Bir müddət əvvəl Əməkdar incəsənət xadimi, tanınmış muğam bilicisi, qəzəlxan Hacı Aqil Məlikovun səhhətində problem yaranmışdı. Sənətkar paytaxt xəstəxanalarından birində açıq ürək əməliyyatı keçirmişdi. Bəs görəsən xanəndənin səhhəti necədir?
 




Moderator.az-a açıqlama verən Hacı Aqil Məlikov bildirib ki, səhhətində müsbətə doğru irəliləyiş var:

“Şükür Allaha yavaş-yavaş düzəlirəm. Həkimlər səhhətimin yaxşı olduğunu deyirlər, amma müəyyən şeylər var ki, onlar tədricən keçməlidir, 3-5 günə sağalan deyil. Bilirsiniz ki, uzun illərdir Milli Konservatoriyada çalışıram. Hələ ki, pedaqoji fəaliyyətlə məşğul ola bilmirəm. Noyabr ayının 1-dən işə çıxacam. Sağ olsun sənət dostlarım, konservatoriyanın rəhbərliyi və müəllimləri daim səhhətimlə maraqlanırlar, gəlib mənə baş çəkirlər”.

Hacı Aqil Məlikov bildirib ki, xəstəliyinin üstünə vaxtında düşüb:
 
“Bel nahiyəmdə problem var idi. Mən elə bildim ki, budur mənə əziyyət verən. Ard-arda təngənəfəs də olurdum. Sən demə damarlar tutulub. Ürək güclü olduğu üçün ayaqüstə keçirmişəm. Həkim ürək damarlarının birinin 99 faiz, digərinin isə 100 faiz tutulduğunu bildirdi. Əslində həkimə o niyyətlə getmişdim ki, stent qoyulsun. Mümkün olmadı, stentlik deyildi. Ona görə də açıq ürək əməliyyatı keçirdim. Allahın bu gününə şükürlər olsun”.