmək də düzgün olmazdı...
 
Müxtəlif məzhəb və təriqətlər daxilində yaranan radikal cərəyanlar, dini mətnlərin kontekstdən çıxarılaraq təqdim edilməsi, başqa inanclara mənsub insanlara qarşı dözümsüzlük, zorakılığın dini şüarlarla əsaslandırılması İslam haqqında mənfi təsəvvürlərin formalaşmasına şərait yarada bilər. Bəzi hallarda bu proses dini savadsızlıq, fanatizm, siyasi hakimiyyət uğrunda mübarizə və sosial böhranlar nəticəsində baş verir. Başqa hallarda isə dini kimlikdən siyasi və geo-siyasi məqsədlərlə istifadə olunur. Ayrı-ayrı dövlətlərin radikal qruplardan yararlanması və ya onların fəaliyyətinə təsir göstərməsi barədə iddialar da mövcuddur...
 
Deməli, burada iki ayrı problem var: bir tərəfdə İslamdan sui-istifadə edən radikallar, digər tərəfdə isə onların əməllərini bütöv bir dinə və milyonlarla insana şamil edənlər.
 
Birincilərin cinayətlərinə göz yummaq olmaz. İkincilərin qərəzini də normal hesab etmək olmaz.
 
Saxta ruhanilər və İslamın nüfuzuna vurulan zərbə…
 
Zənnimcə, islamofobiyanın müsəlman cəmiyyətlərindəki mümkün səbəblərindən biri də dini nüfuzdan şəxsi maraqlar naminə istifadə edən insanlardır. Rəsmi dini vəzifə daşıyan, özünü şeyx, müfti, axund, imam, molla və ya seyid kimi təqdim edən şəxslər arasında dini bilik və mənəvi keyfiyyət baxımından fərqlər var. Bu adların hər hansı birini daşımaq öz-özlüyündə insanın nə qədər dürüst, savadlı və imanlı olduğunu sübut etmir.
 
Əgər insan dini adından istifadə edərək rüşvət alırsa, korrupsiyaya qurşanırsa, insanları aldadırsa, haram qazanc əldə edirsə, sonra da öz əməllərinə dini don geyindirirsə, bu, ilk növbədə İslamın adına xələl gətirir.
 
Daha təhlükəlisi odur ki, belə şəxslər bəzən Quran ayələrini, Peyğəmbərin (s) hədislərini və şəriət hökmlərini kontekstdən çıxararaq təqdim edir, dini savadı olmayan insanların inamından sui-istifadə edirlər...
 
Nəticədə cəmiyyətdə belə bir təsəvvür formalaşa bilər: guya dindarlıq riyakarlıq, dini mərasimlər şəxsi qazanc vasitəsi, ruhani adı isə imtiyaz əldə etmək üçün bir alətdir... Halbuki dini təmsil etdiyini iddia edən bir şəxsin davranışı ilə dinin özünün mahiyyəti arasında fərq qoyulmalıdır...
 
Bir insanın rüşvətxor mollaya baxıb bütün İslamı rədd etməsi nə qədər yanlış yanaşmadırsa, başqa bir insanın özünü müsəlman adlandırdığı üçün həmin mollanın bütün əməllərinə haqq qazandırması da bir o qədər yanlışdır.
 
Bəs dini təmsil etdiyini iddia edən şəxslərin riyakarlığından narazı qalan, onları görüb İslamdan uzaqlaşan insanları necə qiymətləndirməliyik?..
 
Onların hamısını İslam düşməni adlandırmaq olarmı? Əlbəttə, yox. Bəzən insanın etirazı dinin özünə deyil, din adı altında törədilən haqsızlığa yönəlir. Həmin etirazı anlamaq, səbəblərini araşdırmaq və dini həqiqətləri düzgün izah etmək lazımdır.
 
Sabirin “Qorxuram” şeiri nə deyir?..
 
Məhz bu məqamda böyük Azərbaycan satiriki Mirzə Ələkbər Sabirin məşhur “Qorxuram” şeiri yada düşür. Şair yazır:
 
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
 
Ay dadaş, vallahi, billahi, tallahi,
 
Harda müsəlman görürəm, qorxuram!....
 
