“Rusiya hərbçiləri bilirdilər ki, həmin dövrdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəy ilə Rusiya Prezidenti Boris Yeltsin arasında qoşunların Azərbaycandan çıxarılması barədə saziş imzalanıb. Deməli, Rusiya hərbçiləri Azərbaycandan, o cümlədən Naxçıvandan gedəcəkdilər. Buna görə də bəzi əmlak, texnika və digər vasitələri əvvəlcədən aparmış olmaları mümkün idi...”
 




...1991-ci il. Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Ölkənin qarşısında bir-birindən mürəkkəb və taleyüklü vəzifələr dayanırdı. Dövlət sərhədlərinin müəyyənləşdirilməsi və mühafizəsinin təşkili də həmin mühüm məsələlərdən biri idi. Sərhədləri qoruyacaq milli hərbi strukturun yaradılması isə faktiki olaraq sıfırdan başlanırdı...
 
Azərbaycan Dövlət Sərhəd Xidmətinin keçmiş rəis müavini, polkovnik Sucəddin Abdullayev həmin mürəkkəb və tarixi prosesin ilk günlərindən etibarən hadisələrin içində olub. O, müstəqilliyin bərpasından sonra sərhəd mühafizəsi sisteminin formalaşdırılmasını,  sovet sərhəd strukturlarının Azərbaycandan çıxarılmasını, sərhəd zastavalarının, əmlakın və infrastrukturun qəbul edilməsini və s. olay və prosesləri birbaşa yaşayan şəxslərdəndir.
 
Polkovnik Abdullayev Moderator.az-a həmin illərin ən mühüm və maraqlı məqamların barədə xatirələrini nəql edir:

(Əvvəli burada: )
 
“...Artıq Azərbaycan ərazisini tərk etməyə başlayan Rusiya ordusundan sərhəd zastavalarını, əmlakı və digər infrastrukturu təhvil almağa başlamışdıq.
 
İlk olaraq Naxçıvandakı keçmiş SSRİ Sərhəd Qoşunlarının 41-ci sərhəd dəstəsini rus hərbçilərindən qəbul etməli idik. Naxçıvandan xəbər verdilər ki, orada əsgər çatışmır. Ona görə də bazadan 15 əsgər götürdük...
 
...“QAZ-66” markalı hərbi yük maşınına minib hava limanına yollandıq. Dövlət sərhədlərinin təhvil-təslimi üzrə komissiyanın sədri Arif Əliyarov xidməti maşında gedirdi, komissiyanın digər üzvləri isə bizimlə birlikdə idilər.
 
Yolda, “Radiozavod”un qarşısında maşın hansısa səbəbdən dayandı. Elə maşın dayanan kimi əsgərlərdən biri qəfil yerə atılıb qaçmağa başladı. Polkovnik Vaqif Ağayevlə birlikdə dərhal maşından düşüb onun dalınca qaçdıq. Axı cəmi 15 əsgər aparırdıq ki, bizə orada kömək etsinlər. Qarşıda isə o dövr üçün son dərəcə mühüm və məsuliyyətli bir vəzifə dayanırdı: Rusiya ordusundan Naxçıvandakı sərhəd dəstəsini təhvil almaq...
 
Yaxşı ki, əsgəri tutub saxlaya bildik. Onu sakitləşdirib başa saldıq:
 
-Ay oğul, qorxma, müharibəyə, güllə qabağına, ölümə getmirsən. Naxçıvana — sərhədə gedirik. Rusiya ordusundan sərhəd zastavalarımızı təhvil götürəcəyik. Orada da Bakıdakı kimi sadəcə hərbi xidmət yeridir. Biz sərhəd qoşunlarını qəbul edirik. Bu isə hər birimiz, o cümlədən sənin üçün çox şərəfli bir iş olacaq...
 
Nəhayət, bütün çətinliklərə baxmayaraq, təyyarə ilə Naxçıvana gəlib çatdıq və təhvil-təslim işlərinə başladıq.
 
Həmin vaxt SSRİ Sərhəd Qoşunlarının 41-ci sərhəd dəstəsi indiki Naxçıvan Muxtar Respublikasının, - o dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlandırılırdı, -İran və Türkiyə ilə sərhəd ərazilərini mühafizə edirdi.
 
Heydər Əliyev sərhədin təhvil-təslim prosesinə özü nəzarət edirdi...

Naxçıvanda sərhədlərin təhvil-təslimi üzrə komissiyanın işinə o günlərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan mərhum Heydər Əliyev şəxsən nəzarət edirdi.
 
Rusiya hərbçiləri 41-ci sərhəd dəstəsindəki əmlakın, texnikanın və silah-sursatın böyük hissəsini özləri ilə aparmağa çalışırdılar. Lakin Heydər Əliyev buna imkan vermirdi. Maraqlıdır ki, rus hərbçiləri özləri də ona böyük hörmətlə yanaşırdılar...
 
