“Trampın İranı məhv etmək ideyası yeni müharibələrin qapısını açar...”-KONFLİKTOLOQ
02 Oct 2026, 12:12 28 baxış 7 dəq oxuma
“Iranı məhv etmək doğrudan da mümkün olarsa, bu qalıcı bir sülhlə deyil, dərinləşmiş və genişlənmiş yeni munaqişə ocaqlarının yaranması ilə nəticələnər...”
“Müzakirə zamanı rəqibinizə “ya mənim şərtlərimi qəbul et, ya da səni məhv edəcəyəm” deyirsinizsə, deməli, diplomatiya yox, məcburetmə siyasəti yeridirsiniz...”
Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında “İranı məhv etmək” barədə etdiyi çıxışı “Taym”(TİME) jurnalına verdiyi müsahibədə şərh edərkən belə deyib: “İranı məhv etməklə bütün dünyada sülhə nail olardıq. Düşünmürəm ki, İranla sülh bağlamaq mümkün olsun.”
Birləşmiş Ştatlarda yaşayıb fəaliyyət göstərən həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, konfliktoloq və sülh fəalı professor Əli Əskərli Moderator.az-a supergüc liderinin bu fikrini belə şərh edib:
“Trampın “İranı məhv etməklə bütün dünyada sülhə nail olduq” fikri ilk növbədə ona görə absurddur ki, burada “İranı məhv etmək” anlayışının özü qeyri-müəyyəndir. Əgər söhbət İranın siyasi rejimindən gedirsə, bunu açıq şəkildə demək lazımdır. Əgər söhbət İran dövlətinin və onun hərbi imkanlarının məhv edilməsindən gedirsə, bu da başqa məsələdir. Amma söhbət İran xalqından, onun dövlətçiliyindən və ya ölkənin fiziki məhvinə gətirib çıxaracaq müharibədən gedirsə, bu artıq sülh siyasəti deyil, bütöv bir cəmiyyətin kollektiv cəzalandırılması məntiqidir. Maraqlıdır ki, “TIME” nəşrinə müsahibəsində jurnalist məhz bu məsələni Trampdan soruşur, lakin onun cavabı bu qeyri-müəyyənliyi aradan qaldırmır...
Daha ciddi problem isə “İranı məhv etməklə dünyada sülh yaratmaq” kimi təhlükəli bir səbəb-nəticə əlaqəsinin qurulmasıdır. Bir ölkənin hərbi potensialını məhv etmək və ya onun rejimini devirmək avtomatik olaraq sülh yaratmır və yarada da bilməz. Əksinə, tarix göstərir ki, dövlətlərin dağıdılması çox vaxt yeni hakimiyyət boşluğu, radikallaşma, silahlı müqavimət, qaçqınlıq və regional qeyri-sabitlik yaradır. İran kimi böyük əraziyə, əhaliyə, tarixi dövlətçilik ənənəsinə və regional əlaqələrə malik ölkənin zor gücünə “məhv edilməsi” halında bunun nəticələrinin yalnız İran sərhədləri daxilində qalacağını düşünmək xüsusilə çətindir. Ona görə də Iranı məhv etmək doğrudan da mümkün olarsa, bu qalıcı bir sülhlə deyil, dərinləşmiş və genişlənmiş yeni munaqişə ocaqlarının yaranması ilə nəticələnər...
Trampın “İranla heç vaxt sülh mümkün deyil” fikri də ayrıca izah tələb edir. Sülhün mümkün olub-olmaması metafizik həqiqət deyil; dövlətlərin konkret siyasətlərindən, qarşılıqlı maraqlardan, təhlükəsizlik zəmanətlərindən və danışıqların şərtlərindən asılı olan siyasi məsələdir. Burada Tramp hər halda onların tələblərinin Iran tərəfindən əsla qəbul edilməyəcəyinə olan inamını etiraf edir.
Hazırkı vəziyyətdə məsuliyyəti yalnız İranın üzərinə qoymaq da reallığı həddindən artıq sadələşdirməkdir. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, İranın cavab zərbələri, nüvə proqramı ətrafındakı qarşıdurma və uzun illər davam edən qarşılıqlı düşmənçilik bir-birindən ayrı hadisələr deyil, eyni təhlükəsizlik dilemmasının müxtəlif tərəfləridir. 2026-cı ilin münaqişəsi də artıq 7 aya yaxın davam edir və BMT Baş Assambleyası zamanı belə ABŞ və İran nümayəndələri danışıqlar aparırdılar...
Tramp tez-tez fikir dəyişdirməklə məşhurlaşmış bir prezidentdir. Əslində, o, bir müddət əvvəl Iranla artıq anlaşmış olduqlarını da söyləmişdi. Burada paradoksal məqamlardan biri budur ki, Tramp bir tərəfdən İranla razılaşmanın mümkün olduğunu deyir, digər tərəfdən İranın “məhv edilməsini” alternativ kimi təqdim edir. BMT çıxışında o, İranın “daha böyük və daha güclü ölkə” kimi yenidən qurulmasına imkan verəcək razılaşma ilə “İslam Respublikasını məhv etmək” arasında seçim etdiyini söyləmişdi. Bu, sülh danışıqlarının mahiyyətinə uyğun gələn dil deyil. Müzakirə zamanı rəqibinizə “ya mənim şərtlərimi qəbul et, ya da səni məhv edəcəyəm” deyirsinizsə, deməli, diplomatiya yox, məcburetmə siyasəti yeridirsiniz...
Əlbəttə, İranın öz məsuliyyəti və ciddi problemləri var. İran hakimiyyətinin daxili repressiyası, bəzi regional silahlı qruplara dəstəyi, İsrail və ABŞ-la qarşıdurmanı dərinləşdirən siyasəti və nüvə proqramı ilə bağlı yaratdığı beynəlxalq narahatlıqlar real məsələlərdir. Lakin bunların mövcudluğu ABŞ və İsrailin bütün hərbi addımlarını avtomatik olaraq legitim və sülhpərvər etmir. Eyni şəkildə, ABŞ və İsrailin hərəkətlərini tənqid etmək də İran hakimiyyətinin bütün siyasətini müdafiə etmək demək deyil...
Əslində, gerçək və qalıcı sülh üçün qarşı tərəfin yox edilməsi deyil, qarşılıqlı təhlükəsizlik maraqlarının müəyyənləşdirilməsi, etibarlı təminatlar və işlək danışıqlar mexanizmləri lazımdır. Təbii ki, İranın rəqibləri hazırkı mərhələdə bunu qəbul edə bilmirlər. Çünki belə bir yanaşmanı həm daxili auditoriyaya, həm də dünya ictimaiyyətinə izah etmək olduqca çətindir. Bundan başqa, müharibənin əsas motivlərinin davam etməsi bir yana dursun, bu gün siyasi, iqtisadi, hərbi və diplomatik baxımdan yaranmış vəziyyət hücuma başlayan dövlətlər üçün getdikcə daha mürəkkəb və ağır nəticələr doğurur. Ona görə də bu günkü şəraitdə Trampın istifadə etdiyi “sülh” sözü, əslində, müharibənin başqa bir adından özgə bir şey deyil...
Supergüc liderinin istifadə etdiyi dildəki problem də məhz buradadır. Dünyanın ən güclü dövlətlərindən birinin prezidentinin “məhv etmək” və “sülh yaratmaq” anlayışlarını eyni cümlədə işlətməsi sadəcə ritorik sərtlik deyil. Bu, beynəlxalq siyasətdə təhlükəli bir düşüncə tərzini normallaşdırmaq cəhdidir. Guya sülhə aparan yol rəqibin siyasi iradəsini danışıqlar yolu ilə dəyişməkdən deyil, onu fiziki və ya hərbi cəhətdən sıradan çıxarmaqdan keçir. Tarixi təcrübə isə bunun nə qədər riskli bir fərziyyə olduğunu dəfələrlə göstərib…”