“Kamil Məhərrəmov qeyri-adi istedada malik aktyor idi. Mən onu heç kəsə bənzətmirəm. Daha doğrusu bənzədə bilmirəm. Çünki onun gözündə, üzündə olan ifadələr hər şeyi deyirdi. Komik aktyor idi, onun komediyasına baxanda adamın gülməkdən ürəyi gedirdi. O qədər təbii idi ki.. Səhnədə heç kəsə qapaz vurmurdu, heç kəsə təpik atmırdı, heç kəsin sözünü tapdalamırdı. Amma özünün hər bir rol üçün elə gözəl tapıntıları olurdu ki.. Kamil Məhərrəmov bir tamaşada guya xarici ölkədən-Amerikadan gələn oğlanın atasını oynayırdı. O qədər arıq bədən quruluşu var idi ki, sarı rəngdə şortiklə, pencəklə səhnəyə çıxırdı. Guya fotoqraf idi. İnanın ki, həmin səhnəyə görə o tamaşaya tamaşaçı gəlirdi”.
 




Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı bildirib.

O daha sonra əlavə edib:
 
“Onun ölümü mənə çox pis təsir etdi. Mən Kamil Məhərrəmovu heç vaxt yaddan çıxartmaram. Heç vaxt! Necə o dahi, təkrarolunmaz aktyorlar mənim yadımdadırlarsa, eləcə də Kamil Məhərrəmov mənim yadımdan çıxmaz. Mən onu həm bir insan, həm də aktyor kimi çox istəyirdim. Özü də həddindən artıq. Onun “Evlənmək istəyirəm” filmində bir rəqsi var.. Sonra qızla üzbəüz oturur.. Qız danışır, bu lal rolunu oynayır.. Baxır.. Onun gözlərindəki ifadə..(kövrəlir). Çox böyük aktyor idi.. Qəhərlənirəm, danışa bilmirəm. Heyif ki, həyatın zərbələrinə dözə bilmədi Kamil. Ona çox böyük haqsızlıqlar oldu. Başqa əyalət teatrlarına olunan haqsızlıqlar Sumqayıt teatrına da oldu.. Kamil Məhərrəmov çoxdan layiq olduğu fəxri adı ala bilmədi. Bu ona mənəvi pis təsir etdi.. Hətta teatra 3 il gələn aktrisanın Əməkdar artist fəxri adını almasının əmrini oxudu, qəzeti iki ovucunun içində sıxdı və kənara atdı. Dedi ki, “bununla da mənimki qurtardı”.. Həmin hadisədən sonra içməyə başladı.. Həddindən artıq çox içirdi.. Amma çox ailəcanlı idi. İçkiyə görə ailəsində bir az söz-söhbət var idi deyə evə getmirdi.. Onun həyatı belə olmamalı idi.. Onun təqsiri özündə oldu.. Kamilin bu həyatında, tutduğu yolda heç kim təqsirkar deyildi.. İki gözəl gül balası var idi.. Hətta bilirəm ki, qızlarından biri çox gözəl şahmat oynayırdı, dəfələrlə mükafatlar almışdı. Amma Kamil özü öz qədrini bilmədi.. Ailəsinə qarşı çox diqqətli idi. Vaxtlı-vaxtında maaşı aparıb evə verirdi.. Bir dəfə də olsun balasının çörəyini hansısa içkiyə, məclisə qurban vermədi.. Heç vaxt! Balaları həmişə onun yanında idi. Allah ona qəni-qəni rəhmət etsin.. Allah Sumqayıt Dövlət Dram Teatrının kollektivinin canını sağ etsin ki, onlar Kamilə o vaxt çox böyük yas məclisi verdilər.. Cənazəsi teatrdan götürüldü.. Kamil belə Kamil idi.. İstəyirəm ki, Kamil yaddaşlarda belə Kamil kimi qalsın.. O bundan sonra da Azərbaycan kinosu və teatrı üçün nələrsə edə bilərdi.. Heyiflər olsun.. Dünən onun anım günü idi.. Ruhu şad olsun”.