Partiya AYNA-nın fəaliyyətini kəskin tənqid edib…
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən bir sıra mühüm ictimai-siyasi proseslər müzakirə olunub və müvafiq mövqelər formalaşdırılıb.
İdarə Heyəti 20 Sentyabr - Dövlət Suverenliyinin Bərpası Günü ilə bağlı müzakirələr aparıb. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması ölkənin müasir tarixinin mühüm hadisəsi kimi qiymətləndirilib. Suverenliyin möhkəmləndirilməsi üçün azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin, minalardan təmizləmə prosesinin və əhalinin təhlükəsiz şəkildə məskunlaşdırılmasının sürətləndirilməsinin vacibliyi vurğulanıb.
İdarə Heyətində Türkiyənin xarici işlər naziri Hakan Fidanın 15-16 sentyabr tarixlərində Azərbaycana səfəri ətrafında müzakirələr aparılıb, bu səfər çərçivəsində keçirilən görüşlərin ikitərəfli münasibətlərin və regional məsələlər üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. İdarə Heyəti regionda və qlobal dünyada təhlükəsizlik risklərinin yaşandığı bir dövrdə Azərbaycan-Türkiyə təmaslarının intensivləşdirilməsini əhəmiyyətli hesab edib.
İdarə Heyəti Ermənistandakı revanşist qüvvələrə cavab olaraq Baş nazir Nikol Paşinyanın ölkədə alternativ hakimiyyət və parlament formalaşdırılması cəhdlərinin qarşısının alınacağı barədə açıqlamasına da münasibət bildirib. Paşinyanın bu mövqeyini Cənubi Qafqazda formalaşmış yeni reallıqların qəbul edilməsi kontekstində qiymətləndirən İdarə Heyəti belə yanaşmanın Azərbaycan-Ermənistan sülh prosesinin ruhuna uyğun olduğunu və revanşist yanaşmaların siyasi gündəmdə möhkəmlənməsinin qarşısının alınmasının regionda davamlı sülh baxımından əhəmiyyətini vurğulayıb.
İdarə Heyəti ABŞ Konqresi tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Rusiya-Ukrayna münaqişəsinin dayandırılmasına yönəlmiş beynəlxalq səylər çərçivəsində təqdir edib. Münaqişənin nə Rusiya, nə də Ukraynanın maraqlarına cavab vermədiyi, onun beynəlxalq hüququn norma və prinsipləri əsasında siyasi-diplomatik yollarla həll edilməsinin vacibliyi qeyd olunub. İdarə Heyəti 23 sentyabrda başlayacaq BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində beynəlxalq təhlükəsizliyi təhdid edən Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, ABŞ-İran qarşıdurması kimi digər təhlükəli münaqişələrin də sülh yolu ilə həllinə yönəlmiş qərarların qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.
Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlərinin VII görüşü ətrafında müzakirələr aparan İdarə Heyəti dini məsələlər üzrə ortaq yanaşmaların və ortaq fətvaların hazırlanması istiqamətində əldə olunmuş razılaşmaları Türk dövlətləri arasında mənəvi və ictimai əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirib. Görüşün yekununda qəbul edilən Bakı Bəyannaməsində ortaq fətvaların hazırlanması, dini-elmi əməkdaşlığın inkişaf etdirilməsi, Türk-İslam dəyərlərinin təşviqi ilə bağlı müddəaların yer alması və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi Türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə xidmət edəcəyi kimi dəyərləndirilib.
İdarə Heyəti ölkədaxili məsələlər çərçivəsində yeni tədris ilinin başlamasından sonra Bakı şəhərində yaranan ciddi nəqliyyat sıxlığı və bunun əhali arasında yaratdığı narahatlığı da müzakirə edib. İdarə Heyəti Bakıdakı nəqliyyat probleminin həlli istiqamətində indiyədək görülən tədbirlərin yetərli olmadığını bildirib və AYNA-nın fəaliyyətini kəskin tənqid edib.
Xüsusilə ictimai nəqliyyatın daha səmərəli təşkil edilməsi, avtobus marşrutlarının və hərəkət intervallarının şəhərin real tələbatına uyğunlaşdırılması, nəqliyyat axınının düzgün idarə olunması və aidiyyəti qurumlar, xüsusilə AYNA-nın üzərində effektiv ictimai və institusional nəzarətin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. İdarə Heyəti hesab edib ki, Bakı şəhərinin nəqliyyat probleminin davamlı həlli üçün ayrı-ayrı epizodik tədbirlərlə kifayətlənmək deyil, ictimai nəqliyyat, yol infrastrukturu, parklanma və nəqliyyat axınının idarə olunmasını əhatə edən kompleks və uzunmüddətli yanaşma tətbiq edilməlidir.