Bisəbəb qorxmayıram, vəchi var:
 
Neyləyim axır, bu yox olmuşların
 
Fikrini qan-qan görürəm, qorxuram,
 
Qorxuram, qorxuram, qorxuram!....
 
Özü də ibadətkar müsəlman olan Sabirin bu misralarını müsəlmanlara qarşı ümumi nifrətin ifadəsi kimi təqdim etmək şairin satirik məqsədini bəsitləşdirmək olardı. Şeirin məğzini cəhalət, mövhumat və dini riyakarlığın tənqidi kontekstində şərh etmək mümkündür...
 
Bu səbəbdən Sabirin misraları ilə qarşılaşarkən özümüzə başqa bir sual verməliyik: insan İslamdan qorxur, yoxsa İslam adı ilə qarşısına çıxan nadanlıqdan, haqsızlıqdan və riyakarlıqdan?
 
Bu iki sualın cavabı eyni deyil.
 
Bəzi insanlar İslamın qayda-qanunlarından niyə çəkinirlər?
 
İslamofobiyanın mümkün səbəblərindən biri də insanların şəxsi maraqları, həyat tərzi, dünyagörüşü və dini qadağalara münasibətidir. İslamda oğurluq, rüşvət, sələm, qumar, zina, sərxoşedici içkilər və donuz əti ilə bağlı qadağalar, eləcə də ailə həyatı, geyim və ictimai davranış haqqında müəyyən dini hökmlər mövcuddur. Bu hökmlərin izahı və tətbiqi məsələlərində müxtəlif dini ənənələr və hüquqi yanaşmalar arasında fərqlər də var.
 
Məsələn, oğurluqla dolanan şəxs İslamın mülkiyyət hüququna dair hökmlərini özünə maneə hesab edə bilər. Rüşvət, korrupsiya, yaxud sələm, qumar hesabına qazanc əldə edən insan İslamın haram qazanca qarşı mövqeyindən narahat ola bilər. Spirtli içkilərdən istifadəni həyat tərzinin ayrılmaz hissəsi sayan şəxs də İslamın bu məsələ ilə bağlı qadağalarını qəbul etməyə bilər.
 
Əsil müsəlman kişilərin onlara diqqət yetirməməsi, onları əsil, namuslu, əxlaqlı bir qadın saymaması, hicablı və ya sadəcə, geyimində açıq-saçıqlıq olmamasına diqqət edən digər yaxın xanımların onlara mütəmadi  irad tutmamaları səbəbindən hədsiz-açıq saçıq geyinən və bəzən də elə bu səbəbdən özləri könüllü və ya kimlərinsə təhriki ilə əxlaqsız həyat tərzinə qurşanan qızlar, qadınlarda da İslama nifrət yarana bilər...  
 
Ancaq burada mühüm bir fərq var: hər kəsin dini hökmlərlə razılaşmaması avtomatik olaraq islamofobiya demək deyil. İnsan dini inancı qəbul etməyə, onun müəyyən qaydalarına əməl etməyə bilər. Bu, onun şəxsi seçimidir. İslamofobiya isə həmin fikir ayrılığının müsəlmanlara qarşı əsassız düşmənçiliyə, ayrı-seçkiliyə və ya zorakılığa çevrildiyi zaman ortaya çıxır.
 
Eyni şəkildə, hicabın, ailə münasibətlərinin, cinsi əxlaqın və dini qadağaların hüquqi və etik tərəfləri barədə mübahisə aparmaqla müsəlmanları alçaltmaq və onların hüquqlarını məhdudlaşdırmaq eyni şey deyil. İslamın müəyyən hökmlərini qəbul etməyən insanı avtomatik olaraq oğru, əxlaqsız və ya din düşməni hesab etmək də doğru olmaz. Belə ümumiləşdirmələr dini müdafiə etmək əvəzinə, cəmiyyətdə qarşılıqlı düşmənçiliyi gücləndirə bilər...
 
