Regionda baş verən siyasi proseslər və dəyişən güc balansı fonunda Cənubi Qafqazın gələcəyi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə Ermənistan ətrafında cərəyan edən hadisələr və qarşıdakı seçkilər təkcə bu ölkənin deyil, bütövlükdə regionun siyasi dinamizminə təsir edən əsas amillərdən biri kimi dəyərləndirilir. Bu mərhələdə sülh gündəliyinin irəliləməsi, beynəlxalq aktorların mövqeyi və post-münaqişə reallıqları daha çox diqqət çəkir.
Biz də mövzunun müxtəlif aspektlərini daha dərindən aydınlaşdırmaq üçün Moderator.az olaraq Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zahid Oruc ilə həmsöhbət olduq.
Həmin müsahibəni təqdim edirik:
– Ermənistanda keçiriləcək seçkiləri və bu prosesə təsir edən amilləri necə qiymətləndirirsiniz?
– Artıq Ermənistanda seçkilərə cəmi iki gün qalıb. Proses bir neçə xarici faktorun təsiri altında keçirilir və bu, öz-özlüyündə onu göstərir ki, təkcə bir ölkənin deyil, bütövlükdə Cənubi Qafqazdakı proseslərin beynəlxalq ölçüsü var. Burada xarici aktorlar və dövlətlər aktiv şəkildə iştirak edirlər. Bu baxımdan İrəvandakı hadisələri yalnız bir xalqın və ya əsas siyasi qüvvələrin mövqeyi və mübarizəsinin nəticəsi kimi qiymətləndirmək olmaz. Bizim fikrimizcə, bu, geosiyasi toqquşmanın bir parçasıdır və təəssüf ki, reallıq da bundan ibarətdir. Hər bir ölkənin gücü xarici amillərin neytrallaşdırılmasında və milli maraqların qorunmasında özünü göstərməlidir. İlk növbədə bunu vurğulamaq lazımdır.
– Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə və suverenliyinin tam bərpası Ermənistandakı seçkilərə necə təsir göstərib?
– İkinci mühüm amil Vətən müharibəsində qazandığımız qələbə və Xankəndidə suverenliyimizin tam bərpası nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bu faktor Ermənistanda keçirilən seçkilərə də təsir göstərib. Doğrudur, müəyyən müddət ərzində Xankəndidə, Xocavənddə və digər ərazilərdə ermənilər yaşayırdılar. Lakin sonrakı mərhələdə həmin şəxslərin böyük hissəsi könüllü şəkildə Ermənistana getdi. Bu proses qətiyyən deportasiya və ya etnik təmizləmə kimi qiymətləndirilə bilməz. Həmin insanlar onların taleyi üzərindən siyasət quran dairələrin hakimiyyət uğrunda mübarizəsinin qurbanına çevrildilər.
Burada söhbət konkret olaraq Ruben Vardanyan, Samvel Şahramanyan, müharibə tərəfdarı qüvvələr və digər dairələrdən gedir.
Təbii ki, proseslərdə xarici təsir mərkəzləri və müxtəlif kəşfiyyat strukturları da kifayət qədər fəal iştirak edirdilər. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycanla reinteqrasiya məsələləri və Yevlax görüşü gündəmdə olarkən həmin qüvvələr bundan imtina etdilər və sonradan bunun ağır nəticələrini yaşadılar. Beləliklə, ikinci mühüm amil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır ki, bu da seçkilərə təsir göstərən əsas faktorlar sırasındadır. 2021-ci ildə dünya siyasi tarixində nadir hallardan biri baş verdi. Müharibədə məğlub olmuş bir lider, eyni zamanda ali baş komandan olan Nikol Paşinyan erməni seçicilərinin 53 faizinin dəstəyini aldı.
Bu zaman sual yaranırdı ki, bunun səbəbi nədir? Müharibə qorxusu, İrəvanda yaşanan psixoloji vəziyyət, yoxsa başqa amillər?
Mən hesab edirəm ki, əsas səbəb erməni cəmiyyətinin Azərbaycanın müharibəni davam etdirmək imkanlarını və regionda yaranmış yeni reallığı düzgün qiymətləndirməsi idi. Məhz buna görə Paşinyan 2021-ci ildə qalib gəldi. Doğrudur, sonrakı dövrdə onun reytinqində müəyyən azalmalar müşahidə olunub. Lakin müxtəlif sosioloji sorğuların əksəriyyəti siyasi təsirlər altında aparılırdı. Bu sorğuların bir hissəsi müxtəlif xarici dairələrin maraqlarını ifadə edirdi. Buna baxmayaraq, daha obyektiv qiymətləndirmələr göstərirdi ki, Paşinyan yenə də ciddi ictimai dəstəyə malikdir və 50 faizə yaxın səs toplamaq potensialını qoruyub saxlayır.
Əgər 1990-cı illərdən sonrakı dövrə baxsaq, görərik ki, Ermənistan amili uzun illər Azərbaycan üçün təhlükə, işğal və təcavüz siyasətini təmsil edən faktor kimi çıxış edib.
– Ermənistan cəmiyyətində “Böyük Ermənistan” ideyasından “Real Ermənistan” konsepsiyasına keçid hansı amillərlə bağlıdır və bunun seçkilərə təsiri nədir?
