Ukrayna ordusu Rusiyanın bütöv diviziyasını sıradan çıxardı: Putinin Donbas planı pozuldu...-"ISW"
21 Oct 2026, 10:10 2 baxış 4 dəq oxuma
"Ukrayna Silahlı Qüvvələrinin Liman istiqamətində uğurlu əks-hücum əməliyyatları düşməni əməliyyat təşəbbüsünü itirməyə məcbur etdi..."
Ukrayna Silahlı Qüvvələrinin Liman istiqamətində keçirdiyi “Vivaldi” əks-hücum əməliyyatının Rusiya ordusunun irəliləyişini dayandırdığı, Moskvanın Donbasda genişmiqyaslı mühasirə planını pozduğu bildirilir.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın "TSN" nəşri Müharibənin Öyrənilməsi İnstitutunun ("ISW") hesabatına istinadla məlumat yayıb.
Məlumata görə, Ukrayna qüvvələrinin əks-hücum əməliyyatı Rusiya ordusunun Liman istiqamətindəki şimal cinahına ciddi zərbə vurub. Ukrayna hərbçilərinin Rusiya qüvvələrini Jerebets çayının qərb sahilindəki mövqelərindən geri çəkilməyə məcbur etdiyi və 144-cü motoatıcı diviziyanın döyüş qabiliyyətini ciddi şəkildə zəiflətdiyi bildirilir.
Ukraynanın 3-cü Ordu Korpusunun komandiri, briqada generalı Andrey Biletski oktyabrın 19-da bildirib ki, Ukrayna qüvvələrinin Jerebets çayına qədər irəliləməsi cəbhə xəttini əhəmiyyətli dərəcədə qısaldıb. Bu isə müdafiəni daha əlverişli mövqelərdə təşkil etməyə, piyadaları daha sıx yerləşdirməyə, pilotsuz uçuş aparatlarından və artilleriyadan daha səmərəli istifadə etməyə imkan verib.
Generalın sözlərinə görə, Rusiya ordusu Liman istiqamətində hücumu bərpa etmək istəsə, Jerebets çayını yenidən keçməli olacaq...
Rusiyanın Donbas planı niyə pozuldu?..
"ISW"-nin qiymətləndirməsinə görə, “Vivaldi” əməliyyatı Rusiya ordusunun Limanı şimaldan mühasirəyə almaq planını pozub. Moskva qüvvələrinin Svyatoqorsk istiqamətindən irəliləyərək Xarkov vilayətinin Barvinkove ərazisində digər qruplaşma ilə birləşmək niyyətində olduğu bildirilir. Bu manevr Slavyansk və Kramatorsk şəhərlərinin yerləşdiyi müdafiə xəttini əhatəyə almağa hesablanmışdı.
Əməliyyatın nəticəsində Rusiya qüvvələrinin Slavyansk və Kramatorskdan şərqdə Ukraynanın möhkəmləndirilmiş mövqelərinə birbaşa hücumlar etməyə məcbur qaldığı qeyd olunur. Bu isə hücumların daha çətin və itkilər baxımından daha baha başa gəlməsinə səbəb ola bilər.
"ISW"-nin hesabatında “Vivaldi” əməliyyatı ilə yanaşı, Ukraynanın Aleksandrovsk və Kupyansk istiqamətlərindəki əks-hücumlarının da cəbhədə əməliyyat təşəbbüsünün dəyişməsinə təsir göstərdiyi vurğulanır.
Rusiya ordusunun itkiləri artır...
Nəşrin məlumatına görə, Andrey Biletski Rusiya ordusunun 20-ci ümumqoşun ordusunun tərkibində olan 144-cü motoatıcı diviziyasının ciddi şəkildə tükəndiyini bildirib. Onun qiymətləndirməsinə əsasən, birləşmə “Vivaldi” əməliyyatından sonra mütəşəkkil hərbi qüvvə kimi fəaliyyət göstərmək qabiliyyətini faktiki olaraq itirib.
Analitiklər hesab edirlər ki, Rusiya komandanlığı Liman istiqamətində yeni hücum əməliyyatları hazırlamazdan əvvəl həmin diviziyanın döyüş qabiliyyətini bərpa etməli olacaq. Bu isə şəxsi heyətlə təminat və hərbi resurslar baxımından əlavə çətinlik yarada bilər.
"ISW"-nin "TSN" tərəfindən təqdim olunan qiymətləndirməsinə əsasən, Rusiya ordusu sentyabrın 1-dən oktyabrın 16-dək ümumilikdə 122 kvadratkilometr ərazi üzərində nəzarəti itirib. Bununla yanaşı, ilin əvvəlindən bəri yalnız təxminən 100 kvadratkilometr ərazi ələ keçirə bilib.
Mənbədə həmçinin 2026-cı ilin yayından etibarən Rusiya ordusunun döyüş itkilərinin artdığı, bir neçə ay ərzində 40 mindən çox hərbçinin öldüyü və ya yaralandığı bildirilir.
Qeyd edək ki, cəbhədəki vəziyyət dəyişkən olaraq qalır. Rusiya qüvvələrinin itkiləri, ayrı-ayrı hərbi birləşmələrin vəziyyəti və əməliyyatın nəticələri ilə bağlı məlumatlar tərəflərin və analitik qurumların açıqlamalarına əsaslanır.
S.Laçın