Heydər Əliyev onlara açıq şəkildə bildirirdi:
 
-Bizi təpədən-dırnağa qədər silahlanmış erməni quldurları ilə üz-üzə qoyursunuz. İndi bir də silah-sursatı aparmaq istəyirsiniz? Mən buna heç vaxt imkan vermərəm...
 
Rusiya hərbçiləri müəyyən məsələlərdə müxtəlif arqumentlər irəli sürüb bizi öz aləmlərində aldatmağa çalışırdılar. Məsələn, deyirdilər:
 
-Bina və qurğular sizin olsun, qalan əmlak bizim.
 
Heydər Əliyev isə buna etiraz edirdi:
 
-Xeyr. Bina və qurğular onsuz da bizimdir. Onlar Azərbaycan hökuməti büdcəsinin vəsaiti hesabına tikilib. Silah-sursat isə yarı bölünməlidir.
 
Ruslar da məcbur olub bu məntiq qarşısında  razılaşırdılar...
 
Nəticədə Naxçıvan sərhədi boyunca bütün zastavalar, binalar və qurğular Azərbaycan tərəfinin hesabında qaldı...
 
Anbarlardakı “sirli” silahlar...

Rusiya hərbçiləri bilirdilər ki, həmin dövrdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəy ilə Rusiya Prezidenti Boris Yeltsin arasında qoşunların Azərbaycandan çıxarılması barədə saziş imzalanıb. Deməli, Rusiya hərbçiləri Azərbaycandan, o cümlədən Naxçıvandan gedəcəkdilər. Buna görə də bəzi əmlak, texnika və digər vasitələri əvvəlcədən aparmış olmaları mümkün idi...
 
Lakin silah-sursatı qəbul edərkən maraqlı bir mənzərə ilə qarşılaşdıq. Anbarlarda dünyanın aparıcı ölkələrinin istehsalı olan atıcı silahların demək olar ki, hər birindən üç-dörd nümunə saxlanılırdı. Sonradan öyrəndik ki, bu, sovet dövrünün ən ciddi sirrlərindən biri idi. Orada ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya və digər ölkələrin istehsalı olan silahlar vardı...
 
Bəs bu silahlar nə üçün saxlanılırdı?

Sən demə, sovet dövründə belə xarici silah nümunələri digər ölkələrdə keçiriləcək xüsusi əməliyyatlarda istifadə üçün müxtəlif sərhəd məntəqələrində saxlanılırdı. Məsələn, sovet kəşfiyyatçıları İranda, Türkiyədə, ərəb ölkələrində və başqa yerlərdə hansısa diversiya əməliyyatı keçirdikləri zaman hadisə yerində ABŞ, Almaniya və ya digər Qərb ölkələrinə məxsus silahlar qoyula bilərdi. Beləliklə, törədilən hadisənin başqa dövlətlərin üzərinə atılması üçün zəmin yaradılırdı...
 
Heydər Əliyev Rusiya hərbçilərinin həmin xarici silah nümunələrini də aparmasına icazə vermədi.
 
Yadımdadır, zastavalardan birinin komandiri Jukov soyadlı zabit idi. Heydər Əliyev yalnız ona bir tapança götürməyə icazə verdi. Qalan xarici silah nümunələrini isə biz təhvil aldıq...
 
“Bütün dəstəni və zastavaları qarış-qarış gəzmişəm...”

Mən  mülki ixtisasımla, işimlə bağlı iqtisadi, texniki və inşaat məsələlərini, eləcə də torpaq, əmlak, bina və qurğuların qiymətləndirilməsi işlərini yaxşı bildiyim üçün təhvil-təslim prosesinin protokollarının hazırlanmasında şəxsən iştirak edirdim.
 
Bütün sərhəd dəstəsini və zastavaları qarış-qarış gəzmişəm. Hər bir obyektin, binanın, qurğunun, əmlakın və texnikanın vəziyyəti ilə tanış olur, onları qeydiyyata alırdıq.
 
Öncə də qeyd etdiyim kimi, Arif Əliyarov komissiyanın sədri idi. Məni isə onun müavini kimi mühəndis komissiyasının tərkibinə daxil etmişdilər.
 
Bu iş həm böyük məsuliyyət, həm də tarixi əhəmiyyət daşıyırdı. Çünki söhbət sadəcə bir neçə hərbi obyektin təhvil alınmasından getmirdi. Söhbət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dövlət sərhədinin və sərhəd qoşunlarının maddi-texniki bazasının formalaşdırılmasından gedirdi.
 
Naxçıvandan sonra Göytəpə...
 
Naxçıvanda təhvil-təslim işlərini başa çatdırdıqdan sonra növbəti ünvana yollandıq. O vaxt “Prişib” adlanan Göytəpədə yerləşən 43-cü sərhəd dəstəsini qəbul etməli idik...
 
(Davamı var)
 
Təqdim etdi:
Sultan Laçın