"İlk növbədə, qeyd edim ki, bu və ya digər qanun layihəsinin Milli Məclisin müvafiq komitələri, aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti ilə birgə müzakirəsi qanun yaradıcılığı prosesində çox vacib məsələdir. Bu imkan verir ki, qanunlar mövcud reallığa uyğun olsun. Və eyni zamanda, qanunun çevik icra mexanizmi formalaşsın. Ümumiyyətlə, təqdim olunan qanun layihəsi cəmiyyətdə böyük rezonans doğurub. Müxtəlif müzakirələr aparılır. Və biz görürük ki, hamı- istər dövlət qurumları, istər vətəndaş cəmiyyəti, istərsə də valideynlər bu layihəni dəstəkləyirlər".


Moderator.az xəbər verir ki, bu fikirləri Millət vəkili, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin bugünkü Plenar iclasında çıxışı zamanı bildirib. 






Deputat qeyd edib ki, nəzərdə tutulan əlavə və dəyişikliklər uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Əsas məqsəd – uşaqları qorumaq, hüquqlarını müdafiə etmək, övladlarımızın həm fiziki, həm mənəvi, həm də psixi sağlamlığına mənfi təsirlərin azaldılması və onların təhlükəsizliyini təmin etməkdir:


"Bu bir reallıqdır ki, hazırda elə bir sahə yoxdur ki, yeni nəsil texnologiyaların xidmətindən istifadə edilməsin. İnternet, Sosial Media hər kəsə informasiyaya rahat çıxış imkanı yaradır. Və indi demək olar ki, əlçatmaz informasiya yoxdur. Əlbəttə ki, hər bir inkişafın pozitiv və neqativ tərəfləri var. Ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirir ki, hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır”. Dövlətimiz tərəfindən həyata keçirilən rəqəmsal inkişaf, innovasiya siyasəti prioritet məsələlərdəndir. Bu sahədə kompleks yanaşma nümayiş etdirilir. Belə ki, müvafiq strateji sənədlər, normativ hüquqi aktları, fəaliyyət planları qəbul edilir.


Həmçinin, institusional mexanizm formalaşdırırlır. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın sədri Birinci vitse-prezident Mehriban Əliyevadır. Rəqəmsal inkişaf dövlətimiz üçün, qlobal çağırışlara hazır olmağımız üçün, uşaqlarımızın bilik və bacarıqlarının artırılması üçün mühümdür. Bu siyasət düşünülmüş şəkildə, vətəndaşlarımız, o cümlədən, uşaqlarımız üçün faydalı şəkildə həyata keçirilir. Mümkün ola biləcək fəsadların qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Mövcud qanunvericiliyə ediləcək əlavə və dəyişikliklər əsasında yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulması ilə bağlı inzibatı qaydada məsuliyyət müəyyən edir".


Sədr vurğulayıb ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində qanun pozuntuları üzrə müvafiq cərimələr nəzərdə tutulub. Əsasən sosial şəbəkə platformaları tərəfindən qanunvericiliyin tələblərinin yerinə yetirilməməsinə görə vəzifəli və hüquqi şəxslər üzrə müxtəlif cərimələr nəzərdə tutulur:


"Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və milli qanunvericiliyə əsasən 18 yaşadək şəxslərin uşaq sayıldığını nəzərə alaraq, uşaqların sosial şəbəkə platformalarının təsirlərindən qorunması üçün 16 yaşadək və 16-18 yaş arası yanaşması seçilmişdir. 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaş arası uşaqlar üçün isə bunu valideyn icazəsi ilə edə bilərlər. Qanun 12 aydan sonra qüvvəyə minəcəkdir. Bu müddət ərzində yaş yoxlaması tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısının müəyyənləşdirilməsi, maarifləndirmə, məlumatlandırma, təlimlər, texniki həllərin seçimi həyata keçiriləcəkdir.


Bu gün müzakirə etdiyimiz məsələnin məqsədi aydındır: uşaqları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və mənfi zehni sağlamlığa təsirlərdən qorumaq. Azərbaycanda 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul edilib. Eyni zamanda, uşaqların hüquqlarının qorunması ilə bağlı digər sahələrdə də yaş məhdudiyyətləri tətbiq olunmuşdur : məsələn, uşaqlara siqaret, alkoqol, soyuq silah satışına, pornoqrafik məzmunlara çıxışına məhdudiyyət qoyulub. Və bu tədbirlər uşaqların sağlamlığı və rifahı üçün tətbiq edilib. Həmçinin, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirləri müəyyən edilmiş və bu sahədə yaranan münasibətlər tənzimlənmişdir. 


Və bu prosesin davamı olaraq, indiki dövrdə bu məsələlərin sosial şəbəkələrdə həllinə yönəlmiş addımlar atılır. Və bu gün müzakirə edilən məsələnin əsas mahiyyəti də budur. Xüsusi ilə qeyd etmək istərdim ki, Qanunvericiliyə təklif edilən bu əlavə və dəyişikliklər heç bir halda uşaqların məlumat əldə etmək, bilik və bacarıqlar əldə etmək hüququnu məhdudlaşdırmır. Əksinə, uşaqların təhlükəsizliyini təmin edir. Burada əsas məsələ, yeniyetmələr üçün bilik, ünsiyyət və dəstək mənbəyi ola biləcək onlayn məkanları bağlamaqdan deyil, bu məkanların mövcud olduğu şərtləri dəyişdirməkdir. Uşaqların sosial şəbəkələrinin zərərli təsirlərin qorunması günümüzün tələbidir. Və onların müdafiəsi üçün hər birimiz mənəvi və sosial məsuliyyət daşıyırıq. Bəzən düşünürük ki, uşaq evdədir. Qonşu otaqda kompüter arxasında və ya telefonla vaxt keçirir. Ancaq bu o demək deyil ki, övladımız hansısa təsirlərdən, təhlükələrdən uzaqdır? Təhlillər də göstərir ki, ekran qarşısında, oturaq şəkildə saatlarla hərəkətsiz qalmaq, yaşına uyğun olmayan məzmunlara baxmaq uşaqlarda psixoloji gərginliyi artırır, qeyri-adi davranışa, müxtəlif cür zərərli vərdişlərə və hərəkətlərə, kobud davranışa və hətta intihara cəhd edilməsi kimi hallara gətirib çıxarır. Bu isə həm uşaqların həyatında, həm də cəmiyyətdə ciddi fəsadlar yaradır.


Beləliklə, mövcud qanunvericiliyə edilən dəyişikliklər uşaqlarımızın hüquqlarının qorunması sahəsində növbəti uğurlu bir addımdır. Və biz də bu dəyişiklikləri qəbul etməklə onları daha təhlükəsiz bir həyatı təmin etmiş oluruq".


Pərvin Şakirqızı