“Adam etdiyi yaxşılıqları başa qaxınc etməz, gör bir dəfə Mənsum İbrahimov tələbləri haqda artıq-əskik danışıb?”
02 Oct 2026, 08:33 29 baxış 3 dəq oxuma
“Tacirin özünəməxsus ifa tərzi var. Bu ona Allahın verdiyi vergidir. Hamının üstündə hamının zəhməti ola bilər. Kimsə durduğu yerdə böyük sənətkar olmur. Hər kəsin yanında bir müəllimi olur, onun əlindən tutub yol göstərir. Murad Rzayevin Tacirə xəstə yatağında bəddua etməsini doğru hesab etmirəm. Xəstə yatağında olan insana bu sözü demək olmaz. Mən özüm də 2 ildir xəstəyəm. Xoşum gələrmi kimsə mənim üçün desin ki, “onu görüm ondan da betər günə qalsın”? Vallah heç kim bu sözü götürməz. Bu Allahın işidir. Allah birinə xəstəlik verər, birinə sağlıq verər. Amma bəddua etmək günahdır. Özü də bunu bir kişiyə, ağsaqqal adama yaraşdırmadım”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Musiqili Teatrın aparıcı aktrisası Fatma Mahmudova deyib.
O daha sonra əlavə edib:
“Bayatı-Şirazın möhürünü Tacir vurub. O uşaq ikən bu mahnını gör necə oxuyubsa hələ də dillərdə dastandır. Azərbaycanda “Bayatı-Şiraz” deyəndə Tacir Şahmalıoğlu yada düşür. Bu danılmaz faktdır və o öz səsi ilə tarix yazıb. Tələbənin başında bir şey olmasa 50 müəllim də gələ o heç nə edə bilməz. Təyyar Bayramovun oğlu Kənan da “Bayatı-Şiraz”-ı çox gözəl ifa edib. Onun hələ gələcəyi qabaqdadır, Kənan çox gözəl sənətkar olacaq. Ona da uğurlar arzu edirəm. Allah Taciri bizim sənətimizdən əskik etməsin. Yeri gəlmişkən dünən Xalq artisti Mənsum İbrahimovun doğum günü idi. Onu da ürəkdən təbrik edirəm. Mənsum İbrahimovun yetişdirdiyi tələbələrin əksəriyyəti Xalq və Əməkdar artistlərdir. Müəllim belə olar. Görün Mənsum müəllim tələbələri haqda bir dəfə artıq-əskik nəsə danışıb?! Adam etdiyi yaxşılıqları başa qaxınc etməz. Ona görə də Mənsum İbrahimovu müəllim kimi heç kimə tay tuta bilmərəm. O birincilər birincisidir. Tacir müəllim işləməyib, amma yüzlərlə sənətə gələn gənc onun “Bayatı-Şirazı”-na qulaq asıb. Tacir zəhmətkeş adamdır. O 5 dəqiqə oturmayıb. Özünü oda, közə vurub və bu yerlərə qədər gəlib çatıb. Murad müəllimin böyüklüyü bu olardı ki, gedib Tacirə baş çəkərdi.. Adam düşmən qapısına gedir.. Tacirin heç kimlə işi olmayıb, o heç kimə pislik etməyib”.
Qeyd edək ki, “Qarabağ bülbülləri” ansamblının rəhbəri Murad Rzayev Tacir Şahmalıoğlu haqda “Oğlum öldü gəlmədi, onu görüm bundan da betər günə qalsın” ifadələrini işlədib.