“Qurban İsmayılovla tərəf müqabili olacağımı eşidəndə sevindim, çünki...” - aktrisa “Xəyanət”-dən danışdı - FOTO+ÖZƏL
07 Oct 2026, 10:20 16 baxış 3 dəq oxuma
“Bu il teatrımız mövsümü “Zamanda səyahət” və yaxud ikinci adı ilə tanınan “Məktəb, gözlə gəlirəm” tamaşası ilə açdı. Tamaşanın rejissorları Mehman Piriyev və Rauf Hüseynovdur. Çox maraqlı, gözəl bir tamaşadır. Məqsədimiz də bu idi ki, balacalar gəlib teatrımızdan zövq alıb getsinlər. Bakı Uşaq və Gənclər Teatrı başqa bir aləmdir. Gözəl repertuarı, maraqlı tamaşaları ilə hər zaman balacaların, gənc tamaşaçıların zövqünü oxşayır. Yeni mövsüm üçün teatrda “Pişiklər və şirlər” tamaşasını hazırlayıram. Bu repertuarda yer alacaq yeni tamaşadır. Nəzərdə başqa tamaşaların da hazırlanması planlaşdırılır”.
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının rejissoru, aktrisa İlhamə Əhmədova deyib.
O daha sonra əlavə edib:
“İrəvan Dövlət Azərbaycan Dram Teatrında da “Qaraca qız” tamaşasını hazırlayıb, təhvil vermişəm. İnşallah oktyabr ayının 9-10-da tamaşanın premyerası olacaq. Orada da çox möhtəşəm aktyor heyəti var. Teatrın yeni direktoru Hacıbaba Məmmədov sənət ocağında bir sıra dəyişiklər edib. O teatrda gözəl abu-hava yaradıb. Bir sözlə yaradıcı insan üçün nə şərait varsa hamısını bu teatrda yaradıb. Teatr böyük anlamda bir məktəb, bir ocaqdır. Teatrdan aldığın zövqü nə filmdən, nə də serialdan ala bilirsən. Teatra gedirsən, oradan heç çıxmaq istəmirsən. O qədər gözəldir.. Çox möhtəşəmdir”.
İlhamə Əhmədova “Xəyanət” serialındakı rolundan da danışıb:
“Xəyanət” serialının 4-cü mövsümünə dəvət almışam. Serialın çox möhtəşəm kollektivi var. Cövdət Şükürov məni dəvət edəndə dedi ki, “tərəf müqabiliniz Qurban İsmayılovdur”. Çox sevindim. Nəyə görə? Çünki Qurban İsmayılov sözünü demiş, möhtəşəm aktyordur. Onunla tərəf müqabili olmaq həm məsuliyyətlidir, həm də zövqvericidir. Serialımız reytinqlərdə birincidir, tamaşaçı tərəfindən də sevilir. Uğurlarımız bol olsun. Cövdət Şükürovun da uğurları bol olsun. Ətrafına peşəkarları yığaraq çox gözəl işlər görür”.
İlhamə Əhmədova bildirib ki, bu gün serial və kino sektorundakı uğurlarına görə Rövşən İsaxa borcludur:
“Mən bir daha öz adımdan rejissor Rövşən İsaxa böyük təşəkkür edirəm. O bir nömrəli rejissordur. Rövşən İsax brenddir. Yaxşı ki, uzun illər mən Rövşən müəllimlə işləmişəm, yaxşı ki, onun dəst-xəttindən çıxmışam. Gözəl insan və gözəl sənətkardır. Çox sağ olsun ki, bu cür aktyorları xalqa tanıdıb. Biz də onun sayəsində tanınıb başqa seriallara da dəvət alırıq”.