1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan Sovet İttifaqını “Şər imperializmi” adlandırmışdı. Bu gün bu termin əks olaraq bütövlükdə ABŞ-a şamil olunmasa da, ABŞ prezidenti Donald Trampa tam uyğundur: “Şər prezidenti”. Ağ Evin bu günkü sahibinin ikinci dəfə prezidentlik kürsüsünə əyləşdiyi bir gündən təcavüzkar Rusiya prezidentinə dəstəyi, təcavüz qurbanı Ukrayna prezidentinə isə aqressiv münasibəti hər kəsə məlumdur. Amma, dünən Putinlə apardığı son telefon danışığında “Alo, əziz dost, mən səndən dizel almaq istəyirəm” deyib söhbətə başlayanda, təzəcə imzaladağı sanksiyaları 7 aprel 2027-ci ilədək ləğv etdiyini bildirəndə Putinin çiçəyini çırtlatmışdı. Donald Tramp hər zaman ona dəstək olacağını, Ukraynaya təzyiq edəcəyini deyəndə, Putin kövrəlib noyabr seçkilərində də Trampa maksimum kömək edəcəyinə söz verib ( bu günlərdə Trampı ən çox narahat edən məsələ respublikaçıların seçkilərdə səs qazanmasıdır). Telefon danışığı hər iki tərəfi o qədər məmnun edib ki, Putinin köməkçisi Uşakovun dediyinə görə tərəflərin heç biri dəstəyi birinci asmaq istəmirmiş.
Görün Tramp Rusiyadan yanacaq almağını necə dəyərləndirir:”dizelin qiyməti ucuzlaşacaq, mənim fermerlərim, heyvandarlarım buna sevinəcək və respublikaçılara səs verəcəklər”. Ukraynada isə qadınlar, uşaqlar qətlə yetiriləcək. Bu qədər bəsit təfəkkürümü var Trampın? Yox, o, dostu Putin üçün bir qurtuluş yolu açır. Ukrayna üçün bu, Trampın bu günə qədərki ən iyrənc və amansız xəyanətidir. Özünün və ya ətrafının milyardlarla dollarlıq korrupsiya üçün imkanlarının əldə edilməsi deməkdir, bu razılaşma. Rəqəmlərə diqqət edəndə bu razılaşmanın ABŞ-a yox, Putinin Ukraynaya qarşı qətliamına yol açmaq olduğu açıq görünür. Amerika Birləşmiş Ştatları dünyanın ən böyük dizel yanacağı istehsalçılarından və ixracatçılarından biridir. Amerika neft emalı zavodları gündə təxminən 5,2 milyon barel dizel yanacağı istehsal edir. ABŞ-da dizel istehlakı gündə təxminən 3,7 milyon bareldir. Trampın Rusiya ilə razılaşması isə 2,25 milyon bareli əhatə edir - bu, təxminən 16 saat ABŞ istehlakına, 10 saat ABŞ istehsalına və ya Kanadadan 14 günlük idxala bərabərdir.
Bu razılaşma Trampın elan etdiyi kimi 9 oktyabrda deyil, 22 sentyabrda baş tutub, sadəcə 9 oktyabrda elan edilib. Sankt Peterburqdan çıxan tanker 220 min barell dizel yanacaqla məhz həmin vaxt ABŞ-a yollanıb və sabah Amerikanın şərq sahillərində olacaq. Trampın çıxışından bir saat sonra Maliyyə nazirliyinin dərhal sanksiyanı götürməsi sübut edir ki, razılaşma çoxdan əldə edilib.
Putin bu razılaşmadan əldə etdiyi milyardlarla dollardan Ukrayna mülki əhalisinə bu qış divan tutmağı, xeyli mülki insanı, qadınları, uşaqları öldürməyi və bununla da guya Ukraynanı tükəndirib kapitulyasiya etdirməyi planlaşdırır. Məhz qış qurtaranadək, yəni 7 aprel 2027-ci ilədək Rusiya üzərindən sanksiyaları qaldırıb ABŞ-nin, digər ölkələrin də Rusiyadan yanacaq almasına şərait yaratmaqla Tramp Putinin planına qoşulur. Qatilə şərait yaratmağın özü qətlin iştirakçısı olmaq deməkdir. Putin bu qışı fürsət kimi bilir və məqsədi Ukraynanı təslim etməkdir. Tramp isə bu planın baş icraçısıdır.
Amma, Tramp onu da bilir ki, Rusiya dağılmış neft emalları müəssisələrindən tezliklə bu qədər yanacağı sata bilməyəcək, çünki Ukrayna bu zavodları vurmaqda davam edir. Ona görə də təcili Ukrayna prezidenti Zelenskinin əvzolunmasını xüsusi vurğulayır. Atəşkəs olmadan seçki keçirilməyəcəyini bilən Tramp bu təzyiqi ilə Zelenskinin istefasını istəyir. Yeni prezident yox, Konstitusiyaya görə parlament sədrinin seçkilərədək əvəz etməsini və onu təslim olmağa məcbur edəcəyini fikirləşir. Amma, bu illərdə Ukrayna xalqının hansı mübarizədən keçdiyini, möhkəmləndiyini dərk etmir.
Trampın satqınlığı yalnız onun şəxsi nüfuzunu deyil, ABŞ-nin də strateji nüfuzunu aşağı salır. Mayamidə görüşə gələn Ukrayna, Almaniya, Böyük Britaniya, Fransa, NATO, Aİ nümayəndələri sabah beynəlxalq bir tədbirdə Tramp çıxış etməyə başlayanda məclisi tərk etsə.., təəccüblənməyin. Trampın Rusiya prezidentinə satılması yalnız Ukraynaya deyil, həm də Avropaya, Yaponiyaya, Avstraliyaya, Yeni Zelandiyaya, Kanadaya, Cənubi Koreyaya xəyanətdir.
Yalnız Avropaya deyil, hətta ABŞ bazalarının yerləşdiyi körfəz ölkələrinə də Tramp xəyanət etdi. Bab-əl bənd boğazına nəzarət edən husilərlə yaxşı münasibətləri olduğunu deyən Tramp, bu yerdən keçən Amerika gəmilərinə husilərin toxunmadığını deyir. Əvəzində daha çox Avropa ölkələrinə neft daşıyan tankerlər husilər tərəfindən vurulur, ABŞ-a milyardlarla investitsiya qoyan Səudiyyə Ərəbistanına isə yardım etmir.
Noyabr seçkilərində Trampın partiyası mütləq uduzacaq, amma o çox güman ki, 2028-dək prezidentliyini davam etdirəcək və dostu Putinlə bəşəriyyətə hələ çox zərər verəcək. Dünya, xüsusilə Avropa dişini sıxıb bu “Şər prezidentin” gedəcəyi günədək Ukraynaya yardımı davam etdirməli, Putinin Ukrayna və postsovet respublikaları ilə bağlı planlarının baş tutmasına imkan verməməlidir.
İlham İsmayıl