Deməli, şəxsi maraqlar və dini hökmlərlə fikir ayrılığı bəzi hallarda islamofob münasibətlərin yaranmasına təsir göstərə bilsə də, onun yeganə və universal səbəbi deyil...
 
İslamofobiya Avropada və ABŞ-da necə yaranır?..
 
Avropa və ABŞ-da islamofobiyanın tarixi səbəbləri müxtəlifdir. Orta əsrlərdən gələn dini qarşıdurmalar, müstəmləkəçilik dövrünün təsəvvürləri, müasir dövrdə miqrasiya ilə bağlı narahatlıqlar, terror hücumları və siyasi populizm bu münasibətlərin formalaşmasına təsir göstərib.
 
11 sentyabr 2001-ci il terror hücumlarından sonra müsəlmanların hamısını potensial təhlükə kimi görən yanaşmalar daha geniş yayıldı. “İŞİD”, “Əl-Qaidə” və digər terror təşkilatlarının törətdiyi cinayətlər isə bəzi siyasi dairələr və media qurumları tərəfindən bütün İslam dünyasına aid xüsusiyyət kimi təqdim edildi.
 
Beləliklə, ayrı-ayrı radikal təşkilatların fəaliyyəti ilə adi müsəlmanların gündəlik həyatı arasında əsassız əlaqə yaradıldı. Müsəlman qadının hicabı, kişinin saqqalı, məscidə getməsi və ya halal qida seçməsi bəzən dini həyatın adi elementləri kimi deyil, şübhəli davranış əlamətləri kimi təqdim olundu. Bu isə dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyi gücləndirə bilər.
 
Avropa İttifaqının Fundamental Hüquqlar Agentliyinin 2024-cü il hesabatına görə, 13 Avropa İttifaqı ölkəsində sorğuda iştirak edən müsəlmanların 47 faizi sorğudan əvvəlki beş il ərzində irqi ayrı-seçkilik yaşadığını bildirib. 2016-cı ildəki əvvəlki sorğuda bu göstərici 39 faiz olub.
 
Bu rəqəmlər bütün avropalıların islamofob olduğunu göstərmir. Onlar yalnız araşdırmada iştirak edən müsəlman respondentlərin bildirdikləri təcrübələri əks etdirir. Bununla belə, nəticələr müsəlmanların işə qəbul, mənzil kirayəsi və digər gündəlik məsələlərdə ayrı-seçkiliklə üzləşməsi probleminin ciddiliyini göstərir.
 
ABŞ-da da vəziyyət mürəkkəbdir: bir tərəfdə müsəlmanların hüquqlarını qoruyan qanunlar və təşkilatlar, digər tərəfdə isə müsəlmanları təhlükə kimi göstərən siyasi ritorika, nifrət nitqi və ayrı-seçkilik halları var.
 
İslamofobiyanı yalnız 11 sentyabr hadisələri ilə izah etmək olmaz. Miqrasiya siyasəti, milli təhlükəsizlik müzakirələri, siyasi qütbləşmə və Yaxın Şərqdəki münaqişələr də bu prosesə təsir göstərir. İsrail-Fələstin münaqişəsinin kəskinləşdiyi dövrlərdə müsəlmanlara və ərəb mənşəli insanlara qarşı nifrət, eyni zamanda yəhudilərə qarşı antisemitizm halları da diqqət çəkir. Bir qrupun hüquqlarını qorumaq digərinə qarşı nifrəti haqlı çıxarmamalıdır.
 
İslamofobiyaya qarşı mübarizə də, antisemitizmə qarşı mübarizə də eyni prinsipə söykənməlidir: heç kim dini və ya etnik mənsubiyyətinə görə kollektiv şəkildə günahlandırılmamalıdır...
 
İsraildə islamofobiya: təhlükəsizlik, siyasi münaqişə və ayrı-seçkilik...
 
