Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub və müxtəlif məsələlərlə bağlı mövqelər ifadə edilib.
İdarə Heyəti BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalda qalması ətrafında aparılan müzakirələrə münasibət bildirib. Qeyd olunub ki, bu hadisədən istifadə edilərək Azərbaycan dövlətinə və Azərbaycan-Türkiyə münasibətlərinə qarşı kampaniya aparılması yolverilməzdir. Bildirilib ki, bir azərbaycanlı diplomatın zalda qalması Azərbaycanın İsrailin Fələstin siyasətinə haqq qazandırması kimi təqdim edilə bilməz. Azərbaycan-Türkiyə münasibətlərinin sarsıdılmasına yönələn bu cür kampaniyaları tənqid edən İdarə Heyəti Azərbaycanın Fələstin məsələsində sülhün və iki dövlət prinsipi əsasında siyasi həllin tərəfdarı olduğunu bildirib.
Toplantıda son illər, xüsusilə Bakı şəhərində əcnəbi vətəndaşların daşınmaz əmlak əldə etməsinin artması da müzakirə olunub. Qeyd edilib ki, bu prosesin gələcək demoqrafik vəziyyətə mümkün təsirləri nəzərə alınmalı və hökumət tərəfindən bu sahədə müəyyən tənzimləyici siyasət həyata keçirilməlidir.
İdarə Heyəti Ermənistanda bəzi revanşist qüvvələrin, eləcə də xaricdəki erməni lobbisi ilə əlaqəli dairələrin Azərbaycana qarşı ərazi iddiaları səsləndirməsi və Qarabağ məsələsini yenidən gündəmə gətirmək cəhdləri ətrafında da müzakirələr aparıb. Bildirilib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi bölgədə sülhə və təhlükəsizliyə xidmət etmir. Bu cür cəhdləri qəbuledilməz hesab edən müzakirə iştirakçıları Ermənistanın rəsmi hakimiyyətinin məsələyə dair mövqeyinin nəzərə alınmasının və sülh prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
İdarə Heyəti Gürcüstan Patriarxının Azərbaycan ərazisində yerləşən kilsə ilə bağlı son açıqlamasını da müzakirə edib və bunu qətiyyətlə pisləyib. Bildirilib ki, Azərbaycana qarşı ərazi iddialarına yönəlik bu cür açıqlamalar Azərbaycan-Gürcüstan münasibətlərinə mənfi təsir göstərə bilər. İdarə Heyəti Gürcüstanın müvafiq dövlət qurumlarını belə hallara qarşı vaxtında və qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.
İdarə Heyətində ölkədə ərzaq və gündəlik tələbat məhsullarının qiymətlərində müşahidə olunan artımlarla bağlı da müzakirə aparılıb. Müzakirələrdə qeyd olunub ki, qiymət artımlarının iqtisadi əsaslarının olmadığı və bunun inhisarçılıq, korrupsiya və nəzarət mexanizmlərindəki problemlərlə bağlı olduğu bildirilib. Əhalinin sosial-iqtisadi vəziyyətinin həssas olduğu bir vaxtda süni qiymət artımlarının vətəndaşların maddi durumuna əlavə yük yaratdığını bildirən müzakirə iştirakçıları müvafiq dövlət qurumlarının bu sahədə qabaqlayıcı tədbirlər görməsinin vacibliyini qeyd ediblər.
İdarə Heyəti ABŞ-ın İrana qarşı sanksiyaları fonunda Azərbaycan hava məkanından sanksiyalardan yayınmaq məqsədilə istifadə ilə bağlı tətbiq olunan məhdudiyyətləri və bunun İranda yaratdığı narahatlıqları da müzakirə edib. Qeyd olunub ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar ilk növbədə milli və dövlətçilik maraqları, həmçinin ölkənin təhlükəsizliyi ilə bağlıdır. Vurğulanıb ki, bu addımlar İran dövlətinə və xalqına qarşı yönəlməyib və qarşı tərəfin məsələyə Azərbaycanın milli təhlükəsizlik və dövlət maraqları çərçivəsində yanaşması məqsədəuyğundur.
Toplantıda Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən son hadisələr də müzakirə olunub. Həm Rusiya, həm də Ukrayna tərəfindən problemin danışıqlar yolu ilə həllinə dair mövqelərin və təşəbbüslərin səsləndirilməsi müsbət hal kimi qiymətləndirilib. Bildirilib ki, region və bütövlükdə dünya təhlükəsizliyi üçün ciddi problemə çevrilmiş müharibənin mümkün qədər tez, sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında həll edilməsi vacibdir. Bu prosesdə Ukraynanın ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət edilməsinin zəruriliyi bir daha vurğulanıb.
İdarə Heyəti Azərbaycan mediasının tanınmış nümayəndəsi, jurnalist və publisist Əvəz Zeynallının bu gün vəfat etməsi xəbərindən dərin kədər hissi keçirdiyini bildirib. Uzun müddət onkoloji xəstəliklə mübarizə aparan Əvəz Zeynallının vəfatı ilə bağlı mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verilib, səbir dilənilib.