Aralıqlı oruc və fiziki məşqlərin birlikdə tətbiqi çəki və bədən yağının azalmasına təkcə idmanla müqayisədə daha çox kömək edə bilər.
 




Moderator.az xəbər verir ki, bu nəticə Qranada Universitetinin alimlərinin Nature Communications jurnalında dərc olunan araşdırmasında əksini tapıb.
 
Tədqiqatda piylənməsi olan 187 yetkin iştirak edib. Onlar dörd qrupa bölünüblər: birinci qrupa qidalanma və fiziki aktivliklə bağlı tövsiyələr verilib, ikinci qrup aralıqlı oruc tutub, üçüncü qrup idmanla məşğul olub, dördüncü qrup isə hər iki üsulu tətbiq edib.
 
12 həftə davam edən araşdırma zamanı aralıqlı oruc tutan iştirakçılar gündə səkkiz saat ərzində qidalanıblar. İdman proqramına güc və intensiv aerobik məşqlər daxil edilib. Bütün iştirakçılara Aralıq dənizi pəhrizi ilə bağlı tövsiyələr də verilib.
 
Nəticələr göstərib ki, aralıqlı oruc tutanlar yalnız qidalanma tövsiyələrinə əməl edənlərlə müqayisədə orta hesabla 2,2 kiloqram daha çox çəki itiriblər. Oruc və idmanın birlikdə tətbiqi isə təkcə idmanla müqayisədə bədən yağının daha çox azalmasına kömək edib.
 
Alimlər qaraciyərdə yağ miqdarını da qiymətləndiriblər. Bu göstərici bütün qruplarda azalsa da, istifadə edilən üsullar arasında əhəmiyyətli fərq qeydə alınmayıb. Bununla yanaşı, fiziki məşqlər iştirakçıların dözümlülüyünü və ürək-damar sağlamlığını yaxşılaşdırıb.
 
Proqram başa çatdıqdan bir il sonra qruplar arasında çəki, bədən tərkibi və qaraciyərdə yağ miqdarı baxımından fərqlər aradan qalxıb.
 
Tədqiqat müəllifləri aralıqlı oruc və idmanın birləşdirilməsinin qısamüddətli çəki itkisi üçün faydalı ola biləcəyi qənaətinə gəliblər.