Məlum olduğu kimi, Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir. Forum iştirakçılarına mürciət ünvanlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev medianın bugünü və gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Medianın dövlətlərin və xalqların həyatındakı əhəmiyyətini vurğulayan ölkə başçısı, müasir dövrdə onun yeni məna və dəyər kəsb etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, “media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir”. (https://president.az/az/articles/view/73617 ).
Göründüyü kimi, Prezident İlham Əliyev çağdaş medianı ictimai diplomatiyanın önəmli vasitələrindən biri kimi dəyərləndirməkdədir. Həqiqətən də, ən yeni texnologiyalarla silahlanan və dünyanın istənilən nöqtəsinə asanlıqla yol tapan müasir media sadəcə cəmiyyət daxilindəki münasibətlərə deyil, həm də iki müxtəlif dövlət və xalq arasındakı münasibətlərə ciddi təsir göstərən mühüm vastələrdən biridir. Çünki heç bir qüvvə xalqların fikir və düşüncəsini media qədər sürətli və kütləvi şəkildə dəyişə, manipulyasiya edə bilmir. Elə bu səbəbdən də bəzi qüvvələr medianın imkanlarından dezinformasiyaların yayılmasında istifadə edir, medianı öz bəd əməllərinin alətinə çevirirlər. Dünya təcrübəsi göstərir ki, bəzi hallarda digər xalq və ya icmalara qarşı nifrət toxumlarını səpilməsində, zorakılıq və qarşıdurmaya səsləyən çağırışların edilməsində medianın imkanlarından geniş istifadə edilir. Hansı ki, bu acı reallıq dəfələrlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ən yüksək tribunalardan ifşa edilib. Dəfələrlə bəzi Qərb dövlətlərində fəaliyyət göstərən media orqanlarında Azərbaycan haqqında yalan məlumatların yayılmasına diqqət çəkən dövlət başçısı, bunun sadəcə jurnalist əxlaqına deyil, ədalət və həqiqətə zidd olduğunu bildirib, bu cür hallara qarşı səmimi və birgə mübarizənin vaciblyini qeyd edib.
Dövlət başçısı Forum iştirakçılarına müraciətində medianın qarşılıqlı anlaşma və regional əməkdaşlıq aləti kimi də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Həqiqətən də media sahib olduğu nəhəng güc və çevik təsir mexanizmi hesabına regional əməkdaşlığa böyük töhfə verə bilər. Lakin bunun üçün mediadan düzgün istifadə olduqca vacibdir. Əks təqdirdə, media informasiya, mənəvi-ideoloji və psixoloji baxımdan dağıdıcı gücə çevrilə, təsəvvür edilə bilməyəcək qədər böyük və qanlı qarşıdurmalara yol aça bilər.
Bir sözlə, Prezident İlham Əliyevin AQEM Media Forumu iştirakçılarına ünvanladığı müraciətdən əldə edilən əsas qənaətlərdən biri budur: Media sülhə və ədalətə xidmət etməlidir, nifrət və qarşıdurmaya deyil. Yalnız bu halda dünya medianın gücünün yaradıcı təsirlərindən yararlana, onu sülh və təhlükəsizliyin əsas vasitələrindən birinə çevirə bilər.
Seymur ƏLİYEV