İsrail nümunəsində məsələni yalnız dini zəmində yaranan qorxu ilə izah etmək mümkün deyil. Burada İsrail-Fələstin münaqişəsi, milli kimlik, təhlükəsizlik siyasəti və yəhudi-ərəb münasibətləri bir-biri ilə sıx bağlıdır. İsraildə yaşayan ərəb və müsəlman əhali arasında siyasi, sosial və dini baxımdan müxtəlif qruplar var. Onların hamısına eyni münasibət göstərildiyini iddia etmək düzgün olmaz. Bununla belə, ərəb və fələstinli vətəndaşların hüquqları, mənzil təminatı, sosial xidmətlər və siyasi təmsilçiliklə bağlı problemlər beynəlxalq hesabatlarda əksini tapıb.
 
“Freedom House”-un 2024-cü il hesabatında İsraildə ərəb və digər etnik və dini azlıqlara münasibətdə ayrı-seçkilik problemlərinə diqqət yetirilir. Lakin bu hesabat İsraili ümumilikdə islamofob dövlət kimi təsnif etmir; o, siyasi hüquqlar və vətəndaş azadlıqları ilə yanaşı, ayrı-seçkilik problemlərini də qiymətləndirir.
 
Fələstinlilərə qarşı Netanyahu hakimiyyətinin zorakılığını, müsəlmanların dini hüquqlarının pozulmasını və ya onların kollektiv şəkildə təhlükə kimi təqdim edilməsini tənqid etmək antisemitizm deyil. Eyni zamanda İsrail vətəndaşlarını, bütün yəhudiləri və ya yəhudiliyi bütövlükdə ittiham etmək də ədalətli yanaşma sayıla bilməz...
 
Əgər islamofobiyanın kökündə insanı dini kimliyinə görə düşmən hesab etmək dayanırsa, ona qarşı mübarizə aparan şəxs özü də başqa bir dini və ya etnik qrupa qarşı eyni səhvə yol verməməlidir...
 
Çin, Hindistan, Yaponiya və Cənubi Koreyada vəziyyət necədir?..
 
İslamofobiya yalnız xristian cəmiyyətlərinə aid hadisə deyil. Müsəlmanlara qarşı qərəz, ayrı-seçkilik və dini azadlıqların məhdudlaşdırılması müxtəlif dini və siyasi sistemlərdə də müşahidə oluna bilər. Bununla belə, hər ölkənin vəziyyəti öz tarixi və siyasi şəraiti daxilində qiymətləndirilməlidir.
 
Çin... 
 
Kommunist rəhbərliyə malik Çin dövlətinin Sincan-Uyğur bölgəsində əsasən müsəlman olan uyğurlar və digər müsəlman icmalarının dini və mədəni hüquqları ilə bağlı ciddi narahatlıqlar mövcuddur. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 31 avqust 2022-ci il tarixli qiymətləndirməsində terrorizm və ekstremizmlə mübarizə adı altında həyata keçirilən tədbirlərin uyğurların və digər müsəlman icmalarının hüquqlarına təsiri araşdırılıb. Hesabatda ciddi insan hüquqları pozuntularının baş vermiş ola biləcəyi və vəziyyətin beynəlxalq hüquq baxımından narahatlıq doğurduğu bildirilib...
 
Bu vəziyyəti yalnız ayrı-ayrı vətəndaşların İslamdan qorxması kimi izah etmək yetərli deyil. Burada dövlətin təhlükəsizlik siyasəti, etnik assimilyasiya, dini fəaliyyət üzərində nəzarət və insan hüquqları məsələləri də əsas yer tutur...
 
Hindistan... 
 
Burada islamofobiya ilə bağlı müzakirələr daha çox induist millətçiliyi, dini kimlik üzərindən siyasi səfərbərlik və müsəlman azlığın hüquqları ətrafında cəmlənir.
 
“India Hate Lab” təşkilatının 2024-cü il hesabatında dini azlıqları hədəf alan 1 165 kütləvi nifrət nitqi hadisəsi sənədləşdirilib. Təşkilatın məlumatına görə, bunların 1 147-si müsəlmanları açıq şəkildə və ya xristianlarla birlikdə hədəf alıb. Bu rəqəmlər təşkilatın öz metodologiyası əsasında sənədləşdirdiyi hadisələrin sayıdır; onları məhkəmə qərarı ilə təsdiqlənmiş cinayətlərin statistikası kimi təqdim etmək olmaz. Bununla belə, hesabat dini kimliyin siyasi mübarizədə istifadə edilməsi və müsəlmanlara qarşı düşmən ritorika barədə ciddi suallar doğurur...
 
