Cənubi Qafqazda nəqliyyat marşrutları uğrunda geosiyasi rəqabət yeni müstəviyə keçir. Rusiya tərəfindən Abxaziya üzərindən nəqliyyat bağlantısının bərpasını nəzərdə tutan və mediada “Putin yolu” adlandırılan təşəbbüsün yenidən gündəmə gətirilməsi regionun gələcək nəqliyyat xəritəsi ilə bağlı sualları artırır. 


Xüsusilə Azərbaycanı Naxçıvanla birləşdirəcək TRIPP layihəsi ilə bağlı proseslərin intensivləşdiyi bir vaxtda Moskvanın alternativ marşrut üzərində dayanması diqqət çəkir.






Bəs bu təşəbbüs Rusiyanın Cənubi Qafqazda nəqliyyat və geosiyasi təsir imkanlarını qorumaq cəhdi kimi qiymətləndirilə bilərmi?


 “Putin yolu” TRIPP və Zəngəzur istiqamətində formalaşan yeni nəqliyyat xəritəsinə real alternativ ola bilərmi?


Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Azay Quliyev açıqlama verib. 


Deputat qeyd edib ki, burada əvvəlcə bir məqamı dəqiqləşdirmək vacibdir: “Putin yolu” rəsmi olaraq təsdiqlənmiş layihə deyil. Bu 2026-cı ilin mayında Rusiyada səsləndirilmiş qeyri-rəsmi təşəbbüs və ya təklifdir:


"Təklifin müəllifi Rusiya Milli Kommunikasiyaların İnkişafı Tədqiqat İnstitutunun direktoru Vladislav Qasumyanov olub. O, “Trump yolu” varsa, Rusiyadan Abxaziya və Gürcüstan üzərindən Ermənistana “Putin yolu”nun da mümkün olduğunu deyib.



Yəni söhbət sovet dövründə mövcud olmuş Rusiya–Abxaziya–Gürcüstan–Ermənistan dəmir yolu bağlantısının bərpasından gedir. Bu xəttin əsas hissəsi Qara dənizin şərq sahili boyunca Abxaziyadan keçərək Gürcüstanın qərb hissəsinə, oradan isə Tbilisi istiqamətində və Ermənistanın Gümrü şəhərinə qədər uzanırdı. Iakin 1990-cı illərin əvvəllərində Abxaziya müharibəsindən sonra bu bağlantı dayandırılıb.


Deməli, bu marşrutun əsas mahiyyəti Rusiyanın Ermənistanla quru əlaqəsini Gürcüstan və Abxaziya üzərindən bərpa etməkdir.Bəs Gürcüstan buna razı ola bilərmi?

Məncə, bu, inandırıcı görünmür. Çünki Abxaziya və Cənubi Osetiya işğal olunub və orada yaradılmış qondarma rejimlər Rusiya tərəfindən rəsmən tanınıb.


2026-cı ilin fevralında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiyanın Abxaziya üzərindən Gürcüstanla dəmir yolu əlaqəsinin bərpası imkanını nəzərdən keçirdiyini açıqlamışdı. Lakin Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili dərhal bildirib ki, Gürcüstan Rusiya ilə bu məsələ üzrə danışıqlar aparmır və ərazi bütövlüyünün tanınmasını ilkin şərt kimi göstərib. “Gürcüstan Dəmir Yolları” da belə bir bərpa layihəsinin müzakirə edilmədiyini açıqlayıb.


Yəni, Abxaziya və Cənubi Osetiya Gürcüstana qaytarılmayınca belə bir əməkdaşlıqdan söhbət gedə bilməz. Əks halda, bu, Gürcüstanın öz ərazilərinin itirilməsi faktı ilə razılaşması anlamına gələr.


Ona görə də mən “Putin yolu”nun təqdim olunan formada heç bir real siyasi perspektivini görmürəm və bu baxımdan onun TRIPP üçün nə təhlükə yaratdığını, nə də alternativ kimi çıxış edə biləcəyini düşünürəm.


Sadəcə, bu mövzunun məhz indi gündəmə gətirilməsi, mənim fikrimcə, hazırda reallaşmaq üzrə olan TRIPP ətrafında müzakirələri mürəkkəbləşdirməyə və ictimai rəydə “biz də varıq” narrativini formalaşdırmağa xidmət edir".


Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor