İranın xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirak edən iki iranlı diplomatın ABŞ-ın tələbi ilə ölkədən çıxarıldığı barədə məlumatları təkzib edib.


Moderator.az xəbər verir ki, Əraqçi sosial media hesabında paylaşım edərək ABŞ-ın “Axios” xəbər platformasının yaydığı xəbərə münasibət bildirib. O, BMT Baş Assambleyasında iştirak edən İran diplomatlarının böyük əksəriyyətinin ABŞ-ı planlaşdırıldığı kimi tərk etdiyini açıqlayıb.






“Daha əvvəl gedən bir nəfər istisna olmaqla, BMT Baş Assambleyasında iştirak edən bütün İran diplomatları planlaşdırıldığı kimi ABŞ-dan yola düşüblər”, – deyə Əraqçi bildirib.


İranlı nazir diplomatların ABŞ-dan “qovulması” ilə bağlı xəbəri də tənqid edib. Onun sözlərinə görə, belə bir addımla öyünmək ABŞ Dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi diplomatik missiyaya yaraşmır. Əraqçi bu yanaşmanın BMT-nin ev sahibi ölkə kimi üzərinə götürdüyü öhdəliklərlə uyğun gəlmədiyini bildirib.


Bundan əvvəl “Axios” adı açıqlanmayan ABŞ rəsmisinə istinadən xəbər yayıb ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında iştirak edən İran nümayəndə heyətinin iki üzvü ABŞ-ı tələb olunan müddətdə tərk etmədikləri üçün Dövlət katibi Marko Rubionun əmri ilə ölkədən çıxarılıb.


Beləliklə, İran tərəfi diplomatların ABŞ-dan məcburi şəkildə çıxarıldığı barədə məlumatları rəsmən təkzib edib.