Həkim Aleksandr Olmos xərçəng riskini azaltmaq üçün qida rasionuna brokoli əlavə etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu tərəvəz orqanizmin hüceyrə müdafiə mexanizmlərinin fəaliyyətini dəstəkləyə bilər.
Moderator.az “ABC” nəşrinə istinadla xəbər verir ki, Olmos brokolinin tərkibində çoxlu miqdarda sulforafan olduğunu bildirib. Həkimə görə, bu maddə hüceyrələrin müdafiə mexanizmlərinin aktivləşməsinə kömək edir və xərçəng də daxil olmaqla bəzi ciddi xəstəliklərə qarşı qoruyucu rol oynaya bilər.
Mütəxəssis brokolinin hazırlanma üsulunun da vacib olduğunu vurğulayıb. Onun fikrincə, tərəvəzi uzun müddət qaynatmaq əvəzinə qısa müddət buxarda bişirmək daha məqsədəuyğundur.
Qeyd edək ki, brokolinin xərçəngin qarşısını aldığı qəti şəkildə sübut edilməyib. Bununla belə, tərəvəzlərlə zəngin və balanslı qidalanma sağlam həyat tərzinin mühüm hissəsi hesab olunur.