Niyə planlarımızı hər kəslə bölüşməməliyik?.. – İslam və psixoloqiya nə deyir?..
06 Oct 2026, 17:47 24 baxış 6 dəq oxuma
Peyğəmbərimiz Məhəmməd əleyhissəlam: “Planlarınızı gizlətmək sizə kömək edər. Çünki həqiqətən, hər bir nemət sahibinə həsəd aparanlar olur…”
“Planlar geniş şəkildə yayıldıqda insan onları həyata keçirmək əvəzinə izahat verməyə, özünü doğrultmağa və müxtəlif müzakirələrə vaxt və enerji sərf edir...”
“Niyyətləri gizli saxlamaq insanı riyadan – özünü göstərmək, yaxşı əməlləri insanların tərifi və rəğbəti üçün nümayiş etdirməkdən qoruyur...”
İnsan bəzən gələcəklə bağlı arzularını, planlarını və niyyətlərini yaxınları ilə bölüşmək istəyir. Lakin psixoloqlar bunun hər zaman faydalı olmadığını, İslam mənbələrində isə insanın niyyət və planlarını hər kəslə paylaşmamasının tövsiyə edildiyini bildirirlər. Bəs bunun səbəbi nədir? Planlarımızı başqalarından gizli saxlamaq motivasiyamıza necə təsir edir və dini baxımdan bunun hansı əhəmiyyəti var?..
Moderator.az-ın bu mövzuda dəyərli oxucularına təqdim etdiyi aşağıdakı material “İslam-Today” nəşrində Nursina Kuramşina ad-soyadlı müəllifin “Niyə öz gələcək planlarımız haqda başqalarına danışmamalıyıq?” başlıqlı yazısının tərcüməsi əsasında hazırlanıb:
“İnsanlar tez-tez arzularını və gələcək planlarını ətrafındakılarla bölüşmək istəyirlər. İlk baxışdan tamamilə zərərsiz görünən bu addım isə bəzən xoşagəlməz nəticələrə səbəb ola bilər. İslam da bu məsələdə həddindən artıq açıqlıqdan çəkinməyi tövsiyə edir.
Bəs planlarımız barədə niyə hər kəsə danışmamalıyıq? Psixologiya baxımından bunun bir neçə səbəbi var.
1. Motivasiyanın azalması...
Araşdırmalar göstərir ki, insan planlarını dərhal başqaları ilə bölüşəndə, qarşısına qoyduğu işi hələ yerinə yetirməmiş belə, müəyyən məmnunluq hissi keçirir. Bu isə irəliləyiş illüziyası yaradır və fəaliyyətə yönəlmiş daxili motivasiyanı azaldır.
Beləliklə, “tapşırığın saxta şəkildə yerinə yetirilməsi” effekti meydana çıxır. İnsan məqsədə çatmadan sanki artıq nəsə əldə etdiyini düşünür və nəticədə fəaliyyətə olan həvəsi zəifləyə bilər...
2. Tənqid və mənfi təsir riskinin artması…
Planlarınızı bölüşməklə özünüzü başqalarının şübhə və skeptisizminə qarşı daha həssas vəziyyətə gətirirsiniz. Mənfi fikirlər insanın motivasiyasını azalda, hətta onu qarşısına qoyduğu məqsədlərdən imtina etməyə vadar edə bilər…
3. Enerjinin və diqqətin itirilməsi…
Planlar geniş şəkildə yayıldıqda insan onları həyata keçirmək əvəzinə izahat verməyə, özünü doğrultmağa və müxtəlif müzakirələrə vaxt və enerji sərf edir. Nəticədə əsas məqsədə – planın reallaşdırılmasına diqqət azalır.
4. Cəmiyyətin manipulyasiyası və rəqabəti…
Bəzi hallarda ətrafınızdakı insanlar planlarınız barədə əldə etdikləri məlumatdan öz üstünlükləri üçün sizə qarşı istifadə edə bilərlər. Buna görə də şəxsi məqsədlər və gələcəklə bağlı niyyətlər barədə kimə və nə qədər məlumat vermək məsələsində diqqətli olmaq vacibdir…
Bəs İslam planları açıqlamaq barədə nə deyir?
Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın bir hədisində belə deyilir:
“Planlarınızı gizlətmək sizə kömək edər. Çünki həqiqətən, hər bir nemət sahibinə həsəd aparanlar olur…”
Peyğəmbərimiz (s) məqsəd və niyyətlərimizi vaxtından əvvəl geniş şəkildə elan etməkdən çəkinməyi də tövsiyə edib. Bunun səbəblərindən biri bədxah insanların həsədindən qorunmaqdır.
Digər bir hədisdə isə belə deyilir:
“Bədnəzər, gözdəymə gerçəkdir!”
Bundan əlavə, niyyətləri gizli saxlamaq insanı riyadan – özünü göstərmək, yaxşı əməlləri insanların tərifi və rəğbəti üçün nümayiş etdirməkdən qoruyur.
İnsan bir işi insanların tərifi və tanınması üçün deyil, Allah rizası üçün gördükdə, həmin əməl daha böyük dəyər və bərəkət qazanır.
Allahın Elçisi (s) belə buyurub:
“Möminin niyyəti onun əməlindən daha xeyirlidir”.
Bununla belə, bu, tamamilə özümüzə qapanmalı və heç kimə etibar etməməli olduğumuz anlamına gəlmir.
Elə vəziyyətlər var ki, planları müdrik və etibarlı insanlarla müzakirə etmək faydalı ola bilər. Məsələn, onlardan məsləhət, dəstək və ya qorunmaq üçün yardım almaq mümkündür. Lakin belə hallarda da tədbirli olmaq və kimə etibar etdiyimizi düzgün seçmək vacibdir.
Planlarını gizli saxlamaq, ilk növbədə, ehtiyatlılığın göstəricisidir. Bu yanaşma insanın motivasiyasını qorumasına, diqqətini gücləndirməsinə və mənfi təsirlərdən uzaq qalmasına kömək edir.
İslam prizmasından baxdıqda isə bu, eyni zamanda Allaha təvəkkülün, düzgün niyyətin möhkəmləndirilməsinin və bədxah insanlardan qorunmağın bir formasıdır...”