Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi müzakirə olunub.


Maraqlıdır, korrupsiya ilə əlaqədar hüquqpozma haqqında məlumat verən şəxslərin mükafatlandırılması korrupsiya cinayətlərinin ifşasına nə vəd edir? Maddi mükafatlandırma faktı vətəndaşların korrupsiya cinayətləri haqqında əlaqədar qurumları daha çevik məlumatlandırmasına səbəb ola bilərmi?






Moderator.az-a açıqlama verən tanınmış hüquqşüns Qulamhüseyn Əlibəyli mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:


“Bu yenilik praktikada özünü nə dərəcədə göstərəcək, bu barədə konkret nə isə demək çətindir. Hüquqi və nəzəri baxımdan bu qanun ona hesablanıb ki, vətəndaşlar rast gəldikləri korrupsiya halları haqqında bu və ya digər şəkildə məlumat versinlər.


Hazırda Azərbaycanda vətəndaşların bu məsələdə aktivliyi aşağıdır. Bu isə korrupsiya hallarının aşağı və orta səviyyələrdə genişlənməsinə gətirib çıxarır.


Azərbaycan dövləti anlayır ki, korrupsiya cəmiyyət üçün müəyyən təhlükələr törədir və risklər yaradır. Buna görə də bir çox vasitələrlə bunun qarşısını almaq üçün tədbirlər görülür. Bunun biri də maddi həvəsləndirmədir. Korrupsiya haqqında məlumat verən şəxslərin müdafiəsi də mühüm önəm kəsb edən məsələlərdəndir.


Vətəndaşlar korrupsiya ilə əlaqədar hüquqpozma halları ilə bağlı məlumat verəndə bu cür neqativ halları daha tez aşkar etmək mümkün olur. Ancaq dediyim kimi, bu qanunun praktikada necə işləyəcəyini zaman göstərəcək”.


Seymur ƏLİYEV