Türkiyədəki bəzi dairələrin Azərbaycann daxili işlərinə kobud şəkildə müdaxiləsi, bu müdaxilənin arxasındakı səbəblər onu deməyə əsas verir ki, Ankara dünyəvilik prinsiplərindən qətiyyətlə imtina etməkdə, İslami ehkam və dəyərlərin ən primitiv və qaba şəkildə təbliğini həyata keçirməkdədir. Halbuki, müasir Türkiyənin qurucusu Böyük Mustafa Kamal Atatürk ölkəsinin inkişafı üçün məhz dünyəvilik və elmilik prinsipini rəhbər tutmuş, cəhalət və xurafata qarşı mədəni-siyasi müstəvidə əsl inqilab həyata keçirmişdir.
Türkiyənin elmilik, dünyavilik və müasirlik modelindən imtinası onun geriyə doğru addımladığını göstərir
Atatürkün xurafata qarşı qətiyyətli mübarizəsi Türkiyənin tərəqqiyə uzanan yolunu açmış, dünyəvilik modelinə söykənən Türkiyə Avropanın elit orduların darmadağın edərək öz müstəqilliyini və ərazi bütövlüyünü qorumuşdur. Bu gün Türkiyənin dinyəvilik modeli əsasında fəaliyyət göstərən Azərbaycanı hədəf alması, onu daxili qarışıqlıq və gərginliyə sürükləməsi müasir Türkiyə ilə Atatürk prinsipləri arasındakı ruhi-mənəvi bağların demək olar ki, tamamilə itdiyini göstərir. Türkiyədən fərqli olaraq, Azərbaycan Atatürk prinsiplərini yaşatmaqda, bu prinsipləri uğurla inkişaf etdirməkdə ,dəyişən dünyanın tələblərinə müvəffəqiyyətlə uyğunlaşdırmaqdadır.
Əslində Atatürkə Azərbaycan və Türkiyənin fərqli münasibəti özünü sözügedən ölkələrin dövlət başçılarının çıxışlarında da aydın şəkildə əks etdirir. Bu fərqin nə qədər böyük olduğunu anlamaq üçün Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Bakıda Atatürkün heykəlinin açılışındakı çıxışlarına nəzər salmaq kifayətdir. Açılış zamanı Atatürkü dahi dövlət başçısı kimi xarakterizə edən İlham Əliyev, onun Azərbaycana sevgisindən də səmimi şəkildə söz açır, bu sevginin iki dövlət arasındakı münasibətlərin gələcəyini müəyyən edən yol kimi qiymətləndirir:
“Mustafa Kamal Atatürk Azərbaycanı çox sevirdi. Azərbaycana xüsusi münasibət bəsləyirdi. Onun tarixi kəlamları - “Azərbaycanın kədəri kədəri, sevinci sevincimizdir”- bizim üçün çox vacibdir. Bu bir yoldur”.
Maraqlıdır ki, həmin açılış mərasimdə çıxış edən Rəcəb Tayyib Ərdoğan demək olar ki, hər şey haqqında danışır. Lakin Böyük Atatürkün tarixi xidmətləri, qoyub getdiyi irs haqqında fikir bildirmir. Onun Atatürklə bağlı bu susqunluğunun özü Türkiyə hakimiyyətinin Atatürk ideyalarına olan münasibətini göstərir.
Azərbaycan Atatürk ideyalarının yeganə daşıyıcısına çevrilir
Bu gün Azərbaycan və Türkiyədə baş verən proseslərin təhlili onu deməyə əsas verir ki, ölkəmiz Atatürk ideyalarının yeganə daşıyıcısına çevrilməkdədir. Atatürkün türk dünyasını qabaqcıl dövlətlərin sırasında görmək arzusunu reallaşdırmaq uğrunda ən qəti və prinsipial addımlar məhz Azərbaycan tərəfindən atılmaqda, İslam adı ilə zühur edən cəhalət, xurafat, zorakılıq kimi mürtəcü hallara qarşı ən effektiv mübarizə məhzAzərbaycan tərəfindən aparılmaqdadır. Bu baxımdan hazırda Atatürk ideyalasının Türkiyə deyil, Azərbaycan cəmiyyətinin düşüncə və yaşamında həyata vəsilə aldığı birmənalıdır.
Türkiyəyə gəlincə, adıçəkilən dövlətin elmilik, dünyavilik və müasirlik modelindən imtinası, onun irəliyə deyil, geriyə doğru addımladığını göstərir. Proseslərin bu şəkildə inkişafı Türkiyəni geridəqalmış ərəb ölkələri sırasına endirə bilər ki, bu da nəinki Azərbaycan və bütün türk dünyası, eləcə də Türkiyənin özünün maraqları baxımından arzuedilməzdir.