– Azərbaycanın qələbəsinin özünəməxsus cəhətlərindən biri də ondan ibarətdir ki, Ermənistanda keçirilən seçkilərdə belə Azərbaycan amili hiss olunur. Bunun əsas səbəbi sülh faktorunun ön plana çıxmasıdır. Artıq bir neçə aydır ki, ticarət məhdudiyyətlərinin aradan qaldırılması fonunda həm Rusiyadan, həm də Qazaxıstandan gələn məhsullar, eləcə də regionda formalaşan yeni iqtisadi münasibətlər Ermənistan cəmiyyətində də müzakirə olunur. Təəssüf edirəm ki, bu gün parlamentdə cari məsələlərin müzakirəsi zamanı buna toxuna bilmədik. Sərnişin daşımalarının genişlənməsi, Gürcüstanın regiondakı əməkdaşlıq təşəbbüsləri, Tbilisinin Ermənistana proseslərə qoşulmaqla bağlı çağırışları, ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri və regionla bağlı yeni beynəlxalq təşəbbüslər onu göstərir ki, sülh bu seçkilərin dominant ideyasıdır.
1990-cı illərlə müqayisə aparsaq, Razdan meydanında səsləndirilən “Böyük Ermənistan” ideyalarının əsas mahiyyətinin Azərbaycana qarşı ərazi iddialarından ibarət olduğunu görərik. Həmin dövrdə Dağlıq Qarabağda fəaliyyət göstərən dairələr də bu ideyaların həyata keçirilməsinə çalışırdılar. Bu gün isə 36 il sonra həmin dövrün siyasi şüarlarını, siyasi paradiqmasını, qüvvələrin fəaliyyətini və xalqın onlara münasibətini müqayisə etmək mümkündür. Bu gün Ermənistan cəmiyyətində ön plana çıxarılan “Real Ermənistan” konsepsiyası da təsadüfi deyil. Mən hesab edirəm ki, Azərbaycanın müharibədə qazandığı qələbənin mühüm nəticələrindən biri məhz budur. Artıq “Böyük Ermənistan”, “Dənizdən-dənizə Ermənistan”, “Tarixi Ermənistan” kimi ideyalar deyil, real Ermənistan anlayışı müzakirə olunur.
Müharibə tərəfdarı olan qüvvələrin seçkilərdə ciddi nəticə əldə etmək imkanları məhduddur. Lakin nəzəri olaraq onların uğur qazanması belə Azərbaycan üçün ciddi təhlükə yaratmaz. Çünki Ermənistanın hərbi potensialını əvvəlki səviyyəyə qaytarması üçün uzun illər lazımdır. Bu şəraitdə Azərbaycana qarşı yeni müharibə başlamaq hər hansı siyasi fiqurun hakimiyyətə gəlməsi ilə dəyişəcək məsələ deyil. Paşinyan özü də son çıxışlarında dəfələrlə bildirib ki, Qarabağ məsələsi Ermənistan üçün tələ rolunu oynayıb, ölkə böyük güclərin geosiyasi planlarının alətinə çevrilib və bundan çıxış yolu tapmaq lazımdır. Onun fikrincə, Qarabağ problemi Ermənistan dövlətçiliyinin inkişafına mane olan əsas amillərdən biri olub.
– Ermənistan seçkilərindən sonra regionda sülh prosesi və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
– Bu gün Azərbaycanın taleyi Minsk qrupu və ya digər beynəlxalq vasitəçilərin əlində deyil. Azərbaycan öz taleyinə sahib çıxıb və bu, müasir reallıqdır. Vaşinqtonda əldə olunan razılaşmalar, Azərbaycanın qələbəsinin legitim siyasi nəticələrinin qəbul olunması və regionda formalaşan yeni vəziyyət Ermənistandakı seçkilərə də təsir göstərir. Bu səbəbdən Qərbyönlü dairələr də anlayırlar ki, regionda yeni lokal qarşıdurmalara ehtiyac yoxdur. Müxtəlif xarici qüvvələrin Ermənistanda seçici davranışına təsir göstərmək cəhdlərinə baxmayaraq, mən hesab edirəm ki, müharibə tərəfdarları uğur qazana bilməyəcəklər. Baxmayaraq ki, müəyyən təxribat cəhdləri mümkündür.
Mən əminəm ki, bu seçkilərdə sülh ideyası üstün gələcək. Bu, regionun gələcəyi baxımından da vacibdir. Koçaryan və onun tərəfdarları Paşinyana səs verənləri guya Azərbaycana səs verməkdə ittiham etməyə çalışırlar. Lakin bu yanaşma reallığı dəyişmir. Gələcəkdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması və diplomatik münasibətlərin formalaşmasından sonra daha aydın görəcəyik. Hesab edirəm ki, sülhün əldə olunması Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar yaradacaq. Bu regionun uzun illər inkişaf etməməsinin əsas səbəblərindən biri 1990-cı illərdən qalan işğal siyasəti və onun yaratdığı maneələr olub.
Hələ 1999-cu ildə ATƏT-in İstanbul Sammitində Cənubi Qafqazda əməkdaşlıq və inteqrasiya ideyaları irəli sürülmüşdü. Lakin həmin dövrdə bu təşəbbüslər həyata keçmədi. Bu gün isə müharibədən sonra formalaşan yeni reallıq sülh və əməkdaşlıq imkanlarını daha da artırır. Əminəm ki, nəticə etibarilə, hətta Paşinyana müəyyən məsələlərdə müqavimət göstərən qüvvələr də proseslərin davam etməsinin vacibliyini anlayacaq və regionda sülh gündəliyinin irəli aparılmasına üstünlük verəcəklər".
Pərvin Şakirqızı