NATO-nun Şərq cinahında hərbi hərəkətlilik artıb. Oktyabrın 6-da Polşa hava məkanında Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus nəhəng hərbi nəqliyyat təyyarəsinin peyda olması beynəlxalq medianın diqqətini cəlb edib.
 




Moderator.az xarici hərbi-analitik resurslara, o cümlədən Polşanın "Defence24" hərbi-analitik portalına istinadla xəbər verir ki, Türkiyə HHQ-nə məxsus "Airbus A400M-180 Atlas" tipli strateji hərbi nəqliyyat təyyarəsi Polşa səmasında hərbi radarlar tərəfindən qeydə alınıb. "Polish Military Radar" monitorinq qrupunun hesabatlarına əsasən, təyyarə Türkiyənin mərkəzində yerləşən Kayseri aviabazasından havalanıb.
 
Avropa üzərindən haraya?..
 
Türkiyə hərbi nəhəngi Avropanın bir neçə NATO ölkəsinin hava məkanını keçərək irəliləyib. Məlumata görə, təyyarə ilkin olaraq Bolqarıstan (Varna) və Rumıniya (Buxarest və Kluj-Napoka) üzərindən keçib. Daha sonra Macarıstan və Slovakiya hava məkanını qət edərək yerli vaxtla saat 10:45-də Polşaya daxil olub. Polşa səmasında Rjeşuv, Tarnuv, Sedlse və Seynı şəhərləri istiqamətində uçan "Airbus A400M" buradan Litva və Latviya üzərindən keçərək son təyinat məntəqəsinə – Estoniyaya çatib...
 
Uçuşun məqsədi nə olub?..
 
Hərbi ekspertlərin rəyinə görə, bu strateji uçuş NATO-nun Baltikyanı ölkələrin hava məkanının qorunması missiyası (Baltic Air Policing) ilə birbaşa bağlıdır. Türkiyə təyyarəsi Estoniyanın Amari (Ämari) aviabazasına eniş edib.
 
Hazırda bu bazada Türkiyə HHQ-nin 5 ədəd "F-16" qırıcısı və 76 nəfərlik hərbi heyəti dislokasiya olunub. Türk kontingentinin missiyasının cari ilin noyabrın 30-dək davam edəcəyi gözlənilir. "Airbus A400M-180 Atlas" təyyarəsinin də məhz bu qırıcıların fəaliyyətini təmin etmək üçün zəruri olan logistik avadanlıqları, ehtiyat hissələrini və texniki personalı daşıdığı bildirilir.
 
Türk F-16-ları Rusiya sərhədində döyüş hazırlığında...
 
Türkiyə hərbi aviasiyası regionda yalnız təlimlər keçirmir, həm də real döyüş tapşırıqlarını yerinə yetirir. Rəsmi məlumatlara görə, Estoniyada yerləşən Türk F-16-ları son dövrlərdə iki dəfə "Həyəcan" (Scramble) siqnalı ilə havaya qaldırılaraq döyüş hazırlığı vəziyyətinə gətirilib.
 
• 1 sentyabr tarixində Estoniya-Rusiya sərhədi yaxınlığında naməlum pilotsuz uçuş aparatları (PUA) aşkar edildikdən sonra türk qırıcıları dərhal havaya qalxıb.
 
• 24 sentyabr tarixində isə Türk F-16-ları digər NATO müttəfiqləri ilə birlikdə Baltik dənizi üzərində Rusiya hərbi təyyarələrinin müəyyən edilməsi və müşayiət olunması əməliyyatında iştirak ediblər.
 
Türkiyə Müdafiə Nazirliyinə yaxın mənbələr və yerli hərbi media platformaları (SavunmaSanayist, DefenceTurk) bu cür logistik uçuşların NATO qarşısındakı öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi, həmçinin alyansın Şərq cinahının təhlükəsizliyinin təmin edilməsi baxımından rutin, lakin strateji əhəmiyyətli addım olduğunu vurğulayırlar.
 
Təyyarə Amari bazasındakı missiyasını tamamladıqdan sonra növbəti gün eyni marşrutla Kayseriyə geri dönüb.
 
S.Laçın