“Təhsil Nazirliyinin “başıaçıq” strategiyası valideynlərin də başını kurslara pul ödəməkdən açacaqmı?..”
17 Oct 2026, 13:03 2 baxış 4 dəq oxuma
“Sumqayıtda sahibkarın öz fermasında, çobanın otağında dəm qazından ölməsi bir daha göstərir ki, insan fermasına, təsərrüfatına sərmayə qoya bilər, amma qazandığı pullardan başı gicəllənib özündən öncə tabeliyindəki rəiyyətin təhlükəsizliyini unudarsa, qazancın da, var-dövlətin də mənası qalmır...”
-7 CÜMLƏDƏ 7 DƏRD...-
“Meyvəli” bazarında arabaçı işləyən Fəridlə İslam nəfslərinə uyub cəmi 5 min manatlıq 33 kisə fındığı Korgöz qəsəbəsinə apardıqları üçün həbs ediliblər; amma milyonlarla, milyardlarla ölçülən yeyintilərdə adı hallanan keçmiş yüksək vəzifəli məmurların, nazir və icra başçılaının fonunda belə görünür ki, İtigöz villa şəhərciyində oğurluğun böyüyü yox, xırdası daha tez gözə dəyir...
*** *** *** Sovet dövrü və müstəqillik dövrləri ilə birlikdə 40 ildən çox yüksək vəzifələrdə olmuş Ramiz Mehdiyevin həmin müddətdə xalqa, dövlətə vurduğu zərər fonunda onun yalnız bir il öncə həbs edilməsi və indi də təltif və adlarının əlindən alınması təşəbbüsü “Toydan sonra nağara...”, “Daldan atılan daş topuğa dəyər” və ya "İlanın quyruğunu tapdalayandan sonra çomaq axtarmaq” kimi xalq kəlamlarını yada salır...
*** *** ***
Elza Seyidcahanın yumurtanın bu hədsiz bahalaşan vaxtında böyük risk edib başına qoyduğu yumurtalardan toyuqsuz-filansız, sadəcə onun beyninin hərarətinin təsiri ilə 5-6 cücə çıxsa, bəlkə də Azərbaycanın gələcək tərəqqisi, o cümlədən kənd təsərrüfatının inkişafı üçün nəhayət, bir neçə ümidverici “cücə” yetişdirmiş olarıq...
*** *** ***
“Ay xalı”, “555”, “Xalça plus” şirkətlərinin müştərilərdən yumaq üçün topladığı 10 min xalça şirkətlərlə birgə yoxa çıxıb və sonda Binədə anbara yığılıb – görünür, şirkət sahiblərinin sahiblərinin özlərinin “steril və etibarlı şəkildə yuyulub” Kürdəxanı həbsxanasında saxlanılmasının vaxtı çatıb...
*** *** ***
Bakıda səhiyyənin bərbad durumu, həkimlərin insafsızlığı, ərzaqlar kimi dərmanların da bahalığı, işsizlik ucbatından başında fikirlər-dərdlər qaynaşan piyadalar ölümə doğru o qədər tələsir ki, Sülh küçəsində təcili yardım piyadanı vurub öldürüb — görünür, bu dəfə sükan arxasında Əzrayılın özü olub və küçənin adı ilə reallıq arasında da barışıq alınmayıb...
*** *** ***
Şagird və müəllimlərin vahid formada olması, əlbəttə, müsbət haldır, fəqət onilliklərdir təhsildəki “hicablı strategiya” məktəbləri repetitor asılılığından, keyfiyyətsiz tədrisdən və valideynlərin cibinə uzanan əllərdən xilas edə bilməyib; indi görək, Təhsil Nazirliyinin “hicabsız, başıaçıq strategiya”sı bu biabırçı vəziyyəti düzəldəcəkmi, binəva valideynlərin başı hazırlıq kurslarına pul ödəməkdən başları açılacaq, yoxsa şagirdlər yenə başıaçıq məktəbdən çıxıb repetitorun qapısına gedəcəklər?..
*** *** ***
Sumqayıtda sahibkarın öz fermasında, çobanın otağında dəm qazından ölməsi bir daha göstərir ki, insan obyektinə, təsərrüfatına sərmayə qoya bilər, amma qazandığı pullardan başı gicəllənib özündən öncə tabeliyindəki rəiyyətin təhlükəsizliyini unudarsa, qazancın da, var-dövlətin də mənası qalmır...