“Meta” şirkəti “WhatsApp Business” platformasında qiymət siyasətini dəyişir. Oktyabrın 1-dən etibarən “WhatsApp Business API” vasitəsilə müştərilərlə əlaqə saxlayan şirkətlər üçün yeni ödəniş qaydaları qüvvəyə minəcək.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, indiyədək müştəri şirkətə mesaj göndərdikdən sonra açılan 24 saatlıq xidmət pəncərəsi ərzində bizneslər əlavə ödəniş etmədən cavab yaza bilirdilər.
Yeni qaydalara əsasən isə şirkət tərəfindən göndərilən xidmət mesajları ayrıca hesablanacaq. Bununla belə, hər biznes telefon nömrəsi üçün ay ərzində ilk 1000 xidmət mesajı pulsuz qalacaq. Ödəniş 1001-ci mesajdan etibarən tətbiq ediləcək.
Mesajların qiyməti istifadəçinin yerləşdiyi ölkədən asılı olaraq dəyişəcək.
Dəyişiklik əsasən müştəri xidmətlərində çatbotlardan və avtomatlaşdırılmış mesaj sistemlərindən geniş istifadə edən iri şirkətlərin xərclərinə təsir göstərəcək. Müştərilərin şirkətlərə göndərdiyi mesajlar isə əvvəlki kimi pulsuz olacaq.
Yeni qaydalar adi “WhatsApp” istifadəçilərinə şamil edilmir. Kiçik bizneslərin istifadə etdiyi “WhatsApp Business” mobil tətbiqində də bu səbəbdən ayrıca mesaj haqqı tətbiq olunmayacaq. Dəyişiklik yalnız korporativ “WhatsApp Business Platform/API” üzərindən fəaliyyət göstərən şirkətlərə aiddir.