İranda ABŞ-a təzyiq vasitələrindən biri hesab edilən Hörmüz boğazının blokadası ətrafında ciddi fikir ayrılığı yaranıb. Bəzi ekspertlər xəbərdarlıq edirlər ki, boğazın uzun müddət bağlı saxlanılması artıq Vaşinqtondan çox İranın öz iqtisadiyyatına zərər vura bilər.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin “Maariv” nəşri yazır.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafa yaxın analitik Əli Gülhaki hesab edir ki, ABŞ Tehranın regiondakı üstünlüklərini tədricən zəiflədir. Onun fikrincə, İran yeni strategiya hazırlamasa, Vaşinqton Hörmüz boğazını Tehran üçün strateji təzyiq vasitəsi olmaqdan çıxara bilər.
Qalibaf özü də daha əvvəl boğazın İranın özünə qarşı işləyən amilə çevrilməməli olduğunu bildirib. Onun sözlərinə görə, Hörmüzün strateji əhəmiyyəti yalnız onun bağlanması imkanında deyil, buradakı aktiv gəmiçilikdədir.
İran daxilində bəzi ekspertlər də uzunmüddətli blokadanın ölkənin ixrac və idxalına zərbə vurduğunu, milli valyutanı zəiflətdiyini və iqtisadi itkiləri artırdığını bildirirlər. Onların fikrincə, boğazın bağlanması qısamüddətli təzyiq vasitəsi kimi effektli ola bilər, lakin uzun müddət davam etdikdə Tehranın özünə qarşı çevrilir.
Mühafizəkar düşərgə isə bu fikirlərlə razılaşmır. Şərhçi Alireza Tagavinia Hörmüzün strateji əhəmiyyətini itirməsi barədə iddiaları əsassız adlandırıb və belə müzakirələrin İranın danışıqlardakı mövqeyini zəiflədə biləcəyini bildirib.
Müzakirələr fonunda “Keyhan” qəzetinin redaktoru Hüseyn Şəriətmədari daha sərt təkliflə çıxış edib. O, İranın Fars körfəzi və Hörmüz boğazından keçən beynəlxalq sualtı kabelləri kəsməsini təklif edib.
Lakin bu ideya İran daxilində də tənqidlə qarşılanıb. Bildirilib ki, ölkənin bank sistemi, ticarəti, rabitəsi və rəqəmsal iqtisadiyyatı həmin infrastrukturdan asılı olduğundan belə addım ilk növbədə İranın özünə ciddi zərər vura bilər.