Rusiya–Ukrayna müharibəsi ətrafında son dövrlərdə baş verən proseslər diqqəti yenidən beynəlxalq güclərin roluna yönəldib. Cəbhədə və strateji istiqamətlərdə müşahidə olunan dəyişikliklər müharibənin gedişinə dair müxtəlif fikirləri aktuallaşdırır. Bu fonda Qərb ölkələrinin proseslərə təsir imkanları daha çox müzakirə olunur. 


Maraqlıdır, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr, yanacaq təminatında yaranan problemlər və Krımın faktiki təcrid olunması fonunda Rusiyanın hərbi, iqtisadi və daxili siyasi dayanıqlığına hansı təsirlər gözlənilir? Bu proses Moskvanın müharibə strategiyasına və mümkün sülh danışıqlarına yanaşmasını dəyişə bilərmi?






Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi,Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov açıqlama verib. 



Xəyal Bəşirov qeyd edib ki, bu proses Rusiyanın daxilindəki vəziyyəti və bir sıra strateji obyektlərin ardıcıl olaraq Ukrayna tərəfindən hədəfə alınıb uğurla vurulmasını, eləcə də Krımla bağlı baş verən prosesləri ortaya çıxarıb:


"Ümumilikdə, Rusiya–Ukrayna müharibəsində Rusiyanın mövqeyinin zəifləməsi açıq şəkildə görünür. Bu da bir daha göstərir ki, müharibənin müqəddəratı təkcə Ukrayna tərəfindən həll olunmur. Qərb ölkələri, o cümlədən ABŞ bu prosesdə söz sahibidir və prosesə təsir edə bilirlər. Rusiya öz növbəsində, əgər qarşı tərəflərin dəstəyi çox olmasa, bu prosesdə öz gücü ilə ciddi dəyişikliklər edə bilər. Amma ümumilikdə bu prosesin əsas söz sahibi və prosesə təsir etmək imkanları daha çox olan tərəf Qərb ölkələridir. Onlar 2022-ci ildən başlayan bu müharibəni Ukraynanın ya xeyrinə, ya da ziyanına çoxdan bitirə bilərdilər, lakin hələ ki, bitirmək niyyətində deyillər.


Bu məsələni ona görə qeyd edirəm ki, son günlərdə baş verən proseslərdə ABŞ-ın rolunu açıq şəkildə görmək mümkündür. Ötən il ABŞ Prezidenti Donald Trump ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Ukrayna məsələsi, Yaxın Şərq məsələsi və İran mövzusu daxil olmaqla bir çox məsələlərdə müəyyən razılaşmaların əldə edilməsi müzakirə olunurdu. Yəni bu iki liderin görüşünün əsas səbəblərinin qlobal səviyyədə baş verən siyasi proseslərlə bağlı olduğu bəllidir".


Politoloq vurğulayıb ki, bu qlobal proseslər fonunda Rusiya–Ukrayna müharibəsi davam edərkən, eyni zamanda Yaxın Şərqdə baş verən gərginlik mövcud idi:


"Və həmin görüşdən sonra əldə edilmiş razılaşmaya görə, mən düşünürəm, təbii ki, bu mənim subyektiv fikrimdir, ABŞ Rusiyanın İran mövzusunda müəyyən mənada razılığını almışdı, Ukrayna məsələsində güzəştə getmək yolu ilə. Yəni İrana Rusiya tərəfindən lazımi dəstək göstərilməyəcək, kəşfiyyat məlumatları, silahlar, hava hücumundan müdafiə sistemi və digər məsələlər.


Amma İran müharibəsi ABŞ-ın istədiyi ssenari üzrə getmədi. İndi bu ssenarinin getməməsinin səbəblərindən biri də Rusiyanın İrana göstərdiyi dəstək idimi və yaxud kəşfiyyat məlumatları, silahlar və hava hücumundan müdafiə sistemi ilə bağlı idi — təbii ki, bu barədə ABŞ-ın kifayət qədər məlumatları var.


Bu baxımdan mən düşünürəm ki, ABŞ bu məsələdə Rusiyadan razı qalmadığına görə sanki Rusiyadan Ukrayna məsələsi ilə bağlı qisas alır, Ukraynaya dəstəyi artırılır, kəşfiyyat məlumatları verilir, daha dəqiq və daha vacib, strateji obyektlərə dair məlumatlar ötürülür. ABŞ-ın uzun müddətdir, Donald Trumpın hakimiyyətdə olduğu dövrdə geri çəkildiyi Ukrayna proseslərinə yenidən müdaxilə etməsi Rusiyanın bu şəkildə geriləməsinə və zəifləməsinə gətirib çıxarıb.


Bu da tam olaraq Ukraynanın xeyrinə məsələni həll etmək anlamına gəlmir. Düşünürəm ki, bu, sadəcə Rusiyanın cəzalandırılması üçün atılan addımlardır. Mən hesab edirəm ki, bu vəziyyət qısa müddət belə bu şəkildə davam edəcək. Hadisələr ona gətirib çıxarır ki, Rusiyanın bir sıra strateji obyektləri, o cümlədən enerji obyektləri vurulub, artıq Rusiyada benzin qıtlığı var və Rusiya, neft və qaz ölkəsi, enerji resursları ixrac edən Rusiya Federasiyası bu gün xaricdən yanacaq almaq məcburiyyətində qalıb. Ölkədə yanacağa və yanacaq satışına limit qoyulub".


Siyasi şərhçi əlavə edib ki, düşünürəm ki, müəyyən mənada bu proseslərin bir müddət bu şəkildə davam etməsi mümkündür:


"Çünki baxın, artıq beşinci ildir ki, Rusiya–Ukrayna müharibəsi davam edir və bu prosesi elə birinci, ikinci və üçüncü illərdə edə bilərdilər, amma etmədilər. Niyə? Çünki burada Rusiyaya, belə deyim, cəza vermək lazım idi, İran mövzusu ilə bağlı. İndi İran mövzusu danışıqlar ərəfəsindədir.


Düşünürəm ki, ABŞ bu məsələ ilə bağlı Rusiyaya müəyyən mənada bir müddətlik münasibət ortaya qoyub. Əgər ABŞ bu gün, sabah və ya gələcəkdə Ukrayna mövzusuna yenidən geri çəkilərsə və Ukraynaya silahların verilməsi ilə yanaşı dəqiq kəşfiyyat məlumatlarının verilməsi dayandırılarsa, eyni zamanda silah və digər yardımlar kəsilərsə, o halda vəziyyət yenidən Rusiyanın xeyrinə dəyişəcək.


Hesab edirəm ki, səbəb budur və bu da qlobal proseslərlə bağlıdır. Düşünmürəm ki, bu proses uzun müddət davam edəcək. Əgər uzun müddət davam edərsə, o halda Rusiya iqtisadiyyatında ciddi problemlərin şahidi ola bilərik. İndi hakimiyyətin bəzi fikirləri var ki, Putin hakimiyyəti devriləcək. Mən düşünürəm ki, bu, Rusiyanın məğlubiyyətinə gətirib çıxarsa belə, Rusiyada hakimiyyətin devrilməsi məsələsi o qədər də real görünmür. Düzdür, siyasətdə heç bir şey tam mümkünsüz deyil, xüsusilə. Amma hər bir halda indiki mərhələdə bu proses o qədər də real görünmür".


Pərvin ŞAKIRQIZI