ABŞ administrasiyasının nümayəndələri Dubaydan Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarənin göyərtəsində baş verən insidentin hallarının araşdırılması ilə bağlı xarici həmkarları ilə sıx koordinasiya aparırlar.


Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin ədliyyə naziri, baş prokuroru Todd Blanş mətbuat konfransında deyib.






"Bu, çox yaxınlarda baş verib. Hazırda İsraildə və digər yerlərdə araşdırma davam edir. Biz xarici həmkarlarımızla sıx şəkildə koordinasiya edirik və bunu davam etdirəcəyik", - deyə o, "Flydubai" reysi ilə bağlı insidentə dair suala cavab verərkən bildirib.


Bununla yanaşı, ABŞ Ədliyyə Nazirliyinin rəhbəri əlavə məlumatının olmadığını qeyd edib.


ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin isə bildirib ki, Vaşinqton administrasiyasının ABŞ ərazisində sözügedən insidentlə əlaqəli hər hansı təhdid barədə məlumatı yoxdur. O, təfərrüatın araşdırıldığını və məlumatların "tezliklə, uyğun zamanda dərc olunacağına" əminliyini ifadə edib.