Səyahət artıq yalnız yeni bir məkana getmək deyil — fərqli mədəniyyətləri tanımaq, yerli həyatın ritmini hiss etmək, az tanınan ünvanları kəşf etmək və həmin təcrübəni başqaları ilə bölüşməkdir. Rəqəmsal platformalar isə bu təcrübəni daha əlçatan və ilhamverici formaya çevirib. Xüsusilə TikTok-da yaradılan dinamik və vizual səyahət məzmunları istifadəçilərə həm Azərbaycanın müxtəlif bölgələrini, həm də dünyanın fərqli nöqtələrini yeni baxış bucağından görmək imkanı verir.






27 sentyabr – Dünya Turizm Günü münasibətilə TikTok-da səyahəti özünəməxsus hekayələr, şəxsi təcrübələr və kəşflərlə təqdim edən dörd kreatorla tanış oluruq. Azərbaycanın gizli gözəlliklərindən xarici ölkələrin fərqli şəhərlərinə, spontan yol macəralarından onlarla ölkəni əhatə edən səyahət təcrübələrinə qədər onların məzmunu izləyicilərə yalnız yeni ünvanlar göstərmir, həm də növbəti səyahət üçün ilham verir.


Azərbaycanın gizli gözəlliklərini kəşf edən səyyah - @Amalie.Semedli


Bəzən maraqlı bir səyahət üçün ölkə sərhədlərini aşmağa ehtiyac yoxdur. Azərbaycanın elə guşələri var ki, hətta həmin ərazilərdə yaşayan insanlar belə onların tarixindən və mövcudluğundan xəbərsiz ola bilirlər. TikTok-da @amalie.semedli adı ilə tanınan bu gənc səyyah məhz belə ünvanların izinə düşür. O, Azərbaycanı qarış-qarış gəzərək az tanınan təbiət məkanlarını, tarixi yerləri və fərqli marşrutları kəşf edir, gördüklərini isə izləyiciləri ilə bölüşür.


Amalienin kontentini fərqləndirən cəhətlərdən biri səyahəti sadəcə məkan nümayişi ilə məhdudlaşdırmamasıdır. Onun videolarında kəşf hissi ilə yanaşı, macəra və spontan anlar da ön plandadır. Məsələn, zipline ilə yüksəklikdən süzülərkən mahnı oxuması adi bir səyahət anını əyləncəli və yadda qalan TikTok hekayəsinə çevirir. Belə məzmunlar izləyiciləri yalnız ekrandan baxmağa deyil, Azərbaycanın hələ tanımadıqları yerlərini özləri üçün kəşf etməyə də həvəsləndirir.


Bu gənc səyyah-kreator məzmunları ilə göstərir ki, bəzən ən maraqlı səyahət marşrutları düşündüyümüzdən daha yaxındadır — onları tapmaq üçün sadəcə maraq və kəşf həvəsi kifayətdir.


Hər səfərdə yeni bir hekayə - @Ulker.aze


TikTok-da @ulker.aze adı ilə tanınan Ülkərin səyahət məzmunları həm Azərbaycanın müxtəlif bölgələrini, həm də dünyanın fərqli şəhər və ölkələrini bir araya gətirir. Onun videolarında Qəbələ və Şəkinin tanış mənzərələrindən Çinin fərqli atmosferinə, İtaliyanın tarixi küçələrindən Dohanın müasir şəhər ritminə qədər müxtəlif istiqamətlər yer alır.


Ülkər getdiyi məkanları sadəcə göstərməklə kifayətlənmir, həmin yerlərin ab-havasını, maraqlı detallarını və şəxsi səyahət təəssüratlarını da izləyiciləri ilə bölüşür. Bu yanaşma onun TikTok səhifəsini fərqli istiqamətləri kəşf etmək istəyənlər üçün vizual səyahət gündəliyinə çevirir.


İstər Azərbaycanın bölgələrinə qısa səfər, istərsə də dünyanın başqa bir nöqtəsinə uzun yolçuluq olsun, @ulker.aze-nin məzmununda əsas xətt dəyişmir: yeni yerlər görmək, fərqli təcrübələr yaşamaq və həmin kəşf hissini izləyicilərlə bölüşmək.


47 ölkə, 4 qitə və saysız-hesabsız hekayə - @iftixarrasulov


Bəziləri üçün səyahət yeni ölkələr görməkdir, İftixar Rəsulov üçün isə hər yol ayrıca bir hekayədir. Səyahət kreatoru və rəqs müəllimi olan İftixar indiyədək 4 qitədə 47 ölkəni gəzib, saysız-hesabsız şəhərlə tanış olub. TikTok-da isə bu zəngin səyahət təcrübəsini izləyiciləri ilə bölüşərək onları dünyanın müxtəlif nöqtələrinə aparır.


Onun kontentində səyahət sadəcə məşhur turistik məkanların görüntülərindən ibarət deyil. Yeni şəhərlərin atmosferi, fərqli mədəniyyətlər, yolda qarşılaşdığı insanlar, macəralar və şəxsi təəssüratlar videolarının əsas xəttini təşkil edir. Rəqs müəllimi olması isə onun dünyaya baxışına ayrıca dinamika qatır: hərəkət, ritm və enerji səyahət məzmununda da hiss olunur.


47 ölkədən topladığı təcrübə İftixarın TikTok səhifəsini bir növ rəqəmsal səyahət gündəliyinə çevirir. Onun paylaşdığı hekayələr xatırladır ki, bəzən səyahətin ən maraqlı tərəfi getdiyin yer deyil, həmin yolu necə yaşadığındır.


Birlikdə kəşf edilən yollar - @RA_travellers


Bəzən ən yaddaqalan səyahətlər əvvəlcədən planlaşdırılanlardan yox, yolun özü ilə formalaşan macəralardan yaranır. TikTok-da @royalayshan adlı cütlük kreatorları da səyahət yanaşmasını da məhz bunun üzərində qurublar. “Ayaqlarımız bizi hara aparırsa, ora gedirik” prinsipi ilə onlar müxtəlif istiqamətləri birlikdə kəşf edir, yol boyu qarşılaşdıqları maraqlı məkanları və unudulmaz anları izləyiciləri ilə bölüşürlər.


Onların kontentində əsas diqqət yalnız gedilən ünvana deyil, həmin səfərin yaşatdığı hisslərə və təcrübələrə yönəlir. Yeni yerlər, spontan qərarlar, birgə macəralar və yol üzərində yaranan gözlənilməz anlar RA_travellers-in videolarına təbii və səmimi ab-hava qatır.


Bu kreatorlar səyahətin bəzən dəqiq marşrutdan çox, maraq hissi və kəşfə açıq olmaqla bağlı olduğunu göstərir. Çünki onlar üçün hər yeni yol birlikdə yazılan növbəti hekayədir.


Səyahət hər kəs üçün fərqli məna daşıyır: kimisi üçün yeni ölkələr görmək, kimisi üçün doğma məkanları yenidən kəşf etmək, kimisi üçün isə yol boyu yaranan xatirələri paylaşmaqdır. Dünya Turizm Günü bir daha xatırladır ki, kəşf etmək üçün həmişə uzağa getmək lazım deyil — yeni bir şəhər, tarixi məkan və ya az tanınan bir guşə növbəti unudulmaz hekayənin başlanğıcı ola bilər. TikTok isə bu hekayələri daha geniş auditoriyaya çatdıraraq yeni səyahətlər üçün ilham verir.