"Kurtlar vadisi" serialında "Ömər Baba" obrazını canlandıran Emin Olcayın müsahibəsindən sonra ortalıq əməlli-başlı qarışıb. Aktyor müsahibəsində serialın rejissoru Osman Sınavın layihədən qəfil ayrılmasından danışıb və bunu o vaxt şübhə ilə qarşıladığını bildirib. Bu müsahibədən sonra serialın yaradıcı heyəti bir-birinin ardınca məhkəmədə ifadə veriblər. “Ergenekon” təşkilatının üzvü olmaqda şübhəli bilinərək 10 mart 2011-ci il tarixində həbs edilmiş Kaşif Kozinoğlu ilk məhkəmə iclasına 10 gün qalmış, 12 noyabr 2011-ci ildə Silivri həbsxanasında vəfat edib. Rəsmi olaraq onun ürəktutmadan öldüyü açıqlanıb. Onun ölümü ilə bağlı bir neçə gün öncə yenidən başladılan istintaq çərçivəsində məzarı açılıb. Aparılan istintaq çərçivəsində 9 şübhəli saxlanılıb, onlardan üçü həbs edilib.





Mövzu ilə bağlı “Kurtlar vadisi” serialında Polat Alemdarın anası Nəzifə ana obrazını canlandıran məşhur aktrisa Serpil Tamur Moderator.az-a danışıb:
 
“Məhkəmənin niyə və nə üçün olduğunu, niyə görə serialın əməkdaşlarının ifadə verdiyini və həbs edildiyini bilmirəm. Serialın yaradıcı heyətinin, ələxsus da aktyorların ifadələrini alırlar. Məncə bu doğru deyil. Çünki aktyorlar bu mövzulardan çox uzaqdadırlar. Bizə hazır senari gəlir, ona baxırıq və rolumuzu hazırlayıb oynayırıq. Aktyorun bu kimi mövzulara heç bir aidiyyatı yoxdur. Senarinin ardını biz bilmirik, bunu senarist bilir. Bizə nə verirlərsə onu da oynayırıq”.