İş yerində bu və ya buna bənzər hədə-qorxu ilə üzləşən şəxslər bəzən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmağa məcbur edilirlər. Sənəddə isə xitamın işçinin öz təşəbbüsü ilə baş verdiyini göstərən “öz arzusu ilə” ifadəsi yer alır. Lakin ərizənin belə rəsmiləşdirilməsi onun hər zaman işçinin həqiqi və sərbəst iradəsini ifadə etdiyi anlamına gəlmir.


Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsi üçün müxtəlif əsaslar müəyyən edilib. Məcəllənin 68-ci maddəsi əmək müqaviləsinə xitamın ümumi əsaslarını, 69-cu maddəsi isə işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyir.






Bəs işçi ərizə yazmağa məcbur edilibsə, belə xitam qanuni hesab olunurmu? Təzyiq altında ərizə yazan şəxs hansı hüquqi addımları ata bilər?


Moderator.az-ın Pərvin Şakirqızı ilə “Hüququnu bil” rubrikasında bu məsələyə hüquqşünas Etibar Qarayev ilə  aydınlıq gətirməyə çalışdıq.


Moderator.az həmin müsahibəni təqdim edir. 



– İşçiyə “öz ərizənlə çıx, əks halda başqa əsasla işdən azad edərik” formasında təzyiq göstərilməsi qanunvericilik baxımından necə qiymətləndirilir?


– Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi üçün əsas işçinin həqiqi və sərbəst iradəsi olmalıdır. Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən, işəgötürənin işçiyə zor tətbiq etməsi, hədə-qorxu gəlməsi və ya digər üsullardan istifadə etməklə onu öz iradəsinə zidd olaraq əmək müqaviləsinə xitam verməyə məcbur etməsi yolverilməzdir.


Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitamın ümumi əsaslarını müəyyənləşdirir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi isə həmin Məcəllənin 69-cu maddəsində nəzərdə tutulmuş qaydalarla həyata keçirilir. 


Praktikada bəzi işəgötürənlər əmək münasibətlərinə xitamı işçinin təşəbbüsü kimi rəsmiləşdirməyə çalışa bilirlər. Bununla işəgötürənin təşəbbüsü ilə xitam üçün müəyyən hallarda tələb olunan hüquqi prosedurlardan, təminatlardan və işdənçıxarma müavinətinin tətbiqindən yayınmaq imkanı yarana bilər.


Bu baxımdan əsas məsələ işçinin ərizəni hansı şəraitdə yazmasıdır. Ərizə şəxsin düşünülmüş, həqiqi və sərbəst iradəsini ifadə etməlidir. Əgər sənəd məcburetmə, hədə-qorxu və ya psixoloji təzyiq nəticəsində təqdim edilibsə, bu hal adi qaydada işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi kimi qiymətləndirilməməlidir.


Başqa sözlə, ərizədə “öz arzusu ilə” ifadəsinin qeyd olunması həmin xitamın avtomatik olaraq qanuni olması demək deyil. Hüquqi qiymətləndirmə zamanı yalnız sənədin məzmununa deyil, onun hansı şəraitdə və hansı iradə ilə tərtib edildiyinə də diqqət yetirilir.


– Belə vəziyyətlə üzləşən işçi hansı hüquqlara malikdir?


– Əgər işçi ərizə yazmağa məcbur edilibsə və bunun nəticəsində əmək müqaviləsinə xitam verilibsə, o, xitam barədə əmrin qanunsuz hesab edilməsini və əvvəlki işinə bərpa olunmasını tələb edə bilər. Bununla yanaşı, məcburi işburaxma müddəti üçün əməkhaqqının, eləcə də qanunvericiliklə nəzərdə tutulan hallarda dəymiş zərərin ödənilməsi məsələsini də qaldıra bilər.


Lakin burada mühüm məqam ondan ibarətdir ki, ərizənin məhz təzyiq və ya məcburetmə nəticəsində yazıldığının sübut edilməsi əhəmiyyətli rol oynayır. Ərizənin mövcudluğu zahirən əmək müqaviləsinə xitamın işçinin təşəbbüsü ilə həyata keçirildiyi görüntüsünü yarada bilər. Buna görə də məcburetmənin hansı şəraitdə baş verdiyini təsdiqləyən sübutların qorunması vacibdir.


– İşçidən təzyiq altında ərizə yazması tələb olunursa, konkret olaraq nə etməlidir?


– İlk növbədə, işçi ərizəni imzalamağa tələsməməli və qərar vermək üçün vaxt istəməlidir. Təzyiq göstərildiyi halda bu təzyiqin kim tərəfindən, nə zaman və hansı formada həyata keçirildiyini mümkün qədər sənədləşdirmək lazımdır. Yazışmalar, elektron məktublar, şahidlərin məlumatları və qanuni qaydada əldə edilmiş digər sübutlar qorunmalıdır.


Əgər ərizə artıq təqdim olunubsa, əmək müqaviləsinə xitam rəsmiləşdirilənədək ərizənin geri götürülməsi və ya etibarsız hesab edilməsi barədə dərhal yazılı müraciət etmək mümkündür. Bundan başqa, əmək mübahisələri üzrə qanunvericilikdə nəzərdə tutulan iddia müddətlərinin qısa ola biləcəyi nəzərə alınmalıdır. 

Buna görə də hüquqlarının müdafiəsi üçün hüquqi yardıma mümkün qədər tez müraciət edilməsi vacibdir.


Nəticə etibarilə, əmək müqaviləsinə xitam barədə ərizədə “öz arzusu ilə” ifadəsinin yazılması həmin sənədin mütləq şəkildə işçinin həqiqi iradəsini əks etdirdiyi anlamına gəlmir. Hüquqi baxımdan yalnız sənədin forması deyil, həmin sənəddə ifadə olunan iradənin həqiqi və sərbəst olub-olmaması da əhəmiyyət daşıyır.


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor