Rusiya hərbi eksperti Andrey Maroçko Ukrayna Silahlı Qüvvələrinin sentyabr ayında təxminən 48 min hərbçi və xarici muzdlu itirdiyini iddia edib.


Moderator.az rusiya mediasına istinadla xəbər verir ki, Maroçko bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatlarını təhlil etdiyini bildirərək açıqlama verib.






Onun sözlərinə görə, sentyabr ayında Ukrayna tərəfinin geri qaytarılması mümkün olan və mümkün olmayan şəxsi heyət itkiləri ümumilikdə 47 885 nəfər təşkil edib. Ekspert bu göstəricinin avqust ayı ilə müqayisədə 9 240 nəfər çox olduğunu bildirib.


Maroçkonun iddiasına görə, Ukrayna qüvvələrinin ən böyük itkiləri sentyabr ayında Donetsk istiqamətində qeydə alınıb.


O həmçinin bildirib ki, Rusiya qüvvələri sentyabr ərzində 24 min pilotsuz uçuş aparatı, 30 pilotsuz yerüstü gəmi, 70 dəniz vasitəsi, 7 reaktiv yaylım atəş sistemi, 257 səhra artilleriya qurğusu, 310 tank və digər zirehli texnika, 154 elektron müharibə və əks-batareya radar sistemi, eləcə də 2500-dən çox digər hərbi texnika məhv edib.


Qeyd edək ki, açıqlanan itki rəqəmləri Rusiya tərəfinin məlumatlarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Ukrayna tərəfi də bu rəqəmləri təsdiqləməyib.