Şimali Koreya...
 
Şimali Koreyada dini azadlıqlar ciddi şəkildə məhdudlaşdırılır və dini fəaliyyətlə məşğul olan şəxslər təqib, həbs və digər ağır cəzalarla üzləşə bilirlər. Bununla belə, ölkədə müsəlmanların sırf İslam dininə mənsub olduqlarına görə sistemli şəkildə təqib edilməsini təsdiqləyən etibarlı məlumatlar məhduddur. Pxenyanda əcnəbi müsəlmanlarla əlaqələndirilən Ar-Rahman məscidinin mövcudluğu ölkədə İslamın müəyyən səviyyədə təmsil olunduğunu göstərir. Lakin bu fakt Şimali Koreya vətəndaşlarının İslam dininə sərbəst şəkildə etiqad edə bildiklərini sübut etmir. Beynəlxalq hesabatlarda dini təqiblərlə bağlı daha çox xristianlar və ənənəvi şaman inanclarının ardıcılları haqqında məlumatlar yer alır.
 
BMT-nin 2014-cü il araşdırması və ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının hesabatları Şimali Koreyada dini etiqad azadlığının ciddi şəkildə pozulduğunu bildirir. ABŞ Dövlət Departamentinin 2023-cü il beynəlxalq dini azadlıq hesabatına görə, Şimali Koreyada dini fəaliyyətlə məşğul olan şəxslər həbs, işgəncə və digər ağır cəzalarla üzləşə bilirlər. Hesabatda əsasən xristianlar və ənənəvi şaman inanclarının ardıcılları barədə sənədləşdirilmiş hallar qeyd olunur.
 
Ölkənin qapalı olması və müstəqil araşdırmaların məhdudluğu müsəlmanların vəziyyəti barədə dəqiq nəticə çıxarmağı çətinləşdirir. Beləliklə, Şimali Koreyada dini repressiyaların mövcudluğu sənədləşdirilsə də, bunu konkret olaraq islamofobiya kimi qiymətləndirmək üçün əlavə sübutlara ehtiyac var...
 
Cənubi Koreya. 
 
Daegu şəhərində məscid tikintisi ətrafında yaranmış münaqişə buna konkret nümunədir. BMT-nin xüsusi məruzəçiləri 2023-cü ildə Cənubi Koreya hökumətinə ünvanladıqları müraciətdə məscid tikintisinin əngəllənməsi və müsəlman dini azlığa qarşı nifrət nitqi barədə narahatlıqları qeyd ediblər...
 
Yaponiya... 
 
Burada da müsəlman icmalarının artması, miqrasiya, dini qaydaların ictimai həyata uyğunlaşdırılması və məscidlərin tikintisi ətrafında müzakirələr aparılır. Bununla belə, konkret sorğu və ya etibarlı hesabat göstərilmədən Yaponiya cəmiyyətini bütövlükdə islamofob adlandırmaq düzgün olmaz.
 
Bu nümunələr bir həqiqəti göstərir: islamofobiya konkret bir dinin hökmran olduğu ölkələrin inhisarında deyil. Dini azlıqla qarşılaşan cəmiyyətlərdə məlumatsızlıq, milli kimlik qorxusu, siyasi manipulyasiya və stereotiplər birləşdikdə müsəlmanlara qarşı düşmən münasibət yarana bilər.
 
Bəs əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasında islamofobiyaya meyillilik varmı?
 
Dünyada və yerli səviyyələrdə islamofobiya- İslam qorxusu problemini optimal, sivil formada necə həll etmək olar?.. 
 
Bu sosioloji-psixoloji xəstəliyi elə gerçək İslamın üsulları ilə müalicə etmək mümkündürmü?.. 
 
Bu haqda yazımızın növbəti hissəsində...
 
Sultan Laçın