Rusiya ordusunun Ukraynada quru cəbhəsində irəliləyişinin məhdud olması Kremlin hücum prioritetlərini dəyişməsinə səbəb olub. Moskvanın payız və qış aylarında uzaqmənzilli raket və dron hücumlarına daha çox diqqət yetirəcəyi bildirilir.
Moderator.az ISW-nin analitik hesabatına istinadla xəbər verir ki, ekspertlərin fikrincə, cəbhə xəttində sürətli nəticələrin əldə olunmaması Rusiya rəhbərliyini alternativ hücum vasitələrinə yönəldib.
Hesabata görə, Rusiya ballistik raketlər və reaktiv mühərrikli dronlardan istifadə etməklə Ukraynanın şəhərlərinə qarşı genişmiqyaslı hücumlar həyata keçirməyə çalışır. Ukrayna rəsmilərinin məlumatına əsasən, reaktiv dronların və digər zərbə vasitələrinin istehsalına milyardlarla dollar sərmayə qoyulması planlaşdırılır.
ISW həmçinin qeyd edir ki, bu strategiyanın müəyyən iqtisadi məhdudiyyətləri var. Bahalı raket və zərbə vasitələrinin istehsalı və istifadəsinin artırılması Rusiya iqtisadiyyatına əlavə yük yaradır. Hücumların nəticəsi isə böyük ölçüdə Ukraynanın hava hücumundan müdafiə imkanlarından asılı olacaq.
Ukrayna da Rusiyanın hava hücumlarına qarşı yeni vasitələr hazırlayır. Ölkədə düşmən dronlarını havada məhv etmək üçün tutucu dronların sınaqları və istehsalı genişləndirilir.
ISW-nin qiymətləndirməsinə görə, bu texnologiyaların geniş tətbiqi Rusiya ordusunun yüksək sürətli dronlardan istifadə etdiyi hücumların qarşısının alınmasında mühüm rol oynaya bilər.