Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub.
 




Moderator.az xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydalarına ciddi əməl olunması, həmçinin yalnız öz övladlarının fotoşəkillərinin çəkilməsi ilə bağlı xəbərdarlıq edilib.
 
Bildirilir ki, bu xəbərdarlıqlar yalnız Arçi və Lilibetin təhsil aldığı kənd məktəbinin valideynlərinə deyil, ətraf ərazilərdəki digər məktəblərin valideynlərinə də göndərilib.
 
Qaydaların sərtləşdirilməsinə səbəb kimi cütlüyün uşaqlarının məktəbini qəfil dəyişməsi və Meqanın telefon nömrəsinin valideynlərin vatsap qrupundan yayılması göstərilir.
 
Yeni tədbirlər bəzi yerli sakinlərin narazılığına səbəb olub. Valideynlərdən biri məktub göndərilməsini “tamamilə lazımsız” adlandıraraq, hər kəsin onsuz da hansı sərhədlərin olduğunu bildiyini deyib.
 
Digər valideyn isə tədris ilinin ilk günü məktəb yaxınlığında iki avtomobilin sürətlə hərəkət etdiyini, daha sonra Harri, Meqan və uşaqlarının məktəbin girişində görüldüyünü bildirib.
 
Qeyd edək ki, Harri və Meqan 2020-ci ildə kral ailəsinin işləyən üzvləri kimi vəzifələrindən imtina etdikdən sonra Britaniyanı tərk etmişdilər. Cütlük ötən ay uşaqları ilə birlikdə ölkəyə qayıdıb.
 
Əvvəlcə Arçi və Lilibet elit məktəblərdən birinə yerləşdirilsə də, tədris başlayandan cəmi iki gün sonra uşaqların məktəbi dəyişdirilib. Buna səbəb kimi ailənin təhlükəsizlik məsələləri və yollardakı sıxlığın mühafizə xidmətinin işini çətinləşdirməsi göstərilib.
 
Harri və Meqanın təhlükəsizliklə bağlı narahatlıqları daha əvvəl də gündəmə gəlib. Şahzadə Harri ailəsinin dövlət hesabına mühafizəsinin dayandırılması ilə bağlı Britaniya hökumətinə qarşı məhkəməyə müraciət edib.
 
Son olaraq isə kral III Çarlzın oğlunun təhlükəsizliyi ilə bağlı məsələnin yenidən nəzərdən keçirilməsinə razılıq verdiyi və Sassekslərin mühafizəsinin dövlət büdcəsinə illik təxminən 5 milyon funt-sterlinqə başa gələ biləcəyi barədə məlumat yayılıb.//Axşam.az